EN

“Vaşinqton görüşü Azərbaycan və Ermənistan üçün yeni başlanğıcın təməlini qoydu” Deputat

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"Avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda tarixi anlar yaşandı. ABŞ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü çərçivəsində əldə olunan razılaşmalar Cənubi Qafqaz üçün sülh, əməkdaşlıq və tərəqqi dövrünün başlanğıcı oldu".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı ABŞ-də baş tutan tarixi görüşü şərh edərkən deyib.

"Cənab Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və yerli media nümayəndələrinə verdiyi müsahibə görüşün əhəmiyyəti barəsində hər kəsdə aydın fikir formalaşdırır. Bilindiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın liderliyində Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya yarandı. Ölkəmiz işğal dövründə bizə  diqtə olunan narrativlərə son qoymaqla baxış bucağını dəyişdi və bölgədə yeni siyasi gündəliyin əsasını qoydu. Məhz bu səbəbdən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Vaşinqton səfəri uğurlu diplomatik strategiyanın, gücün, qalibiyyətin və bundan qaynaqlanan hörmətin manifestidir" - deyə deputat qeyd edib.

Deputat həmçinin bildirib ki, 907-ci düzəlişi ləğv etməsi qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində mühüm qərardır:

"Artıq rəsmi Bakı və Vaşinqton, həmçinin Bakı - Vaşinqton - İrəvan üçbucağında bölgədə yeni səhifə açılır. Dövlət rəhbərinin də qeyd etdiyi kimi, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Eyni zamanda prezident Trampın ABŞ-Azərbaycanın əlaqələrinin inkişafına mənfi təsir göstərən, tamamilə qərəzli və təhrif əsaslı 907-ci düzəlişi ləğv etməsi qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində mühüm qərardır. Təbii ki, ölkələrimiz bundan sonra daha dinamik və çevik metodlar çərçivəsində uğurlu əməkdaşlıq portfeli formalaşdıracaq". 

Günay Ağamalı bildirib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi növbəti diplomatik uğurumuzun təzahürüdür:

"Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və bir sıra fundamental razılaşmalar təkcə bölgəmiz üçün deyil, bütün dünya üçün böyük imkanlar vəd edir. Təbii ki, burada sərhədlərin qarşılıqlı olaraq tanınması, ərazi bütövlüyünə hörmətin təsdiqlənməsi və xüsusi olaraq Zəngəzur dəhlizi, onun Ermənistandan keçən hissəsinin adı ilə ""Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu” - nun açılması ilə ticarət yollarının canlandırılmasını Cənubi Qafqazı nəqliyyat-kommunikasiya qovşağına çevirmək gücündə olan strateji qərardır. Bununla yanaşı, münaqişə müddətində yalnız işğalçı tərəfin mövqeyini müdafiə edən, perspektivsiz missiya yaddaşlarda qalan ATƏT-in Minsk qrupunun ləğv edilməsi  növbəti diplomatik uğurumuzun təzahürüdür. Vaşinqton görüşü tərəflərin sülh istiqamətində iradəsinin simvolu illərdir davam edən qanlı səhifənin bağlanması nəticəsində yeni bir başlanğıcın təməlinin qoyulmasıdır".

Günel Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
76
50
azxeber.com

10Sources