EN

“Turan Tovuz”un çempionluq iddiaları – Ekspertlər nə düşünür?

“Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyevin iddialı açıqlaması son günlər ölkə futbolunun əsl gündəminə çevrilib. Belə ki, qərb klubunun rəhbəri mövsüm öncəsi açıqlamasında komandanın qarşısına çempionluq hədəfinin qoyulduğunu bildirdi.

Əlbəttə, Azərbaycan futbolunun beşiklərindən biri olan Tovuz təmsilçisinin çempionatda iddialı olması çox gözəldir. Üstəlik, Quliyev komandanın əsas sponsoru kimi çox iş görüb və “Turan Tovuz” üçün belə bir hədəf seçməsi müsbət haldı. “Turan Tovuz” ötən mövsüm ilk 4-lüyə düşməklə də iddiasını ortaya qoyub.

Ancaq çempionluq çox çətin hədəfdir.

Xüsusilə də ölkə futbolunda “Qarabağ”ın uzun illər hegemonluq etdiyi, “Sabah”, “Zirə”, “Neftçi” kimi klubların yeni mövsümdə daha da iddialı olacaqlarını nəzərə alsaq, “Turan Tovuz”un çempionluq şansları necə görünür?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən futbol eksperti, məşqçi Azər Bağırov “Turan Tovuz” rəhbərinin çempionluq hədəflərinin çox normal olduğunu və komandaya göstərilən diqqəti nəzərə alaraq qızıl medalları qazanmağa layiq olduqlarını deyib:

“Turan Tovuz” hazırda bölgə klubları arasında ən yaxşı şərait yaradılan komandadır. Klub üçün əla baza salınıb, hətta Bakıda da məşq etmək üçün meydança inşa olunub. Niyə də komanda çempionluğa oynamasın? Elə çempionluğa oynamağı məqsəd qoymalısan ki, komanda mükafatlara layiq yerlər tuta bilsin. Yəni həmişə irəli baxmaq lazımdır. Rəhbər kimi də iddialı olmaq çox yaxşıdır.

O ki qaldı digər klublarla rəqabətə...

Mənə elə gəlir ki, “Turan Tovuz”un çempion olması reallıqdan uzaq deyil. Elə götürək “Qarabağ”ı. Keçən mövsüm “Qarabağ”dan ən çox xal alan komanda məhz “Turan Tovuz” olmuşdu. İndiki vəziyyətdə digər klublar da mövsümə tam hazır deyillər və demək olar ki, eyni vəziyyətdədilər. Ona görə də mən hesab edirəm ki, istər “Qarabağ”la, istərsə də “Neftçi”, “Zirə”, “Sabah” və digər klublarla müqayisə etdikdə “Turan Tovuz” onlardan geri qalmır və çempionluq uğrunda mübarizə apara bilər”

Milli komandamızın sabiq məşqçisi Arif Əsədov da “Turan Tovuz”un çempionluq hədəfini normal hesab edir. Onun fikrincə, xüsusilə Kurban Berdıyev kimi bir məşqçinin kluba dəvət olunması qərb təmsilçisinin ciddi hədəflərindən xəbər verir.

Bununla belə o, komandanın çempionluğa hazır olmasının mövsümün gedişində bilinəcəyini düşünür:
 

“Turan Tovuz” klubunun rəhbərliyi komanda üçün yaxşı imkanlar yaradıb. Kurban Berdıyev kimi məşhur mütəxəssis dəvət olunub. Elə bu amil komandanın çempionluq üçün oynamasına işarə ola bilər. Keçən mövsüm də komanda yaxşı çıxış etdi. Hətta uzun müddət liderlər qrupunda gedirdi. Yalnız son anda klub Avroliqalardan kənarda qaldı.


Bu il isə komandanın qarşısına daha yüksək hədəf qoyulub. Ancaq biz çempionatın gedişində biləcəyik ki, “Turan Tovuz” çempionluğa hazırdır, yoxsa yox. 5-6 klubumuz var ki, onlar çempionluğa oynaya bilər, onlardan da biri “Turan Tovuz”dur. Şəxsi fikrimcə komanda hətta ilk üçlüyə düşsə belə, bunu onlar üçün uğur saymaq olar”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
66
14
bizim.media

10Sources