EN

Makronun lahiyəsinin İFLASI – Aİ missiyasının fəaliyyəti DAYANDIRILMALIDIR

Azərbaycan Prezidentinin Vaşinqtona tarixi səfəri və Ermənistanla sülh istiqamətində atılan addımlar Cənubi Qafqazda yeni siyasi mərhələnin təməlini qoydu. Bununla da illərdir bölgədə “təhlükəsizlik müşahidəçisi” kimi təqdim olunan Avropa İttifaqının Ermənistandakı missiyasının aqibəti də sual altına düşdü. 
 

Xatırladaq ki, adıçəkilən missiya (EU Mission in Armenia – EUMA) 2023-cü ilin fevralında Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə işə başlamışdı. Rəsmi versiya sadə idi: sərhəddə gərginliyi azaltmaq, Ermənistanın təhlükəsizliyini qorumaq. Amma qeyri-rəsmi variantda səbəb başqa idi: kabab qoxusuna gəlmiş Fransa da “dağlanmış” Ermənistanı bəhanə edib regionda nüfuzunu artırmaq istəyirdi. 


Başı şəxsi münasibətlərinə qarışmış Makronun missiyası bu iki il ərzində eləcə gəzib-dolaşıb dağ havasını ciyərlərinə çəkəndən sonra, arada Ermənistan tərəfinin mənafeyinə “sığal çəkən” hesabatlar verdi, yəni başqa siyasi təsir gücü olmadı. 

Digər tərəfdən, onlar faktiki olaraq kəşfiyyatçılıqla məşğul olub, binoklla gördüklərini ölkələrinə ötürməyə çalışdılar. 

Elə Ermənistan üçün də bu missiya praktik deyil, simvolik funksiya daşıyırdı. Bir növ psixoloji təskinlik idi.  

İndi isə mənzərə dəyişib. Vaşinqton görüşündə münaqişə tərəflərinin yaxınlaşması, ABŞ-ın birbaşa məsələyə qarışması EUMA-nın mövcudluğunu əsassız edir. Əgər sülh sazişi paraflanıbsa və sərhəddə təhlükəsizlikdirsə,  onda Avropa İttifaqın missiyası daha hansı bəhanə ilə bölgədə qala bilər?

“Yerinə yetirilməmiş missiya...”

Bu suala aydınlıq gətirən millət vəkili Ceyhun Məmmədov Bizim Media-ya bildirdi ki, ABŞ görüşündən əldə olunan nəticələrdən sonra Avropa İttifaqının Ermənistandakı missiyasına indiki məqamda birmənalı olaraq ehtiyac yoxdur:
 

“Bu missiya onsuz da başqa işlərlə məşğul idi. İndi ortada birbaşa ABŞ-ın  prosesdə iştirakı var, missiyanın fəaliyyətinə ehtiyac qalmadı: Makronun planına son qoyulmalıdır. Ümumiyyətlə Makronun bölgəmizdəki bütün layihələri dayandırılmalıdır. 


Bu prosesləri təhlil edəndə o qənaətə gəlirik ki, artıq Azərbaycanla Ermənistan razılığa gəlib, ortaq qərar veriblər, bölgədə ABŞ rəhbərliyi ilə qlobal layihə var, belə olduğu təqdirdə hansısa əlavə bir dövlətin kəşfiyyat qrupunun, digər məqsədlərə qulluq edən layihəsinin olmasına ehtiyac yoxdur”, - deyə millət vəkili vurğulayıb.   

Şəfiqə Şəfa, Bizim Media

Chosen
75
50
bizim.media

10Sources