EN

Tramp Azərbaycana qarşı qoyulmuş 907-ci düzəlişi ləğv etdi...


Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri böyük tarixi hadisə olmaqla yanaşı, həm də ölkəmiz və region üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin ABŞ-da səfərdə olduğu bir vaxtda, məlumatlara görə, ABŞ prezidenti Donald Tramp ədalətsiz 907-ci düzəlişi ləğv etdi.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp 1992-ci ildə qəbul edilmiş və Azərbaycana dövlət yardımını məhdudlaşdıran “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması barədə qərar imzalayıb.

Bu mühüm sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı – avqustun 8-də rəsmiləşdirilib.

Məlum olduğu kimi, ABŞ Konqresi 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda, rəsmi Bakının guya İrəvana “blokada” tətbiq etdiyi iddiası ilə Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etmişdi.

Sonrakı illərdə bir sıra ABŞ prezidentləri bu düzəlişin icrasını müvəqqəti olaraq dayandırsa da, Co Bayden administrasiyası onu yenidən gündəmə gətirərək Azərbaycana siyasi təzyiq vasitəsinə çevirməyə çalışmışdı.

Mətin Məmmədli: "Trampın belə bir sənədi imzalaması iki ölkə arasında münasibətlərə ciddi surətdə müsbət təsir göstərəcək"

ABŞ Prezidenti Donald Trampın bu qərarını müsbət dəyərləndirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli "Bakı-Xəbər"ə bildirdi ki, belə bir mühüm hadisənin Azərbaycan Prezidentinin ABŞ-da səfərdə olduğu vaxtda baş verməsi Azərbaycan və ABŞ liderləri arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisi sayılır, eyni zamanda da ədalətsizliyin aradan qaldırılmasına xidmət edir. "Mediada yayılan məlumatlardan aydın olur ki, avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin də iştirak etdiyi görüşdə imzalanan sənədlər arasında 907-ci düzəlişin icrasının dayandırılması da var. Burda kiçik bir düzəliş etmək istəyirəm ki, söhbət 907-ci düzəlişin tamamilə ləğvindən deyil, onun icrasının dayandırılmasından gedir. 907-ci düzəlişi ABŞ Konqresi qəbul edib, onun ləğvini də Amerika Konqresi həyata keçirməlidir. Yəni həmin düzəlişi yalnız ABŞ konqresi özü aradan qaldıra bilər. Bu da kifayət qədər mürəkkəb bir prosedurdur".

M.Məmmədli qeyd etdi ki, əvvəllər də ABŞ prezidentləri, xüsusilə də 2001-ci ildə ABŞ prezidenti olmuş Corc Buş Əfqanıstanda antiterror əməliyyatlarına başladıqdan sonra Azərbaycanın rolunun, dəstəyinin əhəmiyyətini anlayaraq həmin düzəlişin icrasını müvəqqəti dayandırmaqla bağlı qərar imzaladı: "Ondan sonra digər ABŞ prezidentləri də həmin düzəlişin icrasını hər il müvəqqəti olaraq dayandırdı. Ancaq təəssüflər olsun ki, Bayden dövründə həmin ədalətsiz düzəliş yenidən ölkəmizə qarşı tətbiq olunmağa başladı. Onun da məqsədi, təbii ki, ölkəmizə qarşı təzyiqləri gücləndirməklə bağlı idi. Bayden administrasiyasının qərarıiki ölkə arasında münasibətlərə kifayət qədər öz mənfi təsirini göstərdi.

Tarixə qısa ekskursiya etmək istərdim, Amerika Konqresi tərəfindən belə bir düzəlişin qəbul edilməsi tamamilə ədalətsiz bir qərar vəqərəzli yanaşma idi. 1992-ci ildə bu düzəliş qəbul edilərkən Azərbaycan torpaqları işğal olunurdu, eyni zamanda Azərbaycan xalqı etnik soyqırıma, təmizləməyə məruz qalırdı. Amma bununla bərabər işğalı, soyqırımı həyata keçirən Ermənistana deyil, Azərbaycana qarşı belə bir ədalətsiz qərar qəbul olundu. Bu qərar da, yəni 907-ci düzəliş də, hər halda şahidi olduq ki, son 30 ildən artıq dövr ərzində iki ölkə arasında münasibətlərə kifayət qədər mənfi təsir göstərdi.

Trampın belə bir sənədi imzalaması iki ölkə arasında münasibətlərə ciddi surətdə müsbət təsir göstərəcək.

Ümumiyyətlə, imzalana(n)caq sənədlər haqqında mediada müəyyən informasiyalar yayılır. Bizhəmin sənədlərin imzalanmasının şahidi oluruq. ABŞ-la Azərbaycan, eyni zamanda Azərbaycanla Ermənistan liderləri arasında imzalana(n)caq sənədlər çox mühüm tarixi əhəmiyyət daşıyır. Həm sülhlə, həm regionda kommunikasiyaların açılması, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı imzalanacaq sənədlər, hesab edirəm ki, regionda mühüm siyasi dəyişiklikləri özündə ehtiva etməklə bərabər, həm də Azərbaycan-ABŞ münasibətlərinin yeni bir mərhələyə daxil olduğunun təsdiqi olacaq".

İradə SARIYEVA

Chosen
17
baki-xeber.com

1Sources