Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli Prezident İlham Əliyevin ABŞ səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu tarixi səfərin adı "Qalib Prezidentin səfəri"dir:
"Səfər eyni zamanda ABŞ üçün də yeni mərhələnin başlanğıcını ifadə edir. Bu, həmçinin qlobal nizam quruculuğunda mühüm bir mərhələni təmsil edir. Bu da bir tərəfdən Sovetlər İttifaqının dağılmasının Qarabağdan başlaması ilə paralel şəkildə, müasir hüquq sisteminin və yeni dünya düzəninin də məhz Qarabağdan formalaşması ilə əlaqəlidir. Azərbaycan Prezidenti İlham Əliyevin qalibiyyətlə başa çatdırdığı proses beynəlxalq hüququn güc diplomatiyası vasitəsilə tətbiqinə nümunə oldu. Alternativ yolların nəticə vermədiyi bir dünyada, Azərbaycanın təcrübəsi geniş şəkildə qəbul olundu və örnək göstərildi. Bu gün Prezident İlham Əliyevin sülh təşəbbüsləri, əvvəllər Ermənistanı sülhə məcbur etməyə yönəlmiş hərbi-siyasi yanaşmadan fərqli olaraq, daha praqmatik və konstruktiv çərçivədə təqdim olunur. Bu yanaşma, açıq şəkildə ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənib. Bu baxımdan səfər strateji əhəmiyyət daşıyır və regionda yeni nizamın qurulmasına yönəlmiş proseslərin əsas tərkib hissəsidir".
Ə.Əlibəyli qeyd edib ki, səfərlə bağlı digər maraqlı məqamlar da var:
"907-ci düzəlişin icra mexanizminin bloklanması, eləcə də Cənubi Qafqazda ABŞ ilə müttəfiqlik formatında əməkdaşlıq Azərbaycanın daxili və xarici siyasətinə ciddi təsir göstərəcək. Eyni zamanda, bu proses iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinə dair yeni bir müqavilənin imzalanmasına gətirib çıxara bilər. ABŞ Prezidentinin mövqeyi müharibəyə alternativ yanaşmaya əsaslanır. Burada əsasən ticarət siyasətinin və nəqliyyat yollarının reallaşdırılmasından söhbət gedir. Azərbaycan tərəfinin praqmatik mövqeyi və Prezident İlham Əliyevin "win-win", yəni hər iki tərəfin qazandığı yanaşması Tramp tərəfindən də dəstəklənən mühüm bir baxışı ifadə edir. Müharibədən yayınmaq və alternativ həll yolları tapmaq istiqamətində əməkdaşlıq bu səfərin əsas məqamlarından biri oldu.
Hesab edirəm ki, ikitərəfli, çoxtərəfli, regional və qlobal səviyyədə keçirilən görüşlər yeni strateji yanaşmaların formalaşmasına zəmin yaradacaq. Bu, eyni zamanda bizə imkan verir ki, beynəlxalq münasibətlər sistemində paralel şəkildə baş verən müxtəlif prosesləri eyni prizma ilə dəyərləndirək. İndiyə qədər Nobel Sülh Mükafatı bəzən şiddətə, dağıntıya və separatizmə xidmət edən şəxslərə verilib. Qoy bu dəfə həqiqətən sülhə töhfə verən şəxslərə qismət olsun. Maraqlıdır ki, sülh mükafatının təməlində bu dəfə Azərbaycanın da rolu var".
Siyasi şərhçi Turan Rzayev isə Trend-ə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ səfəri çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb:
"Bununla belə, məsələyə aydın nəzər yetirmək və praqmatik yanaşma sərgiləmək üçün iki əsas aspektdə baxmaq lazımdır:
Azərbaycan-Ermənistan sülh gündəliyi aydın məsələdir ki, səfərin və dəvətin əsasını təşkil edir. Bu baxımdan daha çox bu istiqamətdə razılıqların olması gözlənilirdi. Birincisi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanacağı deyilir. Bu mühüm nailiyyətdir. Azərbaycan və Ermənistan sülhün şərtlərini mətn şəklində razılaşdıracaqlar, sadəcə bundan sonra daxili təsdiqləmə prosedurları və rəsmi imza mərasimi qalır. Bakı və İrəvan sülh müqaviləsinin paraflanmasına razılıq veriləcəksə, bu həm də onu deməyə əsas verir ki, Ermənistan Konstitusiyasına da dəyişikliklər ediləcək. Bu, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması deməkdir və Bakının mühüm şərtlərindən biri idi.
İkincisi, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunması razılaşdırılacaq. Məlum olduğu kimi, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Ermənistan Bakının bu tələbini qəbul edir. Burada diqqət çəkən məqam Trampın Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq olmasıdır. Bir müddət öncə Vaşinqtonda bu məsələ ilə bağlı ABŞ ilə Ermənistan arasında saziş imzalanmışdı.
Üçüncüsü, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Minsk Qrupunun ləğv edilməsi üçün ATƏT-in Baş Katibinə birgə müraciət edəcək. ATƏT-in Minsk Qrupu onsuz da uzun müddətdir ki, fəaliyyət göstərmir. Onun əsas missiyası münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik etmək idi. Digər tərəfdən Minsk Qrupu Azərbaycan və Ermənistanın razılığı əsasında formalaşmışdı".
T.Rzayev qeyd edib ki, Trampın şahidliyi ilə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması ilə təsdiqlənəcək:
"Ümumiyyətlə, ictimaiyyətə yansıdılan detallara baxdıqda, prosesin müsbət dinamikası aydın görünür. Trampın səyləri də təqdirəlayiqdir. Hətta deyərdim ki, onun Azərbaycan-Ermənistan normallaşma prosesində belə yaxından iştirakı C.Karterin 1978-ci il Kemp-Deviddə Misir ilə İsrail arasında imzalanmış müqavilə ilə müqayisə oluna bilər.
Prezident İlham Əliyevin ABŞ-yə səfərinin ikinci mühüm aspekti Azərbaycan-ABŞ ikitərəfli əlaqələridir. 2024-cü ilin 5 noyabrında ABŞ-də keçirilən prezident seçkilərindən 3 ay öncə, Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan Tramp haqqında müsbət fikirlər söyləmişdi. Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi baş tutdu".
O qeyd edib ki, səfər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə dair iki mühüm razılıq əldə ediləcək:
"Birincisi, Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq, bu səfər çərçivəsində Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanacaq. 907-ci düzəliş ümumiyyətlə, Bakı ilə Vaşinqton arasında münasibətlərin ən əsas və həlli vacib problemi sayılır. Belə ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdi. Bu düzəliş bir müddət dayandırılsa da, Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi 907 saylı düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı. 907 saylı düzəlişin icrasının dayandırılması müsbət hadisədir.
İkincisi, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı 3 istiqaməti əhatə edəcək: Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq".
"ABŞ-Azərbaycan strateji tərəfdaşlığı hər şeydən öncə balans siyasətinin növbəti təzahürüdür. Bakı gələcəkdə ABŞ ilə münasibətlərin pozulmasını istəmədiyi üçün münasibətlərə və əməkdaşlıqlara rəsmiyyət qazandırır. Bu həm də ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi deməkdir. Nəticə etibarilə Prezident İlham Əliyevin ABŞ-yə səfəri davam edir. Mühüm görüşlər hələ olacaq. Lakin indiyə qədər olanlar mühüm nəticələrdir və təqdirəlayiqdir", - deyə T. Rzayev fikrini tamamlayıb.