EN

Finlandiya cəbhəsində vuruşan azərbaycanlı - Bir həkimin HƏYAT HEKAYƏSİ

1939-cu il. Azərbaycan Tibb İnstitutunu bitirən Əhməd adlı gənc tələbənin tək bir xəyalı vardı. Vətəninə və millətinə həkim kimi xidmət etmək... Həmin ilin iyun ayında Şimali Qafqazdakı Yessentuki şəhərindəki prevantoryuma təyin edilmişdi. Bu, onun həyatındakı ilk vəzifəsi, ilk başlanğıc idi.
 
1917-ci ildə Şəkidə Həsən Şirinzadə ilə Zəhra xanımın ailəsində ikinci oğlan övladı olaraq dünyaya gəlmişdi. İbtidai və orta təhsilini Şəkidə almış, ardınca Bakıya gələrək Tibb İnstitutuna daxil olmuşdu. Yessentukidə işlədiyi zaman Bakıdakı əsgərlik şöbəsindən gələn çağırışa görə paytaxta qayıtmışdı. Çünki SSRİ-Finlandiya savaşı başlamışdı...
 
Xatirələrində bu barədə yazıb: “Ailəm Bakıda yaşayırdı. Əsgərlik şöbəsinə getdikdən sonra çox sevdiyim bulqur plovunu yemək üçün evə gedəcəkdim. Təəssüf ki, sanki fərariyik deyə bizə hərbi forma geyindirərək buraxmadılar. Zatən qaçası olsaydıq, heç şöbəyə gəlməzdik. Üstəlik hara qaçasan ki? Harada qalasan ki? Bacılarım təşvişə düşmüş, gəlmədiyimi görüb ağlamış, plovu da yeməmişdilər. Biz səkkiz həkim gürcü doktor Qamqaneşvilinin rəhbərliyində Finlandiya müharibəsinin ilk günlərində (oktyabr ayı) Kalinin şəhərindəki üçüncü orduya qatarla hərəkət etdik. Dr. Qamqaneşvili qatı kommunistlərdən idi, baytardı. Üçüncü orduda süvari tağımına gedəcəkdik.
 
Oktyabr ayı olsa da, Bakı hələ də isti idi. Rus lokomotivinin bağırtısı altında Bakı ilə vidalaşdıq. Bakı getdikcə gözdən uzaqlaşırdı. Könlüm hələ də orada idi. Bakı... bütün gənclik illərim bu tarixi şəhərdə keçmişdi. Bakı... 1918-ci ilin qəhrəman şəhəri. Bakı.. hürriyyətlər ocağı idi. Bakı, üçrəngli bayrağımın kölgəsi idi. Bakı, əlvida...”
 
Əhməd bəy bir daha gənclik, tələbəlik illərinin keçdiyi Bakı şəhərini görməyəcəkdi. Uzun yolçuluqdan sonra doktorlar Kalinin şəhərinə çatırlar: “Kalinin şəhərinə gəldiyimizdə bizi isti bir sevgi yerinə şəhərin ayazı qarşılamışdı. Titrəyirdik, kaputlarımıza sıx-sıx sarıldıq. Qafqazımın isti iqlimini artıq yuxularımızda görə bilərdik. Şəhərdə bir xeyli dolaşdıq. Üçüncü ordunun yerini axtarırdıq... Çar dövründən qalmış bir qışlanın qapısına gəldiyimizdə “Üçüncü Ordu Süvari Tağımı” yazısını gördük. Rəhbərimiz yolgöstərəndən daha çox bir QPU casusu idi. O da bu şəhəri yaxşı tanımırdı. Tipik bir gürcü idi. Bizə əmr vermək əvəzinə danışmamağı seçirdi. Suvağı tökülmüş qışlanın ortasında böyük bir soba yanırdı. Ətrafından başqa isitdiyi yer yoxdu. Tualet yataqxananın bir metr yaxınlığındakı qazılmış bir çüxurdu... Tualetin qoxusu yataqxananı yaşanmaz bir hala salmışdı... Divarda Leninin böyük bir fotoşəkli asılmışdı, altında da rusca iri hərflərlə “böyük xilaskar” yazılmışdı”.
 
