EN

Hasilatı da, qiyməti də artan qızıl: Yeni yataqlar kəşf edilməlidir ki...

Azərbaycanın qızıl ixracında artım müşahidə edilir. Bu ilin yanvar-may ayları ərzində ölkədən 121.3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 76 milyon ABŞ dolları çoxdur. Cari ilin may ayı ərzində Azərbaycandan 25.9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. Bu isə illik müqayisədə 86.3 faiz çoxdur. Bəs bu sahədə gələcək perspektivlərimiz necədir? İxracdakı artım tempini gələcəkdə də qorumaq mümkündürmü?

Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanovun sözlərinə görə, son beş il ərzində ölkəmizdə qızıl ixracı ardıcıl yüksələn xətt nümayiş etdirir və 2025-ci ilin ilk yarısında rekord səviyyəyə çatıb. Azərbaycandan ixrac olunan qızılın dəyərindəki bu artım ilk növbədə dünya bazarlarında qiymətli metalların, xüsusilə də qızılın qiymətində baş verən yüksəlişlə izah olunur: “Son iki ildə qızılın qiymətinin rekord səviyyəyə çatmasına geosiyasi qeyri-sabitlik, beynəlxalq ticarət münaqişələri, maliyyə bazarlarında qeyri-müəyyənlik, ABŞ dollarının zəifləməsi, həmçinin mərkəzi banklar və iri investorlar tərəfindən artan tələbat əsas təsir göstərən amillər olub. Nəzərəçarpacaq qiymət artımı 2025-ci ilin iyun ayının əvvəlində müşahidə olunmuş, bu dövrdə qızılın qiyməti qısa müddət ərzində 3400 ABŞ dollarına qədər yüksəlib. Sonradan bazarda müəyyən tənzimlənmə baş vermiş və hazırda qiymət 3370–3380 ABŞ dolları intervalında ticarət olunmaqdadır. Sözügedən artım ixracın ümumi dəyərinə birbaşa müsbət təsir göstərib”.

Qızıl hasilatının həcmi də artır

Sədrin fikrincə, digər mühüm amillərdən biri ölkədə qızıl hasilatının həcminin də artmasıdır: “Müvafiq şirkətlər tərəfindən son illərdə həyata keçirilən texnoloji yeniliklər və genişmiqyaslı geoloji kəşfiyyat işləri nəticəsində bir neçə yeni yataq istismara verilib. Yeni ehtiyatların istismara cəlb edilməsi, eləcə də hasilat və emal proseslərinin səmərəliliyinin artırılması qızıl hasilatında artıma səbəb olub. Bu da dolayısı ilə ixracın həm həcminə, həm də ümumi dəyərinə müsbət təsir göstərib. Nəticə etibarilə, görülən tədbirlər ölkənin ümumi ixrac potensialının artmasına töhfə verib”.

Dövlət tərəfindən görülən işlər

R.Əmircanov bildirdi ki, mövcud artım tempinin qorunması və davamlı inkişafının təmin edilməsi məqsədilə kompleks və məqsədyönlü tədbirlər həyata keçirilir: “Bu tədbirlər çərçivəsində ilk növbədə yeni yataqların mərhələli şəkildə istismara verilməsi, hasilat və emal proseslərinin müasir texnologiyalar əsasında optimallaşdırılması, eləcə də istehsal proseslərinin rəqəmsallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, emal müəssisələrində enerji səmərəliliyinin artırılması, yaşıl texnologiyaların tətbiqi və ekoloji standartlara uyğunlaşma istiqamətində də mühüm addımlar atılır. Sözügedən yanaşma bir tərəfdən istehsalat xərclərinin azaldılmasına, digər tərəfdən isə ixrac məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin və əlavə dəyərinin artırılmasına xidmət edir”.

Chosen
56
8
publika.az

9Sources