Hərbi rəhbərliyi devirməyə cəhddə ittiham olunan hərbçilər həbs edilib
Ajans.az BBC-ə istinadən xəbər verir ki,rəsmi hakimiyyət həbslərlə bağlı açıqlama verməyib. İlkin məlumatlarda saxlanılanlar arasında Mopti bölgəsinin keçmiş qubernatoru general Abass Dembele və Mali ordusunun yüksək rütbəli qadın zabitlərindən biri – general Nema Saqaranın da olduğu iddia edilib. Lakin general Dembeleyə yaxın mənbələr BBC-yə onların həbs olunmadığını bildirib. AFP xəbər agentliyi, hərbi və xuntanın dəstəklədiyi Milli Keçid Şurasındakı mənbələrə istinadən, saxlanılanların hökuməti devirməyi planlaşdırdıqlarını yazıb. Milli Keçid Şurasının üzvü olan anonim deputat isə “Hamısı hərbçidir. Məqsədləri xuntanı devirmək idi” deyib. Onun sözlərinə görə, təxminən 50 nəfər saxlanılıb. Təhlükəsizlik mənbələri isə “qurumlarda sabitliyi pozmaq cəhdləri” ilə əlaqədar ən azı 20 nəfərin həbs olunduğunu bildirir. Həbslər, xuntanın keçmiş baş nazirlər Mussa Mara və Çoqel Mayqaya qarşı korrupsiya və dövlətin nüfuzuna xələl gətirmək ittihamları ilə həyata keçirdiyi təzyiqlərin fonunda baş verir. Mara avqustun 1-dən həbsdədir, Maiga isə məhkəmə sanksiyaları ilə üzləşir. Xunta may ayında nadir anti-hökumət etirazlarından sonra bütün siyasi partiyaları ləğv edib. Mussa Mara bunu, hərbi rəhbərliyin ötən il başladığı barışıq təşəbbüslərinə ağır zərbə kimi dəyərləndirib. 2020 və 2021-ci illərdə iki çevrilişlə hakimiyyəti ələ keçirən general Asimi Goita ötən il seçkilər keçirəcəyini vəd etsə də, bu baş verməyib. İyul ayında keçid müddəti beş il uzadılıb və Goita-nın ən azı 2030-cu ilə qədər hakimiyyətdə qalacağı rəsmiləşib. Mali 2012-ci ildən bəri islamçı üsyanla mübarizə aparır. Xuntanın hakimiyyəti ələ keçirməsinin əsas səbəblərindən biri də bu idi. Lakin Fransa ilə əlaqələri kəsib, Niger və Burkina Faso ilə yanaşı Rusiyadan dəstək alsa da, cihadçı hücumların qarşısını almaqda ciddi irəliləyiş əldə olunmayıb.