“Mənfi 20-25 dərəcə soyuqda bizi suya salırdılar”
 
 
Şəhəri yerləşdiyi günün ertəsində gənc həkimləri “Gənc əsgər kursu”na yazırlar: “Quru qoşunlarındakı üç aylıq bu kurs dönəmində süvari təhsilindən daha çox bizi Finlandiya müharibəsinə hazırlamaq üçün xizək sürməyi öyrədirdilər. Mənfi 20-25 dərəcə soyuqda bizi soyundurur və hər sabah soyuq suya salırdılar. Soyuqdan dişlərimiz bir-birinə qüvvətlə dəyir, ağrılı səslər çıxarırdı... Fəqət bir çoxumuz, eləcə də mən xizək sürməyi öyrənməyin tərəfdarı deyildim. Çünki öyrənəni dərhal cəbhəyə göndərirdilər. Ömründə ilk dəfə qar və xizək görənin, əlbəttə ki, öyrənməsi çətin idi. Bakıda qar olmazdı. Mülayim bir iqlimə malikdi. Həm də finlərə qarşı vuruşmaq heç işimizə gəlmirdi. Dəmir pərdəyə yeni bir dövlət qatmaq azadlıq həsrəti ilə yanan bizləri hövsələdən çıxarırdı...
 
Xəstələri müayinədən sonra xizək kursuna gedirdim. Mənim xizək sürməkdə uğurlu olmadığımı görüncə ancaq sanitar həkim kimi vəzifə verdilər. Universitet məzunu gənclər (aralarında 40-45 yaşlarında olanlar çox idi) tez-tez müayinəyə gəlirdilər, bu dözülməz həyata görə yanımda çəkinmədən ruslara söyürdülər. Gündəlik iyirmi kişi müayinə etməli olsam da, hər gün yüzü keçirdi. Boyunlarını əyərək “Nə olar, bizi revirə yatırt” deyə yalvarırdılar. Mənim də yazığım gəldiyi üçün arzularını yerinə yetirirdim. Zatən çoxlarının xəstəliyi yox idi. Revir on iki yataqlı olduğu üçün qalanlarına istirahət verirdim. Komissarlar çox icazə verdiyim üçün hirslənir, təzyiq göstərir, cəbhəyə göndərməklə hədələyirdilər. Rus olmayan kimsələri aşağı məxluq kimi görür, onları ən ağır şərtlər altında kursa məcbur edirdilər. Türk və müsəlmanlara daha pis nəzərlə baxırdılar. Əsgərlərin arasında Ələkbər adında qırx yaşlarında azərbaycanlı türk də vardı. Gözləri və gicgahları çökmüşdü. Rus zülmündən xeyli yıpranmışdı. Əvvəllər müəllim imiş. Onu revirə almaq üçün komandirlərə çox xahiş etdim. Çətinliklə onun revirə təmizləyici kimi almağa nail oldum. Pis iş olsa da, hər kəsin can atdığı bir işdi. Ələkbər həyatından məmnun idi, mənə dua edirdi”.
 
“Dəmir pərdəyə yeni bir halqa daha qatmağa gedirdik”
 
Nəhayət, hazırlıq mərhələsi bitir, cəbhəyə hərəkət etmələri üçün əmr gəlir. Hər kəs təşvişə düşür, universitet məzunları söyüş söyərək etirazlarını bildirirlər: “Vağzalda əsgərləri nəql etmək üçün xüsusi qatar dayanmışdı. Təkcə bir vaqonun taxta divanı və oturulacaq yerləri vardı. Divanlı vaqon zabit və həkimlər üçün nəzərdə tutulmuşdu. Yük vaqonlarında isə əsgərlər gedəcəkdilər. 40-45 əsgər bir vaqona dolduruldu. Ortada bir soba vardı... Səfərin ikinci günündə əsgərlər arasında çaxnaşma düşdü. Heyət bitlənmişdi. Vaqonların içi iyrənc halda idi. Leş kimi qoxurdu. Əsgərlər dırnaqları ilə vücudlarını yolarcasına qaşıyırdılar. Komissarlar bitin qarşısını almağımızı istəyirdilər, bu işi qəsdən törətdiyimizi deyirdilər. Qarşısını almaq mümkünsüzdü. Əsgərləri yolboyunca bir dəqiqə də boş qoymurdular. Baş əsgərlər tərəfindən ilkin tibbi yardım, siyasi dərslər verilirdi. Silahlar zatən çox ibtidai idi. Yeddi-səkkiz gülləni zorla ata bilən piyada tüfənglər idi... Kalinin ilə Peterburq arası təxminən 465 kilometrdi. Biz bu yolu 8 gündə qət edə bildik. Stansiyalarda saatlarla gözləyir, heç cür yol vermirdilər. Peterburqa 45 km olan Rıbatskda (Balıqçı stansiyası) da iki gün gözlədik. Hər tərəf qarmaqarışıq idi. Qatarlara yol vermək imkansızdı. Məcburi gözləyirdik. Stansiyada izdiham vardı. Əsgərlərdən başqa kimsə yoxdu...”
 
