EN

Azərbaycanda da zəlzələ ola bilərmi?

2025-ci ilin iyul ayının sonlarından etibarən dünyanın müxtəlif bölgələrində bir sıra güclü zəlzələlər baş verib. Xüsusilə Rusiya və Türkiyədə qeydə alınan seysmik hadisələr həm yerli əhali, həm də beynəlxalq müşahidəçilər tərəfindən ciddi şəkildə izlənib.

 

İyulun 30-da Rusiya Federasiyasının uzaq şərqində, Kamçatka yarımadası sahillərində baş verən 8.8 bal gücündə zəlzələ dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Bu zəlzələ “megathrust fault” adlanan dərin tektonik qırılma xəttində baş verib və Sakit Okean boyunca sunami xəbərdarlığına səbəb olub.

 

Təəccüblüdür ki, bu güclü təbiət hadisəsinə baxmayaraq, ciddi insan tələfatı və dağıntılar qeydə alınmayıb. Hadisədən sonra bölgədə bir neçə güclü afterşok da (M6.9-a qədər) müşahidə olunub.

 

Avqustun 10-da isə Türkiyənin Balıkesir vilayətində baş verən 6.1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. “Sındırgı” və ətraf ərazilərdə binalar çöküb, nəticədə 1 nəfər həyatını itirib, 29-dan çox insan yaralanıb. Zəlzələ İstanbul və İzmir kimi böyük şəhərlərdə də hiss olunub. Zərərçəkmiş bölgələrdə xilasetmə və bərpa işləri dərhal həyata keçirilib.

 

Kamçatka zəlzələsindən bir neçə gün sonra, avqustun 9-da Rusiya ərazisinə yaxın Kuril adaları sahillərində daha bir güclü zəlzələ qeydə alınıb. Bu hadisə geniş dağıntıya səbəb olmasa da, seysmik fəallığın davam etdiyini göstərir və Kamçatka bölgəsindəki tektonik gərginliyin hələ də azalmadığını ortaya qoyur.

 

Son bir ayda baş verən zəlzələlər xüsusilə Sakit Okean “Ateş Halqası” üzərində yerləşən regionlarda seysmik aktivliyin artdığını bir daha təsdiqləyir. Rusiya və Türkiyə kimi ölkələrdə baş verən bu hadisələr həm yerli hakimiyyətlərin hazırlıq səviyyəsini sınağa çəkib, həm də bölgə əhalisinin təhlükəsizlik tədbirlərinə nə qədər ciddi yanaşmalı olduğunu ortaya qoyub.

 

Beynəlxalq seysmoloji qurumlar bu cür hadisələrin davamlı izlənilməsinin, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinin və əhalinin maarifləndirilməsinin vacibliyini xüsusi olaraq vurğulayırlar.

 

Qeyd edildiyi kimi, bu cür davam edən zəlzələ təhlükəsi bir sıra sualları aktuallaşdırıb. Məsələn, necə ola bilər ki, Rusiyada baş verən 8.8 bal gücündə zəlzələ ciddi tələfat və dağıntıya səbəb olmadı?

 

Yeri gəlmişkən, İstanbulda böyük zəlzələnin baş verəcəyi ilə bağlı narahatlıq hələ də qalır. Bu il, aprelin 23-də Türkiyənin ən sıx məskunlaşmış bölgələrindən biri olan İstanbul yaxınlığında baş verən 6.2 bal gücündə zəlzələ həm şəhərin seysmik risklərini, həm də fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsini bir daha gündəmə gətirdi.

 

Bəzi mütəxəssislər hesab edir ki, İstanbul ətrafında baş verən bu tip orta güclü zəlzələlər bölgədə yığılan seysmik enerjini boşaldır və gözlənilən “böyük İstanbul zəlzələsi”nin qarşısını ala bilər.

 

Digər mütəxəssislər isə bu qənaətin təhlükəli arxayınlıq yarada biləcəyini və hələ də ciddi təhlükə mövcud olduğunu bildirir.

 

Bəs İstanbul üçün proqnozlar necədir?

Eyni zamanda, Azərbaycana qonşu ölkələrdə baş verən güclü zəlzələlər paytaxt Bakıda və regionlarda narahatlıq yaradıb. Növbəti güclü zəlzələnin ölkəmizdə baş verəcəyi ilə bağlı ehtimallar səsləndirilir.

 

Xüsusilə, 2023-cü ilin fevralında Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələnin ardından Bakıda və Azərbaycanın bəzi bölgələrində də seysmik aktivlik müşahidə olunmuşdu.

