EN

Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilə - DEPUTAT



ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ evdə görüşəcək. Trampın “tarixi Sülh Sammiti” adlandırdığı bu tədbir, yalnız davamlı sülhün əldə edilməsi məqsədini daşımır, həm də bölgənin gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasını formalaşdıracaq bir mərhələ kimi qiymətləndirilə bilər. Bu xüsusda, ilk növbədə, Azərbaycan və ABŞ prezidentlərinin görüşünə diqqət çəkmək istəyirəm. Qənaətimə görə, İlham Əliyev-Donald Tramp görüşü təkcə iki liderin siyasi dialoqu deyil, həm də Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. 2025-ci ilin yanvarından etibarən ABŞ Prezidenti postuna qayıdan Donald Tramp artıq ilk aylarından etibarən xarici siyasətində daha praqmatik və nəticəyönlü yanaşma sərgiləyir. Bu yanaşmanın əsas hədəflərindən biri də uzun illərdir münaqişə və qarşıdurma ilə yadda qalan regionlarda dayanıqlı sabitliyin təmin olunmasıdır. Cənubi Qafqaz isə bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri mətbata açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ağ evə dəvəti və burada həm ikitərəfli, həm də Ermənistanın baş naziri ilə birlikdə üçtərəfli formatda danışıqlar aparılması, əslində, Vaşinqtonun regiona baxışının dəyişdiyini göstərir: “Əgər əvvəlki administrasiyalar əsasən siyasi bəyanatlar verməklə və protokol görüşləri ilə məhdudlaşdırırdılarsa, Tramp rəhbərliyi bu prosesi konkret nəticəyə yönəltmək istəyir. Onun sosial şəbəkədə verdiyi bəyanat da təsadüfi deyil: ABŞ Prezidenti açıq şəkildə həm sülh sazişinin, həm də iqtisadi əməkdaşlıqla bağlı sənədlərin imzalanacağına işarə edir. Bu, diplomatik dillə desək, danışıqların artıq final mərhələsinə çatdığını göstərir.

Azərbaycan-ABŞ ikitərəfli sənədinin məzmunu barədə rəsmi açıqlamalar olmasa da, gözləntilər kifayət qədər aydındır. Burada enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya dəhlizləri, investisiya təşviqi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq və müdafiə sənayesində əlaqələrin dərinləşdirilməsi kimi istiqamətlər üstünlük təşkil edə bilər. Xüsusilə, Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş kimi tanıyan ABŞ üçün Bakı ilə strateji münasibətlərin möhkəmləndirilməsi qlobal geosiyasi balans baxımından önəmlidir. Bu sənəd, həmçinin Azərbaycan iqtisadiyyatına yeni Amerika sərmayələrinin cəlb olunması və texnoloji transfer imkanlarının genişlənməsi üçün hüquqi baza yarada bilər”.

Milli Məclisin deputatı qeyd edib ki, görüşün digər mühüm istiqaməti isə Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasıdır. Mövcud məlumatlara görə, imzalanacaq sənəd bir neçə variantdan biri ola bilər: ya razılaşdırılmış sülh müqaviləsinin mətni paraflanacaq, ya da niyyət protokolu imzalanacaq ki, bu da yaxın aylarda müqavilənin tam imzalanmasına zəmin yaradacaq. Daha az ehtimal olunan, amma istisna edilməyən variant isə sülh müqaviləsinin birbaşa imzalanmasıdır. Hər üç halda Azərbaycanın bu prosesdəki mövqeyi prinsipialdır: ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin tanınması danışıqların əsasında dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət bu prinsiplərin heç bir güzəştə getmədən reallaşdırılmasını təmin etməyə yönəlib və nəticə göz qabağındadır.

