EN

Qeyri-neft ixracında yeni dövr: Sahibkarlığın qarşısında dayanan maneələr aradan qaldırılsa...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4 faiz, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7 faiz, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3 faiz, pambıq iplik 1,8 milyon ABŞ dolları və ya 16,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5 faiz, çay 62,5 min ABŞ dolları və ya 2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7 faiz artıb. Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21.9 faiz artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 7.7 faiz artaraq 145 milyon ABŞ dollarına bərabər olub.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (149 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (144 milyon ABŞ dolları) ikinci, pambıq (98,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Rəqəmlərdən də göründüyü kimi qeyri-neft sektoru inkişaf edir. Bəs bu inkişaf davamlı ola bilərmi? Bunun üçün daha hansı addımlar atılmalıdır?

“Sanksiyalar bizim üçün müsbət nəticə verib”

İqtisadçı Cəfər İbrahimli deyir ki, ixrac rəqəmlərinə baxdıqda əsas diqqət çəkən aqrar və aqrar sənaye məhsullarıdır. Onlarda daha çox artım müşahidə olunur. Bu artımları stimullaşdıran səbəblər var: “Onlardan biri dövlət dəstəyidir. Dövlət sahibkarlara uzunmüddətli güzəştli kreditlər, subsidiyalar ayırır. On ilə yaxındır daxili istehsal dəstəklənir. Rusiya bazarının mövcud vəziyyəti də artıma təsir edən amillərdəndir. Qonşu ölkəyə qarşı tətbiq olunan sanksiyalar bizim üçün müsbət nəticə verib. Artım müsbətdir və davamlı görünür. Son illərdə dövlətin dəstəyi, investisiyaların qoyulması və xarici bazarlarda məhsullarımıza olan tələbat bunu təmin edib”.

C.İbrahimlinin sözlərinə görə, qeyri-neft məhsullarının ixracındakı artım müvəqqəti tendensiya deyil: “Bunun da səbəbi dəstəyin olmasıdır. Bu məhsullar illərdir ixrac olunur, bazar var, investisiyalar qoyulub. Şərtlər dəyişməsə, ixracın davamlılığı gözləniləndir. Bazarların şaxələndirilməsi üçün də işlər görülür. Azərbaycan məhsulları digər ölkələrdə tanıdılır. Həmçinin yeni ixrac müqavilələri bağlanılır. Körfəz ölkələrinə daha çox üstünlük verilir. Bunlar da qeyri-neft ixracının artım səviyyəsinin qorunub saxlanmasına kömək edir”.

“İxracın davamlı olması gözləniləndir”

İqtisadçının fikrincə, aqrar sahə ilə bağlı emal sənayesini inkişaf etdirmək lazımdır. Aqrar sənaye məhsullarının ixracının artırılması istiqamətində tədbirlərin aparılması da uzunmüddətli perspektivdə daha çox imkanlar açar: “Qızıl və digər aqrar sənayeyə aid olmayan məhsulları illərdir ixrac edirik. Xaricdə məhsullarımıza kifayət qədər ehtiyac var. Bu baxımdan gələcəkdə də ixracı şərtləndirən vəziyyət mövcuddur. Bu tipli istehsal sahələrinə kifayət qədər investisiyalar qoyulub və yetəri qədər ixrac da mövcuddur. Bu səbəbdən gələcəkdə də ixracın davamlı olması gözləniləndir. İstehsalı da artırmalıyıq. Bu zaman daxili bazarın da təminatını ödəyə bilərik”.

Chosen
83
5
publika.az

5Sources