 

Qonşu ölkələrdə və ölkəmizdə baş verən bu zəlzələlər silsilə xarakter daşıyırmı? Bu zəlzələlərin bir-birilə əlaqəsi varmı? Zəlzələ ocaqları oyanıbmı?

 

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:

 

“Bunun bir cavabı var, o da tikinti ilə bağlıdır. Çünki zəlzələ insanı öldürmür, tələfat yaratmır. Düzgün aparılmayan inşaat fəlakətlərə yol açır. İnsan ölümü çoxdursa, demək, tikinti düzgün aparılmayıb. Yaponiyada da güclü zəlzələlər baş verir. Son vaxtlar Yaponiyada zəlzələ zamanı tələfat olduğunu eşitmirik? Təkcə 2011-ci ildə baş verən sunami idi, onun da qarşısı alındı. Çünki orada tikinti işləri düzgün qurulub. Yaponiyada gördülər ki, zəlzələlərin baş verməsi ilə bacarmaq mümkün deyil. Proqnozlar da çox zaman düzgün verilmir. Gözləyirlər ki, bu il olacaq, amma üç ildən sonra baş verir. Yaponiya bütün bacarıqlarını və təcrübələrini inşaat üzrə səfərbər etdi. Tikinti zəlzələyə davamlı olmalı və düzgün ölçülməlidir.

 

Rusiyanın Kamçatka vilayətində güclü zəlzələ baş verəcəyini gözləyirdilər. Burada mütəmadi müşahidələr aparılır və buna görə də həmişə tikinti işlərinə diqqət yetirirlər.

 

O ki qaldı İstanbulda zəlzələlər fonunda dağıdıcı zəlzələ riskinin azalmasına təsiri varmı sualına, seysmologiya qanununa görə, güclü zəlzələdən sonra bir neçə aşağı maqnitudalı afterşok baş verir. Amma Türkiyə ərazisi çox mürəkkəb tektonik və geodinamik zonada yerləşir. Burada üç böyük tektonik qurşaq kəsişir, üstəlik, bir neçə aktiv qırılma xətti mövcuddur.

 

2023-cü ildən sonra isə həmin ərazidə dərinliklərdə baş verən proseslər dəyişməyə başlayıb. Onların istiqaməti də, yerdəyişmə intensivliyi də dəyişib. Ona görə də mən müsahibələrimdə demişəm ki, Türkiyədə güclü zəlzələlər davamlı olaraq baş verəcək. Türkiyə ərazisində hətta törəmə zəlzələlər də baş verir. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, həmin ocaqda müəyyən müddətdən sonra kiçik maqnitudalı zəlzələlər — yəni afterşoklar — olur, amma bəzən qəfil olaraq həmin ocaqda yenidən güclü zəlzələ baş verir. Bu, seysmologiyada qanunauyğunluğa əsaslanan törəmə zəlzələlərdir. Türkiyə ərazisi bu törəmə ocaqlar və törəmə zəlzələlərlə zəngindir.

 

Yəni demək istədiyim odur ki, güclü zəlzələlər Türkiyədə davamlı olaraq baş verəcək”.

 

Seysmoloq qonşu ölkələrdə baş verən güclü zəlzələlər fonunda Azərbaycanda da güclü yeraltı təkanların baş verib-verməyəcəyinə münasibət bildirib:

 

“Ölkəmizdə güclü zəlzələ gözlənilmir. Mən bunu həmişə müsahibələrimdə qeyd etmişəm. Çünki yeni tektonik dəyişmə prosesləri, yəni dərin qatlarda baş verən proseslər Azərbaycanda o qədər də aktiv deyil. Özünə görə aktivdir, hərəkət davamlıdır, amma o dərəcədə intensiv deyil. Yəni Türkiyə, Yaponiya, İtaliya, Yunanıstan və hətta Rusiya ilə müqayisədə intensivlik daha azdır. Bu səbəbdən Azərbaycanda güclü, dağıdıcı zəlzələ gözlənilmir.

 

Amma Azərbaycanda hiss olunan zəlzələ qaçılmazdır. Ümumiyyətlə, bu seysmik aktivlik dünya miqyasında davam edəcək, hər yerdə müəyyən aktivlik olacaq. Azərbaycanda isə hiss olunan - 3,5–4,5 bal gücündə, bəzən də 5 bal gücündə zəlzələlər baş verə bilər”.

Tarix: 11 Avqust 2025, 13:55   
Chosen
31
50
pravda.az

10Sources