EN

İsveçrə mətbuatı Cənubi Qafqazı sülh və əmin amanlığa daha da yaxınlaşdıran Vaşinqton görüşündən yazır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vyana, 9 avqust, AZƏRTAC

İsveçrə mediasının da diqqəti ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən Sülh Sammiti və imzalanan razılaşmalara yönəlib.

AZƏRTAC xəbər verir ki, İsveçrə Teleradiosu (SRF), həmçinin “Neue Zürcher Zeitung“, “Blick“, “Tagesanzeiger“, “20 Minuten“, “Le Temp“ kimi aparıcı gündəlik qəzetlər onillərdən bəri davam edən bir münaqişədə ciddi irəliləyiş əldə olunduğunu bildirirlər. Diqqətə çatdırılıb ki, cümə günü Ağ evdə bir araya gələn Azərbaycan və Ermənistan liderləri sülh razılaşması yolunda mühüm əhəmiyyətə malik Birgə Bəyannaməyə imza atıblar.

“Neue Zürcher Zeitung“ yazır ki, bununla da Cənubi Qafqazda sülhə doğru daha bir mühüm addım atılıb. ABŞ-da əldə edilən razılaşmaların tərkibinə Donald Trampın adını daşıyacaq və blokada altında olan sərhədləri açmalı olan nəqliyyat marşrutu daxildir.

“Tagesanzeiger“ nəşri isə Azərbaycan Prezidenti İlham Əliyevin birgə bəyanatda 8 avqustun tarixi bir gün olması barədə səsləndirdiyi fikirlərinə yer verib: “Biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu proses nəticəsində Azərbaycan və Ermənistan sülh və barışıq üçün cəsur və məsuliyyətli olacaqlar və razılaşma Qafqazda əbədi sülh ilə nəticələnəcəkdir”.

Məqalədə görüşlərin mahiyyətini təşkil edən digər mövzulara da toxunulub, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu“nun (TRIPP) məzmunu və reallaşma mexanizmi, eləcə də əhəmiyyətini itirmiş ATƏT-in Minsk qrupunun ləğvi barədə məlumat verilib.

Yekunda bildirilir ki, “Tramp Sülh Marşrutu” adlanan nəqliyyat bağlantısı layihəsi iqtisadi xarakter daşıyır, ticarət, tranzit və enerji daşıyıcılarının nəqlində Cənubi Qafqazın mövqeyini möhkəmləndirməlidir. Ticarət marşrutu Ermənistan ərazisindən keçsə də, bu, həmin dövlətin suverenlik və ərazi bütövlüyünə heç bir xələl gətirməyəcəkdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
5
azertag.az

6Sources