GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Avqustun 8-də Ağ Evdə baş tutan üçtərəfli – ABŞ, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə Prezident İlham Əliyev təklif etdi ki, Azərbaycan və Ermənistan ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərinə görə birgə şəkildə Nobel Sülh Fonduna müraciət etsinlər. Onun sözlərinə görə, Trampın həm Cənubi Qafqazda, həm də digər regionlarda sülh proseslərinə verdiyi töhfələr bu səviyyədə qiymətləndirilməyə layiqdir.
Bəs bu təklif reallaşarsa, hansı prosedurlar işə düşəcək? Nobel Sülh Komitəsinə müraciət necə və kim tərəfindən edilir? Bu tip müraciətlərə necə cavab verilir və cavab müddəti nə qədər çəkir? Donald Trampın Nobel Sülh Mükafatına real namizəd olması üçün hansı şərtlər əsas götürülür? Təkcə bir münaqişənin sülhlə sonlanması yetərlidirmi, yoxsa daha geniş miqyaslı nəticələr – məsələn, Ukrayna müharibəsinin başa çatması kimi tələb irəli sürülə bilərmi?
Globalinfo.az-a danışan siyasi elmlər doktoru, professor, deputat Elman Nəsirov deyib ki, İlham Əliyev görüşdə mühüm və unikal bir təkliflə çıxış edib.
O vurğulayıb ki, İlham Əliyev Donald Trampın həm Asiyada, həm Afrikada, həm də Cənubi Qafqazda sülh proseslərinə verdiyi töhfələr nəzərə alınaraq, Nobel Sülh Mükafatına layiq görülməli olduğunu bildirib:
“Dövlət başçısı əlavə edib ki, Ermənistanın baş naziri də bu təklifə etiraz etməyib və görüşdən sonra tərəflər Nobel Komitəsinə birgə müraciət etmək barədə razılığa gəliblər. Bu təşəbbüs iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Prezidentin bu mövqeyi heç də təsadüfi deyil. Tramp təxminən yeddi aylıq prezidentlik dövründə müxtəlif regionlarda mürəkkəb münaqişələrin həllinə əhəmiyyətli töhfələr verib. Xüsusilə Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi uzun müddət mümkün olmamışdı. Lakin Trampın şəxsi nüfuzu, təşkilatçılıq bacarığı və unikal təşəbbüsləri nəticəsində bu istiqamətdə tarixi irəliləyiş əldə olundu. ABŞ-la strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasına dair ilkin razılaşmalar əldə olunub və bununla bağlı işçi qrup yaradılıb. Gələcəkdə Ermənistan-Azərbaycan sülh müqaviləsinin də paraflandığı qeyd olunur. Bu isə sülh müqaviləsinin imzalanması üçün yeni imkanlar yaradır. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı problem də öz həllini tapıb, 907-ci düzəlişin fəaliyyəti dayandırılıb, ATƏT-in Minsk Qrupu isə artıq prosesdən kənarlaşdırılıb. Bu mühüm irəliləyişlərin hər birində Donald Trampın xüsusi rolu olub”.
Həmçinin oxuyun:
Əliyevlə danışan Tramp ümidləndi – Daha bir müharibənin üstünə gedir
Elman Nəsirov
Professor deyib ki, Nobel Komitəsinə ediləcək müraciətdən sonra İsveç parlamentinin formalaşdırdığı komitə bu namizədin xidmətlərini qiymətləndirəcək və qərar verəcək:
“Əgər müsbət qərar qəbul olunarsa, ənənəyə uyğun olaraq dekabrın 2-dən 10-na qədər Stokholmda Nobel Həftəsi keçiriləcək. Bu həftə ərzində şəhərin əsas memarlıq abidələri işıqlandırılır və Nobel Sülh Mükafatı sahiblərinin sülhə verdiyi töhfə rəmzi olaraq “Zülmətdən işığa çıxış” kimi təqdim olunur. Dekabrın 10-da isə mükafatın təqdimetmə mərasimi keçirilir. Nobel Sülh Mükafatı qalibinə 11 milyon İsveç kronu (təxminən 1,1 milyon ABŞ dolları) verilir. Trampın bu vəsaitə ehtiyacı olmasa da, mükafat onun beynəlxalq sülh və təhlükəsizlik sahəsindəki fəaliyyətinə verilən yüksək dəyər olacaq. Tramp hələ prezidentliyə gəlməmişdən əvvəl bildirmişdi ki, tarixdə sülhpərvər lider kimi qalmaq niyyətindədir. Onun dövründə yeni müharibələr başlanmayıb, əksinə, bir sıra mövcud münaqişələrin tənzimlənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Hazırda ABŞ və Rusiya siyasi liderləri arasında Alyaskada yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır. Bu görüşdə Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı da mühüm müzakirələrin aparılması gözlənilir. Əlavə olaraq, Trampın Hindistan-Pakistan gərginliyi və Kamboca-Tailand arasındakı münaqişənin tənzimlənməsində də rol oynadığı vurğulanır. Ən əsası isə, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasında göstərdiyi dəstək xüsusi qeyd edilməlidir”.
Elman Nəsirovun fikrincə, İlham Əliyevin mövcud təklifi Ermənistanın baş naziri Nikol Paşinyanın da dəstəkləməsi ilə artıq real müzakirə predmetinə çevrilib:
“Üstəlik, Nobel Fondunun maliyyə əsasının formalaşmasında tarixi olaraq Azərbaycanın neft gəlirlərindən əldə edilən vəsaitin rolu da nəzərə alınarsa, bu təşəbbüsə daha loyal yanaşmaq üçün əlavə əsaslar ortaya çıxır. Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama da Nobel Sülh Mükafatına layiq görülmüşdü. Halbuki onun prezidentliyi dövründə bu sahədə ciddi nəticələr müşahidə olunmamışdı. Hətta Obama özü də mükafatı aldıqda təəccübünü gizlətməmişdi. Müvafiq cavab verilmişdi ki, bu mükafat ona bir növ “avans” olaraq təqdim edilir. Lakin sonradan bugözləntilər doğrulmadı. Bütün bunları nəzərə alaraq, Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməsi həm məntiqi, həm də real əsaslara söykənir. Azərbaycan Prezidentinin irəli sürdüyü bu təşəbbüsün həyata keçməsi üçün siyasi və diplomatik imkanlar kifayət qədər mövcuddur”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.