EN

Yeni Əsrin müqaviləsi imzalanır: Əliyevin planı artıq işə düşüb - MÜSAHİBƏ

BAKI, 8 avqust. TELEQRAF

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri, gözlənilən görüşlər və əldə ediləcək razılaşmalar Cənubi Qafqazda yeni bir dövrün başlanğıcı kimi xarakterizə edilir. Bu tarixi əhəmiyyətli addımların mahiyyətini necə şərh edərdiniz?

- 1994-cü ildə ulu öndər Heydər Əliyev qeyri-mümkünü mümkün etdi; dünyanın aparıcı neft və qaz hasilatı şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” ilə o, ölkəmizin çiçəklənməsi üçün bütün zəruri şəraiti yaratdı və eyni zamanda Cənubi Qafqazın qapılarını Qərbə geniş şəkildə açdı. Bu müqavilə vasitəsilə Qərb Azərbaycanın suverenliyinə və müstəqilliyinə əsaslanan genişmiqyaslı geosiyasi və iqtisadi sabitlik zəmanətləri verdi.

Həmin tarixi anın imzaçıları olan ABŞ, Avropa və dünyanın digər aparıcı dövlətləri Cənubi Qafqazla bağlı strateji planlarını Azərbaycanla və onun milli maraqları ilə uzlaşdırmağa başladılar. Azərbaycanın prioritetləri isə hər zaman suverenlik və müstəqillik olub. Ulu öndər Heydər Əliyevin bu dahiyanə planı bugünkü Azərbaycanı yaratmağa, qalib dövlətə çevrilməyə, ölkəmizdə separatizmə son qoymağa və suverenliyimizi tam bərpa etməyə imkan verdi.

1994-cü ildən bu günə artıq 31 il keçib və Əsrin müqaviləsi öz əvəzolunmaz missiyasını yerinə yetirərək, tariximizin qürurverici səhifəsinə çevrilib. Biz bu tarixlə fəxr edirik və əminik ki, gələcək nəsillər də onunla fəxr edəcəklər. Lakin tarixi bir sənədə çevrilmiş Əsrin müqaviləsi, eyni zamanda onunla birlikdə gətirdiyi zəmanətləri də “yaşlandırdı”. Bu, yalnız zamanın keçməsi ilə deyil, ətrafımızdakı dünyanın köklü şəkildə dəyişməsi ilə bağlıdır.

İkinci Dünya Müharibəsindən sonra qurulmuş beynəlxalq təhlükəsizlik arxitekturası və Sovet İttifaqının dağılmasından sonra müstəqil dövlətlərin imzaladığı razılaşmalar artıq işləmir, demək olar ki, dağılmış vəziyyətdədir. Bu isə yeni bir geosiyasi reallıq yaradıb: beynəlxalq hüququn yerini güc hüququ alıb. Lakin digərlərindən fərqli olaraq, biz müasir tarixin bu çətin dövrünə hazırlıqlı şəkildə yanaşdıq. Bu 30 il ərzində çox şeyə nail olduq. Azərbaycan gücləndi, Zəfər qazandı, yeni regional reallıq yaratdı, Türkiyə ilə birlikdə Şuşa Bəyannaməsini imzaladı ki, bu da regional təhlükəsizlik məsələlərini həll etməyə yönəlmişdi.

Amma bu addımlar kifayət etmədi. Azərbaycanın arzuladığı dünya qlobal çağırışlar qarşısında yetərincə dayanıqlı deyildi.

- II Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığa qarşı çıxanların məqsədi nə idi?

- Azərbaycanın yüksəlişi, iqtisadi inkişafı, siyasi nüfuzu və coğrafi əhəmiyyəti bəzi dairələrdə narahatlıq yaratdı. Bu düşmən qüvvələr bizə qarşı yeni savaşa - informasiya müharibəsinə start verdilər. Azərbaycanın imicini ləkələməyə çalışan bu qüvvələr revanş istəyən separatçılarla, aparıcı paytaxtlarda yaşayan erməni diasporu, öz neokolonial maraqlarını güdən fransız siyasətçiləri ilə Avropanın solçu təşkilatlarında toplanmış, türklüyə və islama qarşı nifrət dolu olan islamofoblarla konsolidasiya olunmuş cəbhə yaratdılar.