Yolçuluq boyunca əsgərlərin bəziləri həlak olur, bəziləri xəstələnir. Əhməd bəy xatirələrində 16 gün Peterburqda qaldığını, şəhəri başdan-ayağa gəzdiyini yazır. Peterburqun yaxınlığındakı Puşkin kəndindəki Katerina sarayını gəzir, çar dövrünün əzəmətini seyr edir. Amma onları ağrılı bir vəzifə gözləyirdi. Xatirələrində yazır: “Getdikcə quzeyə - daha soyuğa doğru gedirdik. Hərbə, Finlandiya hərbinə, dəmir pərdəyə yeni bir halqa daha qatmağa gedirdik. Hürriyyət üçün döyüşənlərə qarşı! Ölsək, onlar üçün nə qiyməti vardı ki. Yox olmağımız ruslar üçün yeni bir qazanc sayılırdı. Fin torpağını almaq şərti ilə. Bu düşüncələri, arxada qoyduqlarımızı zehnimizdən bir-bir keçirərkən Barents dənizi sahilindəki Murmansk şəhərinə gəlmişdik”.
 
Murmansk şəhərində böyük çətinliklə qarşılaşan Əhməd bəyin yazdığına görə, buradakı əsgərlərin bir çoxunu Finlandiyanın Kandalaşka istiqamətindəki cəbhəyə göndərmişdilər: “Kandalaşka türk cümhuriyyətlərindəki müsəlman xalqın sürgün edildiyi yerdi. Zavallı məzlum türklər burada odun qırıb-doğrayırdılar. Çalışanlara müəyyən norma daxilində iş verirdilər. Bu normanı doldurmağa imkan yoxdu. Bu normaya görə qida verirdilər. Normanı doldura bilməyənlərə (ki bunu doldurmaq mümkün deyildi) ölməyəcək qədər yemək verirdilər. Bu qorxunc iqlim, rütubət, günəşsizlik və qidasızlıq oraya gedən insanların qısa zamanda məhv olmalarına səbəb olur. Bu, Sovet Rusiya İmperatorluğundakı məhvetmə metodlarının bir başqa növü idi. Türk və müsəlman olan millətçi, idealist və din xadimlərini bu şəkildəki kamp yerlərinə göndərirdilər. Qısa zamanda bu şərtlərə dözə bilməyən insanlar gecə-gündüz işlədikləri üçün ölürdülər. Sovet imperializminin məhvetmə siyasəti bu şəkildə nəticələnirdi. O tarixlərdə 22 milyon insan bu sürgün kamplarında yox olmuşdu”.
 
Əhməd Şirinzadə xatirələrində Bakıda kommunistlərə xidmət edən bir tanışının faciəvi taleyindən bəhs edib:
 
“Qatı kommunistlərdən, bir çox soydaşımızın sürgünə göndərilməsinə, bir çoxunun öldürülməsinə səbəb olan Vəli adında biri ilə Bakıda mağazada ikən qarşılaşmışdım. Vəlini orta məktəbdə ikən tanıyırdım. Bir türk olaraq Vəlinin bolşeviklərə xidmət etməsindən utanır, pis hərəkətlərini ona izah edə bilmirdim. Şayət pis və qeyri-milli hərəkətlərinin pisliyini ona deyə bilməzdim. Əgər bir gün etdiyi pisliklərin, qeyri-milli hərəkətlərin hesabının ondan soruşulacağını desəydim, bəlkə də, bu gün həyatda olmaz, Vəlinin qurbanlarından birisi olardım. Onu mağazada kədərli halda görüncə soruşdum:
 
- Vəli, halın necədir? Yaxşısanmı?
 
