EN

Prezident İlham Əliyevin Vaşinqtona səfəri Rusiya mediasında - FOTO

Rusiyanın aparıcı mətbuat orqanları Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Ağ evdə Azərbaycanla Ermənistan arasında sənədlərin imzalanmasının planlaşdırıldığı barədə materiallar dərc edib.

Moderator.az xəbər verir ki, TASS-ın məlumatına görə, avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında sənədin imzalanması mərasimi keçiriləcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində məlumat verib və görüşdə hər iki ölkə ilə ikitərəfli iqtisadi sazişlərin də imzalanacağını qeyd edib.

“Lenta.ru” ABŞ dövlət katibi Marko Rubionun bəyanatına istinadla xəbər verir ki, o, sazişin imzalanmasının Azərbaycan və Ermənistan arasında rəsmi sülh müqaviləsinin başlanğıcı olacağını bildirib. Onun sözlərinə görə, ABŞ bu addımı xarici siyasət strategiyasının mühüm elementi kimi təmin etməyə çalışır.

“Moskovski Komsomolets” Trampın razılaşmanı tarixi nailiyyət adlandırdığını vurğulayır. ABŞ lideri siyasi iradələrinə görə İlham Əliyevə və Nikol Paşinyana təşəkkürünü bildirib və əlavə edib ki, Cənubi Qafqazla qarşılıqlı fəaliyyət region üçün yeni iqtisadi modelin əsasına çevriləcək.

“Gazeta.ru” qeyd edir ki, ABŞ Azərbaycan və Ermənistanla nəqliyyat layihələrinin həyata keçirilməsində əməkdaşlığa dair ikitərəfli sazişlər imzalayacaq. Söhbət Ermənistan ərazisindən keçən və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək tranzit dəhlizindən gedir.

“Vestnik Kavkaza” münaqişənin həllini asanlaşdırmaq üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müzakirə olunan qərara diqqət yetirir. Nəşr qeyd edir ki, Ermənistan ABŞ-la imzalanmış geniş razılaşma çərçivəsində bu addıma razılıq verib və bu, iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin mətninin paraflanmasını da ehtiva edir.

“Kommersant” Trampa istinadla yazır ki, onun administrasiyası uzun müddətdir Bakı və İrəvanla danışıqlar aparırdı. Onun sözlərinə görə, əldə olunan razılaşmalar ABŞ diplomatiyasının uğurunun və Cənubi Qafqazda davamlı sülh istəyinin sübutudur.

“Vedomosti” xəbər verir ki, imzalanan sazişin əsas elementi Ermənistan ərazisindən keçəcək TRIPP (Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu) işçi adı altında nəqliyyat dəhlizinin yaradılması olacaq. İnfrastruktur layihəsini Amerika konsorsiumu həyata keçirəcək və yurisdiksiya Ermənistanda qalacaq.

“Islam news” Ağ evdə keçiriləcək mərasimi tarixi sülh sammiti adlandırır və Donald Trampın fikrincə, Cənubi Qafqaz regionunda əməkdaşlıq və iqtisadi artımın yeni dövrünü açacaq sazişin imzalanmasında ABŞ-ın vasitəçi rolunu vurğulayır.

Chosen
32
3
moderator.az

4Sources