Satılmış siyasətçilər və QHT-lər, korrupsiyalaşmış media və jurnalistlər, Soros və artıq mövcud olmayan USAID tərəfindən dəstəklənən “insan haqları” təşkilatları bir araya gələrək elə bir təzyiq cəbhəsi yaratdılar ki, ona qarşı durmaq qeyri-mümkün görünürdü. Avropa Şurası və Avropa Parlamenti də bu kampaniyaya qoşulduqda, bu prosesin Bayden (ABŞ-nin sabiq prezidenti Cozef Bayden) administrasiyası tərəfindən koordinasiya olunduğuna dair heç bir şübhə qalmadı.

Bu gün, bütün bunlar arxada qaldıqdan sonra, Prezident İlham Əliyevin həm hərb meydanında, həm də informasiya cəbhəsində göstərdiyi sərkərdəlik məharətinə bir daha heyran olmamaq mümkün deyil. Onun ağıllı, cəsarətli siyəsətini rəhbər tutaraq biz Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimizi etiraz olaraq dayandırdıq, rüşvətə bulaşmış Avropa Parlamenti deputatlarını ifşa etdik, daxili işlərimizə müdaxilə cəhdlərinə sərt reaksiyalar verdik, xarici siyasət prioritetlərimizi dəyişərək Şərqə, türk və islam dünyasına yönəltdik, Qoşulmama Hərəkatında fəal iştirak etməyə başladıq.

- Sülh və təhlükəsizlik üçün beynəlxalq zəmanət nədən ibarət ola bilər?

- Bütün bunlar bizə yalnız müqavimət göstərməyə deyil, Azərbaycan xalqının iradəsini, onun azad və müstəqil yaşamaq istəyini nümayiş etdirməyə imkan verdi. Məhz onun siyasəti nəticəsində Azərbaycanın mövqeyi nəzərə alınmağa, təhlıl edılməyə başladı. Bu müsbət irəliləyışlər hələ də qeyri-sabit idi. Təbii ki, Türkiyə, Pakistan, İsrail ilə əlaqələrimiz, xüsusilə Şuşa Bəyannaməsi bizə təhlükəsizlik zəmanətləri verirdi, lakin bunlar kifayət deyildi.

Ukrayna ətrafında baş verən hadisələr, Rusiyanın bizə münasibətindəki dəyişikliklər, Yaxın Şərqdəki vəziyyət göstərdi ki, yalnız regional səviyyədə imzalanmış razılaşmalar təcavüzə məruz qala bilərlər. Bu gün qlobal zəmanətlərə malik olmaq üçün supergüc səviyyəsində əməkdaşlığa ehtiyac var. Prezident İlham Əliyev bunu dəqiq anlayaraq, elə bir addım atdı ki, onun tarixi əhəmiyyəti və perspektivi 1994-cü ilin Əsrin müqaviləsi ilə eyni səviyyədə qiymətləndirilə bilər. Bu, artıq XXI əsrin faktıdır, Yedni Əsrin müqaviləsidir.

İndi ölkədə 1994-cü ildən bəri yaradılan bütün enerji layihələri və logistik marşrutlar ikinci nəfəs almır, eyni zamanda konkret iqtisadi və siyasi toxunulmazlıq zəmanəti qazanır. Bölgədə boşluq yaranacağı ümidi ilə planlar quranlar anlamalıdırlar ki, o qatar artıq gedib və bir daha qayıtmayacaq.

- Əldə ediləcək sülh müqaviləsinin ölkəmiz və regiona üçün yaradacağı yeni reallıqlar nədən ibarətdir?

- Rusiya-Ukrayna və İran-İsrail müharibəsi fonunda Cənubi Qafqazın geosiyasi və iqtisadi dəyəri daha da artdı. Əldə ediləcək yeni müqavilə sayəsində region ABŞ-nin strateji maraqları zonasına daxil olur. Başqa sözlə, ABŞ bundan sonra Mərkəzi Dəhlizi - ticarət, enerji, qaz, elektrik enerjisi və optik-lifin Avropaya daşınmasını öz strateji planlarına daxil edir.

Bu sənədlərin Vaşinqtonda imzalanmasından əvvəl belə artıq proses başlamışdı. ExxonMobil Xəzərdə yeni neft və qaz yataqlarının işlənməsi üzrə müqavilə imzaladı, Tramp “907-ci” düzəlişin dayandırılması məsələsini gündəmə gətirir, Minsk Qrupu isə buraxılacaq.

Əsrin Müqaviləsi – Prezident Əliyevin yeni, dahiyanə planı artıq işə düşüb.

Chosen
5
1
teleqraf.com

2Sources