- Heç soruşma, çox pərişanam.
 
- Niyə axı?
 
Vəli udqundu, üzü qıpqırmızı oldu. Günahkarlığın verdiyi utanc qırmızı üzündə özünü göstərdi. Vəli təkrar udqundu və çətinliklə dedi:
 
- Bizi zorla İrana sürgün edirlər.
 
Bu xüsusdan mənim də məlumatım var idi. Vəliyə kinayəli olaraq dedim:
 
- Sən partiya üzvüsən, niyə partiyanız sənə kömək etmədi?
 
Vəli günahkarlığını daha çox hiss etdi, üzünü yerə əyərək dedi:
 
- Azərbaycan Kommunist Partiyası katibinə müraciət etdim. O da “dünən bizim üçün bir çox xidmət göstərdiniz, buna qarşılıq olaraq sizə təşəkkür edirik. Sabah üçün Allaha tapşırırıq” dedilər”.
 
Mən siyasi qorxunu bir tərəfə buraxaraq həyəcanlı şəkildə dedim:
 
- Bolşeviklərə bu qədər xidmət etdin. Lazım gəldi, bir çox Azərbaycan türkünün Sibirə sürgün edilməsinə, ölməsinə səbəb oldun. Bu da partiyanızın sizə ən böyük xidmətidir.
 
Vəli peşmanlığını göstərmək üçün dedi:
 
- Bəli, biz çox böyük xəyanət etmişik. Allah öz qəzəbindən bütün millətləri qorusun.
 
Bu hadisə onu göstərir ki, rus imperializminin qayəsi kommunizmi maska olaraq istifadə edərək millətləri yox etməkdi”.
 
“Fin ordusu göz açmağa imkan vermirdi”
 
Nəhayət, Əhməd bəyin də daxil olduğu heyəti döyüşə yollayırlar: “Təqribən mart ayının 6-sı idi. Cəbhəyə 4-5 km uzaqlıqda idik. Rus tümən və bölükləri ağır vəziyyətdə itkilər verir, fin ordusu cəbhədə hücuma keçən əsgərlərə göz açmağa imkan vermirdi. Elə gün olmurdu ki, 50-70 kişi donaraq cəbhə arxasındakı səhiyyə mərkəzlərinə göndərilməsin... Rus bölmələri müasir silahlardan məhrumdu... Bu ölüm-dirim savaşında rusların itkisi (ruslara görə) 160 min, həqiqətdə isə iki milyon olmuşdur. Finlər rifah içərisində yaşayan bir millət, ruslar isə insan izdihamından başqa bir şey deyildi... Finlərə görə bir fin əsgəri 20 rusa bədəldi... Bir dəfə əsir düşən bir fin əsgəri ona yemək gətirən bir rus tibb işçisini çəngəllə öldürmüş, qarşısına çıxan digər rus doktor və məmurlara hücum edərkən güllə ilə vurulmuşdu. Xizək üzərində mükəmməl təhsil alaraq yetişdirilmiş tam təchizatlı fin əsgərlərindən üç-beşi kiçik rus bölməsini bir neçə dəqiqə içərisində məhv edib hadisə yerindən uzaqlaşırdılar. Qadın və qızları sıx meşəlik bölgədə olan ağac budaqlarının arxasında gizlənərək rusları pulemyot atəşinə tutur, onlara böyük itki verdirirdilər”.
 
Əhməd bəyin yazdığına görə finlər əşyaların içərisinə bomba yerləşdirirdilər, modern əşya görməyən ruslar onları ələ keçirmək istədikləri zaman partlayışdan ölürdülər. Finlər ağacların təpələrindən polad tellərdən yol düzəldir və bu tellər üzərində qaçan 3-5 fin əsgəri rus bölmələrini məhv edir, eyni sürətlə geri dönürdülər.
 
Nəhayət, Finlandiya müharibəsi başa çatır: “Mart ayının 12-ci günü idi. Qışqırıq səslərinə yatağımdan qalxdım. Çöldə bayram sevinci vardı. Hərb bitmiş, milyonlarla itki verən rusları sevincə qərq etmişdi. Bizim alayımız komandan heyətinin əmri üzərinə köhnə yeri olan Kalinin şəhərinə dönməyə hazırlaşırdı. Biz bir qrup subayla birgə qatarla Leninqrada hərəkət etdik”.
 
