EN

Vaşinqtonda sülh müqaviləsi: Cənubi Qafqazın yeni xəritəsi çizilir

Bu günlərdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda sülh müqaviləsinin paraflanması və Birgə Bəyannamənin imzalanması təkcə Cənubi Qafqazın deyil, onilliklərdir mühüm hadisələrə səhnə olan daha geniş regionun da diplomatik dönüş nöqtələrindən biri kimi tarixə düşdü.

Müqavilənin maddələrinə və imzaların ardından gələn regional reaksiyalara nəzər saldıqda, sənədin yalnız iki ölkə arasındakı sərhəd tənzimləməsi ilə məhdudlaşmadığı, regional təhlükəsizlik arxitekturasına, enerji və tranzit marşrutlarının istiqamətinə, hətta Rusiya və İranın manevr imkanlarına birbaşa təsir göstərdiyi görünür.

Tarixi fonuna nəzər saldıqda, region xüsusilə son 30–35 ildə “dondurulmuş münaqişələr”, qəfil hərbi toqquşmalar və ATƏT-in Minsk qrupu ölkələri ilə yanaşı, Çindən Avropa İttifaqına qədər çoxsaylı aktorun təsir göstərmək istədiyi bir məkana çevrilmişdir.

Məhz bu səbəbdən, Azərbaycanın Qarabağ müharibəsində qazandığı böyük qələbənin diplomatik müstəvidə də təsdiqlənməsi xüsusi əhəmiyyət kəsb edirdi.

ABŞ Prezidenti Trampın imzası Vaşinqtonun bölgədə yenidən fəal rol alma niyyətini, Prezident Əliyevin imzası Bakının döyüş meydanındakı qələbəsini iqtisadi və strateji üstünlüklə möhkəmləndirmək istəyini, Paşinyanın imzası isə Ermənistanın artıq Rusiyanın təsir dairəsindən çıxaraq reallığı qəbul etdiyini göstərirdi.

Müqavilənin ən mühüm cəhətlərindən biri isə şübhəsiz ki, Sovet İttifaqının dağılmasından sonra regiondakı “dondurulmuş münaqişələrdən” birinin ilk dəfə həllini tapması oldu.

Nəticədə sərhədlərin rəsmən tanınması və qarşılıqlı suverenlik hüquqlarının qəbul edilməsi tərəflər arasında yeni bir dövrün qapısını açmaqla yanaşı, regionun gələcək taleyini də yenidən formalaşdırmaq potensialına malikdir.

Müqavilə nələri dəyişdirəcək?

Müqavilənin detallarına baxıldığında xüsusilə hərbi qüvvələrin geri çəkilməsi və təhlükəsizlik zəmanətləri bəndləri diqqət çəkir.

Bəzi ərazilərdən ağır silahların çıxarılması və bu bölgələrdə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi qısamüddətli perspektivdə toqquşma riskini azaltsa da, uzunmüddətli baxışda müşahidə mexanizmlərinin kim tərəfindən icra olunacağı və hansı qüvvələrin sahədə olacağı barədə yeni diplomatik mübarizənin başlanacağı gözlənilir.

Çünki Rusiya tarixi təsirini qorumaq üçün zəmanətçi rolundan əl çəkmək istəməyəcək, İran isə sərhəd təhlükəsizliyi ilə yanaşı, Orta Dəhlizdəki rolu və bölgədəki etnik balans səbəbilə hər addımı diqqətlə izləyəcək.

Digər tərəfdən Zəngəzur dəhlizinin açılması bölgədə iqtisadi baxımdan inqilabi nəticələr doğuracaq.

Bu dəhliz Qara dənizlə Hind okeanı arasında quru əlaqəsi yaradaraq həm Şimal, həm də Orta Dəhliz üçün qlobal ticarət axınını dəyişdirmək gücünə malikdir.

Lakin dəhlizin hüquqi statusunun hələ tam müəyyənləşməməsi, üçüncü tərəflərin prosesə müdaxilə edərək sabotaj cəhdlərini artırmaq riskini daşıyır. Rusiya Şimal Dəhlizinin zəifləməsinə qarşı tədbir görəcək, İran isə Orta Dəhlizdə təsirinin azalmasını və yeni dəhlizin sərhədinə yaxın olmasını təhlükəsizlik problemi kimi qəbul edəcək.

Bu səbəbdən, müqavilənin gələcəyinin “tikansız gül bağı” olmayacağı açıq görünür.

Aktorlar Arasındakı Balanslar

Rusiyanın mövqeyi, əsasən, müqavilənin onun maraqlarına təsirindən asılı olacaq.

Moskva Cənubi Qafqazdakı nüfuzunun Vaşinqton vasitəsilə azaldığı qənaətinə gələrsə, diplomatik təzyiq, enerji resursları üzərindən təsir və ya yerli müttəfiqlər vasitəsilə asimmetrik addımlar atması ehtimalı yüksəkdir.

İran isə daha çox təhlükəsizlik prizmasından yanaşaraq, müqaviləyə yazılı zəmanətlər əlavə etdirməyə çalışacaq.

Başqa sözlə, hər iki ölkə prosesdən tamamilə kənarda qalarsa, müqavilənin icrasını çətinləşdirəcək addımlar atmaqdan çəkinməyəcək.

Müqavilə çərçivəsində Türkiyənin mövqeyi həm imkanlar, həm də risklər daşıyır.

İmkan tərəfi — dəhliz və enerji xətlərinin qovşağı olmaq, regional ticarət və logistika potensialını artırmaq, Cənubi Qafqazda fəal diplomatik oyunçu mövqeyini gücləndirməkdir.

Risk tərəfi isə — Rusiya və İranla balansın pozulması və təhlükəsizlik xərclərinin artmasıdır.

Bu səbəbdən Ankara prosesə yalnız müşahidəçi kimi deyil, fəal zəmanətçi kimi qoşulmalı, həm sahədə təsirini artırmalı, həm də Azərbaycanı beynəlxalq arenada yalnız buraxmadığını nümayiş etdirməlidir.

Nəticə

Müqavilədən sonra xüsusən qarşıdakı altı ay ərzində simvolik uğurlar və etimad artırıcı addımlar müşahidə oluna bilər.

Lakin tarixi təcrübə göstərir ki, tranzit dəhlizlərin işləməsi, investisiya layihələrinin başlaması və sərhəd təhlükəsizliyi mexanizmlərinin oturuşması üçün ən azı iki ilə ehtiyac var.

Bu müddətdə zəmanətçilər arasındakı balans qorunmasa, müqavilə asanlıqla “dondurulmuş münaqişə” statusuna qayıda bilər.

Nəticə etibarilə, Vaşinqton vasitəçiliyi ilə imzalanan belə bir sülh müqaviləsi güclü nəzarət, aydın təqvim və tərəflərin maraqlarını nəzərə alan elastik icra mexanizmləri ilə dəstəklənərsə, regionu uzunmüddətli sabitliyə apara bilər.

Əks halda, kağız üzərindəki sülh tezliklə sahədəki reallıq tərəfindən aradan qaldırılacaq.

Yaxın günlərdə Türkiyə və Azərbaycanın atacağı addımlar bu müqavilənin regional uğurmu, yoxsa qaçırılmış fürsətmi olacağını müəyyən edəcək əsas amillərdən biri olacaq.

Türkiyədən xüsusi olaraq Editor.az üçün, 

Adəm Kılıç

Siyasi şərhçi, analitik

Chosen
83
50
editor.az

10Sources