Regionumuzda bərqərar olunmuş sabitlik və təhlükəsizliyin müəllifi Prezident İlham Əliyevdir.
Bu fikri “Report”a açıqlamasında deputat Azər Badamov deyib.
Deputat qeyd edib ki, dünyada ədalət var. Amma ədaləti əldə etmək üçün çətin yol qət edilməlidir: “Prezident İlham Əliyev ədaləti necə bərpa etmək lazımdırsa yaxşı bilir. Ona görə də xarici təzyiqlərə sinə gələrək, mövqeyini dəyişmədən tam ədalətin bərpasına qədər yolumuza davam etdik. Düzdür, haqlı mövqeyini qəbul etdirmək heç də asan məsələ deyil. Əslində haqlı olsan da, güclü olmasan haqqın, tapdanır və haqsızı ədalətli kimi göstərməyə çalışırlar”.
Azər Badamov deyib ki, son 35 ildə ölkəmizin başına gələn hadisələr haqlı olduğun halda, beynəlxalq güclərin haqsız kimi görməyindən irəli gəldi: “ABŞ-nin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş ediləndə Azərbaycan işğala məruz qalmasına baxmayaraq sanki işğalçı kimi qələmə verilmişdi. ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyi 28 ildə də Ermənistanın işğalçılıq siyasətini dayandırmağa yox, Azərbaycanı işğalla barışdırmağa çalışdılar. Amma ölkənin güclü lideri olanda xalqın haqq səsi qalib gəlir. Belə ki, 44 günlük Vətən müharibəsində qələbəmizin dönməz olması Prezident İlham Əliyevin apardığı beynəlxalq siyasətin qələbəsi idi. Çünki, müharbənin aparılması üçün hüquqi baza hazırlanmışdı və beynəlxalq ictimaiyyəti ölkəmizin ərazilərinin işğal altında olmasına inandırmışdıq.
Prezident İlham Əliyev Qarabağ münaqişəsinin hərbi-siyasi yollarla həll olunmalı olduğunu bildirdi. Ona görə də müharibədə ərazilərimz işğaldan azad olundu və siyasi yollarla bir güllə atılmadan Laçın, Ağdam və Kəlbəcər rayonları qaytarıldı. Əgər bu rayonların azad olunması üçün müharibəni davam etdirsəydik, minlərlə gəncimizin həyatı bahasına azad edəcəkdik. Amma dövlət başçımızın güclü siyasəti və diplomatiyası sayəsində yenidən müharibəyə ehtiyac qalmadı”.
Deputat vurğulayıb ki, ərazilərimizdə suverenliyi bərpa etməyimizdən sonra Bayden-Blinken Administrasiyası, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və s. Azərbaycanı öz suveren torpaqında sanki bir işğalçı və insan haqlarını pozan kimi qələmə verərək, baş-başa verib, qərəzli qətnamələr qəbul edərək təzyiq kampaniyasına başladılar: “Amma Azərbaycan yolundan və mövqeyindən çəkinmədi. Çünki xalq öz liderinə və onun qəbul etdiyi qərarlara inanırdı. Məhz dövlət başçımızın güclü siyasi iradəsi və diplomatiyası sayəsində Ermənistanı Qarabağın Azərbaycan olduğunu etiraf etməyinə məcbur etdi.
Dövlət başçımızın uğurlu siyasəti sayəsində Qarabağda erməni separatizminin kökü kəsildi. Azərbaycanın təqdim etdiyi sülh müqaviləsi Ermənistan tərəfindən qəbul olundu. Düzdür, Ermənistana dayaq dayanaraq onu yenidən müharibəyə ruhlandıranlar Azərbaycanın şərtlərini qəbul etməyindən çəkindirməyə çalışırdı. Amma dövlət başçımızın diplomatiyası sayəsində dünyanın bir nömrəli ofisində, Ağ Evdə və Trampın iştirakı ilə sülh müqaviləsinin paraflandı və birgə bəyannamə qəbul olundu. Vaşinqtonda Zəngəzur dəhlizinin açılmasının təsdiq olunması və Azərbaycanla Ermənistanın sülhə sadiq olduqlarını rəsmən imzalarla təsdiq etməsi çoxlarının ürəyindən olmadı. Amma qəbul etməyinə məcbur oldular. Ona görə də Azərbaycanı ittiham edənlər birinci olaraq xalqımızı təbrik etdilər. Təbii ki, bu, dövlət başçımızın güclü liderliyi sayəsində Azərbaycanın artan nüfuzunun və ədalətimizin makronların və digərlərin qəbul edilməsidir”.
A.Badamov vurğulayıb ki, sülh müqaviləsi ilə bağlı sənədlərin imzalanması regionumuza inkişaf və təhlükəsizlik gətirəcək: “Zəngəzur dəhlizi açılacaq və Asiyadan Avropaya qədər böyük bir coğrafiya ticari-iqtisadi əməkdaşlıq üçün yeni imkanlar qaznacaq. Cənubi Qafqaz yüz illərdən sonra ilk dəfə sabitlik regionu olacaqdır. Amma regionumuz tarixən kənar qüvvələrin maraqlarına xidmət edən münaqişələr regionu olmuşdur. İndi isə münaqişələr və müharibələr zamanı arxada qaldı. Regionda bütün xalqlar təhlükəsizlik şəraitində yaşayacaqlar”.