EN

Adı şirin gəlsə də... - Keyfiyyətli dondurmanı necə seçək?

Yay aylarında insanların ən çox istehlak etdiyi məhsullardan biri də dondurmadır. Xüsusilə, isti havalarda insanların sərinləmək üçün ilk seçimi bu qida olur. Lakin dondurma seçərkən yalnız dadına deyil, tərkibinə, saxlanma şəraitinə və gigiyenik qaydalara da xüsusi diqqət yetirilməlidir.

“Bu, məhsulun keyfiyyətini pozur”

“Refresh Group” MMC-nin Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən Baş İcraçı direktoru Seymur Qafarov “Kaspi” qəzetinə açıqlamasında yay aylarında dondurma istehlakı zamanı sağlamlıq baxımından diqqət olunmalı məqamlara toxunub. Mütəxəssis vurğulayıb ki, dondurma alarkən onun “soyuq zəncir” şəraitində saxlanılıb-saxlanılmadığına xüsusi diqqət yetirilməlidir: “Dondurma heç vaxt əriməməli və sonradan yenidən dondurulmamalıdır. Bu hal məhsulun keyfiyyətini və təhlükəsizliyini ciddi şəkildə poza bilər. Eyni zamanda, məhsulun üzərindəki etiketlər tam, aydın və oxunaqlı olmalı, tərkibi, istehsal və son istifadə tarixi, saxlanma şəraiti kimi məlumatlar diqqətlə yoxlanılmalıdır. Gigiyenik olmayan şəraitdə satılan dondurmalardan mütləq uzaq durmaq lazımdır”.

Saxlanma şəraitində hansı risklər mövcuddur?

Mütəxəssis vurğulayır ki, dondurmanın tərkibindəki trans yağlara və “E” kodlara (Qida məhsullarında istifadə olunan qida əlavələrini təyin etmək üçün Avropa Birliyi tərəfindən verilən bir koddur. Bu kodlar hər bir qida əlavəsinin təhlükəsizliyinin təsdiqləndiyini bildirir) qarşı diqqətli olunmalıdır: “Həmçinin körpələr üçün süni qatqılar, stabilizatorlardan istifadə olunaraq ərsəyə gələn məhsullardan uzaq durulmasında fayda vardır. Bu cür məhsulların daxilində yüksək şəkərin olması sağlamlıq üçün risklidir. Bir digər risk faktoru isə məhsulun düzgün temperaturda saxlanmamasıdır. Dondurma mütləq -18°C temperaturdan aşağı şəraitdə saxlanılmalıdır. Əks halda, məhsulun tərkibi pozula, mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yarana bilər ki, bu da sağlamlıq üçün təhlükəlidir”.

“Ürək-damar xəstəlikləri riskini artırır”

Qida mütəxəssisi bildirir ki, tərkibində trans yağlar olan dondurmalar təhlükə mənbəyidir: “Trans yağlar və süni qatqılar ürək-damar xəstəlikləri riskini artırır, immun sisteminə mənfi təsir edir, allergik reaksiyalara səbəb ola və uzunmüddətli istifadədə müxtəlif xroniki xəstəliklərə zəmin yarada bilər. Bu maddələr uşaqların sağlam inkişafına da mənfi təsir göstərə bilər. Əsl dondurma əsasən təbii komponentlərdən - süd, qaymaq, şəkər kimi maddələrdən hazırlanır. “Dondurulmuş desert” isə bu əsas inqrediyentlərlə yanaşı, bir sıra digər qatqı maddələrini özündə ehtiva edir”.

Uşaqlar üçün təhlükəsiz dondurma hansıdır?

Uşaqlar üçün hansı növ dondurmaların uyğun olduğu barədə danışan həmsöhbətimiz qeyd edir ki, meyvə püresi, süd və qatıq əsaslı dondurmalar daha münasib seçimdir: “Az şəkərli, qatqısız, süni rəngləndirici və aromatizatorsuz dondurmalar uşaqlar üçün daha təhlükəsizdir. Həmçinin bəzi uşaqlarda laktoza həssaslığı ola bilər. Bu hallarda laktozasız dondurmalar daha uyğun seçim sayılır”.

Chosen
14
3
publika.az

3Sources