“Tarixi reallıq ondan ibarətdir ki, Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra regionda tamamilə yeni geosiyasi düzən formalaşdırıb. Məhz bu reallıq sülh prosesini mümkün edib və indi Vaşinqton görüşü həmin prosesin beynəlxalq legitimləşməsi istiqamətində mühüm addım ola bilər. Tramp administrasiyasının təşəbbüsü ilə keçirilən bu sammit həm də ABŞ-ın Cənubi Qafqazda yeni diplomatik fəallığının göstəricisidir. Bu fəallıqdan Azərbaycanın qazancları yalnız siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik müstəvisində olacaq.

Əgər Ağ evdə imzalanacaq sənədlər gözlənilən məzmunu əks etdirərsə, Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sabitliyin əsasını qoyacaq, digər tərəfdən isə ABŞ-la strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldəcək. Bu isə təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir. Beləliklə, Vaşinqtondakı bu tarixi gün Azərbaycanın son onilliklərdə qazandığı ən mühüm diplomatik uğurlardan biri kimi tarixə düşə bilər”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, digər tərəfdən, Azərbaycanla ABŞ arasında imzalanması gözlənilən sənədin məzmunu ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar və diplomatik dairələrdə dolaşan ehtimallar onu göstərir ki, bu razılaşma enerji, nəqliyyat, logistika, investisiya və innovasiya kimi sahələri əhatə edə bilər. Xüsusilə də Cənubi Qafqazı qlobal ticarət marşrutlarına daha sıx inteqrasiya edəcək “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı yeni nəqliyyat dəhlizi konsepsiyası diqqət çəkir. Bakıdan Naxçıvana, oradan isə Türkiyə üzərindən Avropaya uzanacaq bu marşrut yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm təsir gücünə malik ola bilər. ABŞ-la imzalanacaq sənəd, həmçinin Amerikanın enerji şirkətləri üçün Xəzər hövzəsində və Azərbaycanın bərpaolunan enerji sektorunda geniş imkanlar açacaq. Bu, Azərbaycanın enerji ixracatçısı kimi rolunu gücləndirməklə yanaşı, ölkənin beynəlxalq investisiya reytinqinə də müsbət təsir göstərə bilər.

“Bu prosesdə Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. 2020-ci ilin Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Bakı, bölgədə sülhün yalnız güc balansı və beynəlxalq hüququn prinsipləri əsasında təmin edilə biləcəyini sübut etdi. Azərbaycan tərəfi, həm Moskva, həm Brüssel, həm də indi Vaşinqton formatlarında aparılan danışıqlarda öz mövqeyində ardıcıl və prinsipial davranaraq, sülh gündəliyini real məzmunla doldurmaq bacarığını nümayiş etdirdi. İllərlə beynəlxalq vasitəçilərin nəticəsiz qalan təşəbbüslərindən fərqli olaraq, bu dəfə Bakı, həm sahədə yaratdığı təhlükəsizlik reallığı, həm də diplomatik çevikliyi ilə prosesin hərəkətverici qüvvəsinə çevrildi. İlham Əliyevin regional nəqliyyat-kommunikasiya xəritəsini yenidən dizayn edən təşəbbüsləri, Azərbaycanın yalnız sülh axtaran tərəf deyil, həm də bölgənin gələcək inkişaf modelini formalaşdıran lider olduğunu göstərir.

Vaşinqton görüşünün uğurla nəticələnməsi, Cənubi Qafqaz üçün yeni siyasi səhifənin açılması deməkdir. Bu, Ermənistan üçün də tarixi şansdır. ABŞ Prezidentinin təşəbbüsü ilə atılacaq bu addım, həm Qərbin bölgədəki nüfuzunu möhkəmləndirəcək, həm də Azərbaycan-ABŞ strateji tərəfdaşlığını yeni mərhələyə daşıyacaq. Ən əsası isə bu proses sülhün yalnız diplomatik sənədlərdə deyil, xalqların yaddaşında və gündəlik həyatında reallığa çevrilməsi üçün tarixi imkan yaradır”, - deyə Elçin Mirzəbəyli bildirib.



Chosen
17
3
aia.az

4Sources