Ajans.az xəbər verir ki, Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində dünyaya gəlib.Onun ailəsi 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. Daha sonra 1996-cı ildə isə Rusiyaya köçüblər və bir müddət Volqoqrad vilayətində bir müddət yaşayıblar.Hökumə ilk təhsilini də orada alıb. Belə ki, 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində oxuyub. Lakin daha sonra ailəsi Gəncəyə köçən Hökumə təhsilinə burada davam etdirib. O, Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.H.Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib. Atası Cəlil Əliyevin sözlərinə görə bu onun doktoranturasının son ili idi. 2016-cı ildən etibarən “Azərbaycan Hava Yolları”nda əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa kimi işləməyə başlayıb. Atası bildirib ki, qızı məlum uçuşdan sonra bu uçuşdan sonra hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi. Evli idi, övladı yox idi. Qeyd edək ki, 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “J2–8243” nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Embraer E190AR” təyyarəsi Rusiyanın vurması nəticəsində Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Faciə zamanı 38 nəfər dünyasını dəyişib. Hadisə zamanı ölənlərdən biri də təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökumə Əliyeva idi. O, təyyarə yerə çırpılan ana qədər sərnişinləri sakitləşdirməyə və panika yaşanmamasına çalışırdı. Onun son anlarda belə “Hər şey yaxşı olacaq!” sözü ilə insanlara ümid verməsi yaddaşlarda qaldı. Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. O, eyni gündə Prezident tərəfindən “Qızıl Ulduz” medalı ilə də təltif olunub. Hökumə Əliyevanın göstərdiyi şücaətə görə adı əbədiləşdirilib. Belə ki, Polşada qəhrəmanımızın adına təqaüd proqramı da təsis edilib.Qazaxıstanda isə istehsal olunan zirehli hərbi ambulansa onun adı verilib. Bundan başqa, rejissor və ssenarist Ziya Şıxlinski 2025-ci ildə Hökumə Əliyevanın həyatından bəhs edən “Hökumə - kədərim mənim” adlı qısametrajlı sənədli filmini çəkib. Hökumə Əliyevanın əmək fəaliyyəti ilə bağlı əşyaları isə Milli Azərbaycan Tarix Muzeyinə verilib.2025-ci lin avqustundan etibarən digər materiallar ailəsinin evinin həyətində təşkil olunan ev-muzeyində sərgilənir.