Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, sahibkarlığı dəstəkləmək, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalını təşkil etmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə Parkın ərazisi böyüdüləcək.
Nazirlər Kabineti Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən və “Azərboru” Açıq Səhmdar Cəmiyyətinin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmçinin, İqtisadiyyat Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün müvafiq tədbirlər görmək tapşırılıb.