EN

Məcburi köçkün statusunun ləğvi hələ tezdir Deputat əsaslandırdı

ain.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində məcburi köçkünlərin geri dönüşü sürətlə davam edir. Prezident İlham Əliyevin bilavasitə nəzarət etdiyi “Böyük Qayıdış” prosesi çərçivəsində Füzuli, Zəngilan, Laçın, Şuşa və digər rayonlarda yaşayış üçün zəruri infrastruktur layihələri tamamlanıb və artıq minlərlə ailə doğma torpaqlarına köçürülüb. Mərhələli məskunlaşdırma strategiyası həm tikinti işlərinin koordinasiyasını, həm də əhalinin sosial rifahını nəzərə alır.

Hazırda ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Bərpa olunan kənd və şəhərlərdə məktəblər, xəstəxanalar, elektrik və su təchizatı sistemləri istifadəyə verilir. Dövlətin əsas prioritetlərindən biri də geri dönən vətəndaşların işlə təmin olunması və sosial inteqrasiyasıdır.

Eyni zamanda, bu mərhələdə “məcburi köçkün” statusunun hələlik saxlanılması məsələsi gündəmdə qalır.

“İlk növbədə qeyd etmək lazımdır ki, bu gün vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər ardıcıllıqla və sistemli şəkildə həyata keçirilir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, qısa müddət ərzində demək olar ki, bütün azad olunmuş ərazilərdə məskunlaşma prosesi aparılıb:

“Bilavasitə cənab Prezidentin özü bu proseslərə nəzarət edir. Vətəndaşlarımızın geri qayıtması üçün zəruri addımlar məqsədyönlü şəkildə atılır”.

Millət vəkili əlavə edib ki, bu gün Qarabağın hər bir qarışında genişmiqyaslı quruculuq və abadlıq işləri görülür:

“Bu isə dövlətimizin gücünü, qüdrətini və həyata keçirilən tədbirlərin ardıcıl və planlı şəkildə reallaşdırıldığını bir daha təsdiqləyir. Azərbaycanda bütün bu işlər dövlətimizin öz gücü və imkanları hesabına uğurla həyata keçirilir”.

Deputat onu da diqqətə çatdırıb ki, vətəndaşların doğma yurdlarına qayıtmasına baxmayaraq, məcburi köçkün statusu hələ də qüvvədədir:

“Bu status dövlət tərəfindən qorunur və vətəndaşlarımıza göstərilən dəstək çərçivəsində davam etdirilir.  Məcburi köçkün statusunun tamamilə ləğv olunması məsələsinə gəldikdə isə hesab edirəm ki, bu yalnız dövlətin verəcəyi qərar əsasında mümkün ola bilər. Müzəffər Ali Baş Komandanımız hansı dövrdə bunu məqsədəuyğun hesab edərsə, həmin vaxt bu istiqamətdə müvafiq qərar qəbul edilə bilər”.

C.Məmmədovun sözlərinə görə, bu status hələ bir müddət saxlanılmalıdır.

“Məskunlaşma prosesi davam edir. Hələ də bütün ərazilərimizə tam köç başa çatmayıb. Bununla yanaşı, vətəndaşların işlə təmin olunması kimi önəmli məsələlər də var. Bu baxımdan düşünürəm ki, bütün bu işlər birgə və mərhələli şəkildə həyata keçirilməlidir.

Məskunlaşma tam başa çatdıqdan, əksər ərazilərə köç prosesi tamamlandıqdan və insanlar işlə təmin olunduqdan sonra statusun ləğvi məsələsinə baxmaq olar. Zənnimcə, dövlətin bu sahədə verəcəyi qərar əsas və həlledici olacaq. Lakin hazırkı mərhələdə həmin statusun ləğvi tez olardı və bu məskunlaşma prosesində müəyyən çətinliklər yarada bilər”,- deyə deputat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
25
modern.az

10Sources