 
“Almanlar tərəfindən mühasirəyə alındıq”
 
Finlandiya cəbhəsindən sonra Əhməd bəyi ömür boyu Vətəndən ayrı salacaq hadisə baş verir: İkinci Dünya müharibəsi. Bu dəfə o, alman cəbhəsinə göndərilir, milyonlarla Sovet əsgəri kimi əsir düşür: “Almanların hücumunu gözləyirdik. Mən bir tank tuqayında həkim idim. Hücumdan bir gün əvvəlki gecə ruslar birliklərə ziyafət verdilər. Yeyib-içdilər. Sabahın erkən saatlarında almanların hücumu başladı. Rus tankları hərəkətə keçənə qədər bir mərmi də atmayan bizim tuqay kimi digər rus birlikləri də almanlar tərəfindən mühasirəyə alınaraq əsir götürüldü. İlk əsarət həyatı belə başladı”.
 
Həkim kimi Azərbaycan legionunda xidmət göstərən Şirinzadə müharibədən sonra bir müddət Hannoverdə ixtisası üzrə çalışır. Türkiyənin düşərgələrdə yaşayan qaçqınları qəbul etməsindən sonra Əhməd bəy 1948-ci ildə bu ölkəyə gəlir. Yaşat soyadını qəbul edən Əhməd bəy Türkiyədə həkim kimi fəaliyyət göstərir, quru yolları 4-cü bölgədə ölənə qədər çalışır. Bir çox mühacir kimi o da Türkiyəyə gəldikdən sonra Almaniyaya qarşı təzminat tələbi ilə çıxış edib, müharibədə gördüyü zərərin qarşılanması üçün 24 dekabr 1949-cu ildə Türkiyə hökumətinə müraciət yollayıb. Qəribədir ki, bu müraciətdə Almaniyadakı soyadının Mehmedli olduğunu yazıb. Görünür, bir çox legioner kimi Əhməd bəy də Almaniyada düşərgədə qalarkən soyadını dəyişdirib. Türkiyəyə gəlmək üçün o dövrdə bəzi mühacirlər ad və soyadlarını, doğum yerlərini fərqli şəkildə yazdırırdılar.
 
Azərbaycan Kültür Dərnəyində
 
İctimai-siyasi fəaliyyətə də qoşulan Əhməd bəy Məhəmmədəmin Rəsulzadənin etimadını qazanıb, 1949-cu ildə qurulan Azərbaycan Kültür Dərnəyində təmsil olunub. 1 aprel 1952-ci ildə dərnəyin rəsmi mətbu orqanı olan “Azərbaycan” jurnalı nəşrə başladığı zaman məsul müdir vəzifəsini yerinə yetirib. O, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin iki dəfə sədri seçilib. İlk sədrliyi 2 dekabr 1962-ci ildən 20 dekabr 1965-ci ilədək, ikinci sədrliyi isə 2 sentyabr 1969-cu ildən 26 dekabr 1970-ci ilədək davam edib.
 
1966-cı ildə türk jurnalist Rəfiq Qorqud içərisində Əhməd Yaşatın da olduğu yeddi azərbaycanlı, iki tatar mühacirin kommunizm əleyhinə fikirlərinin toplandığı kitab çap etdirib. Jurnalistin kitabı üçün yazdığı məqaləsində Əhməd bəy kommunizmi Rusiyadan dünyaya yaılan mikrob kimi dəyərləndirib, buna qarşı tədbir görülməsinin vacibliyini bildirib.
 
1967-ci ildə “Azərbaycan” dərgisində Əhməd bəyin “Mən bir həkim idim” başlığı ilə məqalədə istifadə etdiyimiz xatirələri dərc olunub. Memuarlar Finlandiya dövrünü ehtiva edir. Xatirələri jurnalda qələmə alan şəxs Müştaq Qarabağ adlı azərbaycanlı olub.
 
68 il ömür sürən Əhməd Şirinzadə (Yaşat) 26 yanvar 1985-ci ildə vəfat edib. Təəssüf ki, Əhməd bəyin ailəsi haqqında məlumat əldə edə bilmədik.(Publika.az)
Chosen
10
50
moderator.az

10Sources