EN

Ermənistan radikalları Azərbaycanla razılaşmalara qarşı təxribatlara başladı...


Avqustun 8-də ABŞ prezidentinin Ağ Evdə Ermənistan və Azərbaycan liderləri ilə birgə bəyannamə imzalaması, onun hansı nəticələrə gətirib çıxaracağı yenə dünya gündəmində əsas mövzulardan biri kimi qalmaqda davam edir.

Bu sənəd sülh sazişi deyil, amma iki ölkə arasında sülh sazişinin yekunlaşdırılması və ratifikasiya olunmasının vacibliyini təsdiqləyir. Əvvəla, ATƏT-in Minsk qrupunun buraxılması barədə razılıq əldə edilib, Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan eksklavına çıxışını təmin edəcək əsas tranzit dəhlizi yaradılır və “Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Marşrutu” adlandırılır. Gələcək qarşıdurmalardan imtina edilir. ABŞ hökuməti həmçinin Azərbaycana birbaşa hökumət yardımını qadağan edən 907-ci düzəlişin icrasını dayandırır. Bu düzəlişi həm də Konqres ləğv etməlidir, amma Co Bayden administrasiyasından öncəki hökumətlər də onu tətbiq etmirdilər. sülh müqaviləsinin paraflanması da mühüm addım hesab edilir. Qeyd edək ki, hər hansı müqavilənin paraflanması diplomatiya və beynəlxalq hüquqda tərəflər arasında razılaşdırılmış sənədin imzalanmasından əvvəl müvəqqəti təsdiqlənməsi prosesidir: Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”i Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihəsini paraflayıblar. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını bir daha təsdiq edir. Paraflanma sülh sazişinin hüquqi qüvvəyə minməsi demək deyil. Bununla belə, paraflanma prosesi də sülh yolunda çox vacib mərhələdir. Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq hesab olunur. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə aparıcı təhlilçisi Coşua Kuçera deyir ki, bu sammit sülh prosesində irəliyə addım olsa da, əldə olunan razılaşmalarla bağlı xeyli suallar var: “Ağ Evdə razılaşdırılan məsələlərin çoxu əslində Ermənistan və Azərbaycanın artıq prinsipial razılıq əldə etdiyi məqamların yenidən təqdimatı idi. Bakı və İrəvan bu addımı atmaqla Trampla münasibətləri yaxşılaşdırmaq, ona aralarındakı vasitəçi və sülhməramlı kimi təqdim olunacaq bir rol vermək istəyib”. Təhlilçi sülh sazişinin hələ də imzalanmadığını vurğulayır. Onun fikrincə, Azərbaycanın Ermənistana konstitusiyanı dəyişməklə bağlı tələbi yerinə yetrilən kimi bu imzalanacaq. Bundan öncə prezident İlham Əliyev deyib ki, sülh sazişinin ABŞ-də paraflanması o deməkdir ki, tərəflərdən heç birinin geri addım atacağına dair heç bir şübhə olmamalıdır: “Əgər belə fikirlərimiz olsaydı, biz bura gəlməzdik”. Ermənistandan keçmiş diplomat Edmon Marukyan deyir ki, TRIPP-lə bağlı razılaşmanın Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də imzalanması böyük narahatlıq doğurur, çünki bu halda Azərbaycan Ermənistan ərazisindən keçən kommunikasiya əlaqəsində maraqlı tərəfə çevrilir: “Bu, o deməkdir ki, Ermənistan öz ərazisindən keçən kommunikasiya xətti üzərində Azərbaycan dövlətini maraqlı tərəfə çevirir. Bu isə nə Konstitusiyamızda, nə qanunvericiliyimizdə nəzərdə tutulub və bunu hətta ən qorxulu yuxuda belə təsəvvür etmək mümkün deyil. Əliyevin Ermənistan ərazisindən keçəcək kommunikasiya xətti konsorsiumuna və ya ABŞ-ın eksklüziv iqtisadi hüququnun tətbiqinə nə aidiyyəti var ki, o, bu prosesdə bir maraqlı tərəf olmalıdır? Bu, mənim ilk reaksiyamdır. Əslində bu, göstərir ki, Azərbaycan prezidentinin həmişə təkid etdiyi kimi, azərbaycanlılar Ermənistan ərazisindən keçə biləcəklər və Ermənistan sərhədçiləri, gömrük xidməti onların qarşısına çıxmamalıdır”.

Marukyan bir məqama da diqqət çəkir ki, Ermənistan 10 noyabr, 2020-ci il atəşkəs bəyanatına da imza atıb və imzasını geri götürməyib. İndi isə başqa bir sənəddə də eyni məsələ nəzərdə tutulub: “Təsəvvür edirsinizmi nə baş verir?”. 2020-ci ilin 44 günlük İkinci Qabrabağ müharibəsini dayandıran 10 noyabr bəyanatında da Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan marşrutdan söz açılır. Həmin sənəddə bu marşrutun təhlükəsizliyini Rusiyanın Federal Təhlükəsizlik Xidməti təmin etməlidir. ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç Rusiyanın bu prosesdəki rolundan könüllü imtina etdiyini düşünmür. Çünki Moskva indiyədək sülh sazişində yalnız Rusiyanın vasitəçiliyi ilə irəliləyiş ola biləcəyini bildirib. TRIPP layihəsinə gəlincə, keçmiş səfir müəyyən mərhələdə Türkiyənin də bu prosesə daxil ediləcəyini deyir, çünki bu layihənin ona birbaşa təsiri var: “Avropanın da müəyyən iştirakı ola bilər, amma çox güclü olacağını gözləmirəm”. “907-ci düzəliş”in tətbiqinin dayandırılması məsələsində isə R.Kozlariç bir qədər ehtiyatlı olmağa çağırır, çünki prezident Konqresin iştirakı olmadan qanunvericiliyə əsaslı dəyişiklik edə bilməz: “O, bu maddənin tətbiqini dayandıra bilər, əvvəlki prezidentlər də bunu ediblər. Tramp da ilk müddətində bunu etmişdi. Bu, Baydenin yanaşmasından fərqlənir, amma Konqresin birbaşa təsdiqi olmadan bundan daha artıq addım atmaq çətindir”. Keçmiş səfir deyir ki, bundan sonrakı mərhələdə Rusiya və İranın atacağı addımlar, eləcə də Tramp-Putin arasında hər hansı görüş və ya razılaşma, Rusiyanın Ermənistan-Azərbaycan prosesinə münasibətinə birbaşa təsir göstərə bilər.

Tahir TAĞIYEV

Chosen
65
50
baki-xeber.com

10Sources