EN

Azərbaycan Ermənistanın hansı ərazisini əlində tutur? - Paşinyan qayıdan kimi aləmi qatdı....


Ilyas Hüseynov: “Vaşinqtonda imzalanan tarixi memorandumda bir sıra ziddiyyətli məsələlər həll olunur və müzakirələr üçün geniş perspektivlər açılır”

“Ermənistan ilə Azərbaycan arasında sərhədlərin demarkasiya prosesi davam etməlidir”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

O bildirib ki, elə ərazilər var Ermənistana məxsusdur, lakin Azərbaycanın nəzarətindədir: “Amma elə ərazilər də var ki, Azərbaycana məxsusdur, amma Ermənistanın nəzarətindədir. Ona görə də, demarkasiya prosesi davam etməlidir. Bizə aid olmayan əraziləri Azərbaycana qaytarmalıyıq. Azərbaycana aid olmayan ərazilər də bizə qaytarılmalıdır”.

Maraqlıdır, Paşinyan bu fikri ilə nə demək istəyib? Hansı əraziləri nəzərdə tutur? Bizim nəzarətimizdə Ermənistana aid hansı ərazi var?

“Qazaxın 3 kəndi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi hələ də Ermənistan ərazisindədir”

Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Vaşinqtonda imzalanan tarixi memorandumda bir sıra ziddiyyətli məsələlər həll olunur və müzakirələr üçün geniş perspektivlər açılır: “Hər iki ölkənin imza etdığı sənəddə bir sıra maraqlı məsələlər yer alıb. ATƏT-in Minsk Qrupunun buraxılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiya prosesi ciddi maraq doğurur. Sənəddə hər iki dövlətin Almatı bəyannaməsinə tərəfdar çıxması çox mühum amildir. Çünki 1991-ci ildə öz müstəqilliyini qazanan dövlətlərin dövlət sərhədləri həm də SSRİ dövründə mövcud olan inzibatı sərhəd kimi müəyyən ediləcək. Lakin burada bir sıra qəliz məsələlər var. Belə ki, anklav və eksklav mövcuddur. Delimitasiya və sərhəd təhlükəsizliyi prosesi çərçivəsində Qazaxın 4 kəndinin Azərbaycanın nəzarətinə verilməsi sülh prosesində böyük irəliləyiş kimi yadda qaldı. Məlumdur ki, Qazaxın 4 kəndinin Azərbaycanla quru əlaqəsi mövcuddur. Bu kəndlərin Azərbaycana verilməsi tarixi nailiyyət hesab edildi. Güc tətbiq edilmədən, bir güllə atılmadan biz bu uğura nail olduq. Lakin Ermənistan ərazisində Qazaxın 3 kəndi qalmaqdadır. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi hələ də Ermənistan ərazisindədir. Məsələnin qəliz tərəfi ondan ibarətdir ki, Azərbaycanın quru ərazisindən bu ərazilərə yol yoxdur. Yəni Ermənistanın dərinliyində Azərbaycana məxsus torpaqlar var. Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqton görüşündən sonra mətbuat konfrasında dediyi Azərbaycan ərazisində olan hissə Gədəbəy rayonunun Başkənt kəndidir. Ermənilər ona Arçıvaşen deyir. Beynəlxalq hüquqla Ermənistana məxsus ərazi Azərbaycandadır. Azərbaycan qalib dövlətdir, şərtləri diqtə edir. Vaşinqton görüşündə də məlum oldu ki, Azərbaycanın maraqları öz əksini tapdı. Ancaq kəndlər mövzusu da qarşıdakı dövrdə gündəmə gələcək. Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndi strateji ərazidə yerləşir. Bu kimi məsələlər danışıqlar yolu ilə öz həllini tapmalıdır. Məlum görüşdən sonra dövlətlər tarixi qərar verərək sülh yolunu seçdilər”.

Günel CƏLİLOVA

Chosen
63
22
baki-xeber.com

10Sources