EN

"Tramp və Putin arasında "ərazi ticarət" ehtimalı" - "Newsweek"

"Sülh yalnız tam atəşkəsdən sonra mümkündür..."

Dünya Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında baş tuta biləcək görüşün nəticələrini gözləyir. Havanı gərginlik bürüyüb - söhbət Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirakı ilə üçtərəfli sammit ehtimalından gedir.

Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.

Nəşr ddia edir ki, tərəflər "ərazi mübadiləsi" ideyasını müzakirə edə bilər və bununla bağlı ehtimal olunan ssenarini əks etdirən xəritə yayıb.

Mümkün ssenarilər və Kremlin tələbləri

"Bloomberg" nəşrinin məlumatına görə, Tramp yaxın ətrafına bildirib ki, əgər Putin sülh danışıqlarına razılıq versə, o, atəşkəs təşəbbüsünü dəstəkləyə bilər. Bu zaman ərazi güzəştləri də müzakirə mövzusu ola bilər. İddialara görə, ABŞ əvvəlcə Rusiyanın Krım, eləcə də qismən işğal olunmuş Donbas, Xerson və Zaporojye üzərində nəzarətini tanıma variantını təklif edib, lakin Kiyev bunu dərhal rədd edib.

"Newsweek"in təqdim etdiyi ssenaridə Kreml aşağıdakı istiqamətlərdə üstünlük qazanmağa çalışa bilər:

- Ukraynanın şərqində, xüsusilə Luqansk vilayətinin tam işğalı və Xarkov vilayətinin şimalında "təhlükəsizlik buferi"nin yaradılması.

- 2022-ci ildə tammiqyaslı müharibə zamanı işğal edilmiş Xerson və Zaporojye bölgələrinin razılaşmada Rusiyaya verilməsi.

- Krımın qaytarılması Kiyevin əsas tələbi olsa da, Kreml yarımadanı müzakirə mövzusu etməyə hazır deyil.

- Sumi vilayəti ilə sərhəd bölgələrində həm Ukrayna, həm də Rusiya tərəfdən nəzarət qeyri-sabit qalır.

Kiyevin mövqeyi dəyişmir

CEPA analitik mərkəzinin eksperti Elina Beketova xatırladır ki, Ukraynanın mövqeyi Konstitusiyada təsbit olunub - dövlətçilik və ərazi bütövlüyü toxunulmazdır. Prezident Zelenski dəfələrlə bəyan edib: tam və şərtsiz atəşkəs olmadan heç bir ərazi güzəşti müzakirə predmeti deyil.

Rusiya 2014-cü ildə Krımı ilhaq edib, 2022-ci ildən sonra isə Xerson, Donetsk, Luqansk və Zaporojye vilayətlərinin bir hissəsini işğal altına alıb. Moskva bu əraziləri "birləşdirdiyini" elan etsə də, onları tam nəzarətdə saxlaya bilmir.

Kiyev atəşkəsə yalnız mövcud cəbhə xətti üzrə razı ola bilər, amma bu, heç bir halda Rusiyanın işğal olunmuş ərazilərinə beynəlxalq legitimlik qazandırmamalıdır. Zelenski artıq etiraf edib ki, bəzi torpaqları hərbi yolla azad etmək mümkün deyil və diplomatik həll yolları axtarılmalıdır.

Chosen
27
moderator.az

1Sources