EN

İLHAM ƏLİYEV YOLU

Zəfər diplomatiyasının müəllifi, 200 illik münaqişəyə son qoyan Lider

Ötən həftə dünyanın diqqətinin yönəldiyi Vaşinqtonda tarixi hadisələr yaşandı. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi kimi yaddaşlara yazıldı. 

Beş il öncə Azərbaycan öz gücünə cəmi 44 günə 30 illik Qarabağ münaqişəsini hərb yolu ilə həll etdi. Amma məğlub Ermənistan sülh sazişini bağlamamaq üçün müxtəlif imitasiyalara əl atdı. Lakin nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən Prezident İlham Əliyev diplomatik məharəti ilə 200 illik erməni uydurmasına birdəfəlik son qoydu. 

Sülh müqaviləsinin paraflanması ilə cənab İlham Əliyev beynəlxalq müstəvidə Azərbaycanın düşmənlərinin, xüsusən "bu gün-sabah Azərbaycan Zəngəzuru tutacaq", - deyib gecə-gündüz ölkəmizə iftira yağdıranların əlini-qolunu bağladı, onların arqumentlərini əllərindən aldı, ölkəmizin qlobal imicini daha da yaxşılaşdırdı.

Zəngəzur dəhlizi məsələsi İlham Əliyevin dahi gedişlərindən biridir. Aydındır ki, bu təşəbbüslə Laçın yoluna qarşı əks balansın yaradılması da nəzərdə tutulurdu. Ermənistan sadəlövhcəsinə düşünürdü ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizini unudacaq, sakitləşəcək. Amma əksinə oldu. 

İlham Əliyevə dəfələrlə bu barədə sual veriləndə, Prezident konkret olaraq deyirdi ki, bu yol açılacaq! Dedi və etdi də... 

Təxminən 5 ildir ki, Ermənisan məsələni yubatmağa çalışırdı. Bu ölkə "Sülh kəsişməsi" adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə - Zəngəzur dəhlizinin açılmasına nail olur. "Tramp yolu" adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gedişə nail olur. Ona görə də bu yolun bizim üçün bir adı var - İlham Əliyev yolu. 

Həm Prezident, həm də Ali Baş Komandan kimi ölkəmizə rəhbərlik etdiyi ilk gündən İlham Əliyev bütün tribunalardan Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bəyan edirdi, "Nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq", -  deyirdi və belə də oldu.

Məhz İlham Əliyevin diplomatiyası sayəsində onilliklərdir davam edən Azərbaycan-Ermənistan münaqişəsi yalnız hərbi qələbə ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmaq üzrədir. 

Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, İlham Əliyev bir addım belə geri çəkilmədi, əsl liderə xas olan qəyiyyət və prinsipiallıq nümayiş etdirdi, siyasi strategiyasını tam həcmdə uğurla reallaşdırdı.

Dünən Azərbaycanla təzyiq dilində danışmağa çalışanlar, bu gün reallığı qəbul etmək məcburiyyətindədirlər. Bu, qalib Prezident, regiona sülh gətirən İlham Əliyevin, Azərbaycan diplomatiyasının növbəti zəfəridir. 

Vaşinqton səfərinin nəticələri və regionumuzda davamlı sülhün təmin olunması üçün görülən işlər, İlham Əliyevin sülh prosesində liderliyi regionumuzu yeni müharibələrdən xilas etdi. Bəllidir ki, regionumuzu müharibələrə sürükləməyə çalışan şər qüvvələr var. Amma İlham Əliyev müharibədə qələbəni təmin edərək Azərbayacnın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək uğurla sülh gündəliyini də reallaşdırdı. Bu, regionumuzu, ölkəmizi yeni bəlalardan xilas etmək deməkdir.

ABŞ Prezidenti Donald Trampın "İlham Əliyevlə işləmək şərəfdir" bəyanatı təkcə diplomatik kompliment deyil, həm də liderin beynəlxalq legitimliyinin ABŞ səviyyəsində rəsmən təsdiqidir. Bu, İlham Əliyevin regional təhlükəsizlik memarı kimi qəbul edildiyini göstərir. İlham Əliyev həm hərbi mərhələdə, həm də post-konflikt diplomatiyasında həmin modelin uğurlu tətbiqini nümayiş etdirdi.

Azərbaycan və ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması niyyətini liderlər təsdiqlədi. Dünyanın bir nömrəli gücü ABŞ ilə strateji tərəfdaşlığa nail olmaq istənilən ölkənin marağındadır.

Bundan öncə Bayden-Blinken administrasiyasının məqsədi Azərbaycanı qaralamaq, gözdən salmaq idi. Antiterror tədbirlərindən, yəni suverenliyimizin tam təminatından sonra Azərbaycandan rəsmi nümayəndə heyətinin səfərlərini təxirə salmışdılar. Hətta ABŞ-də Azərbaycana qarşı sanksiyalar barədə düşünənlər var idi. Lakin Azərbaycan bütün bu təzyiqlərin qarşısında sınmadı, ləyaqətini itirmədi, milli maraqlarından bir addım belə çəkilmədi.

Bundan sonra strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat və ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsinə qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər. Artq Vaşinqtonda SOCAR-la "ExxonMobil" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

O ki qaldı sülh müqaviləsinin tezliklə imzalanmasına, bu daha çox Ermənistandan asılıdır. Əgər İlham Əliyevin şərtləri tez bir zamanda yerinə yetirilərsə, yəni İrəvan üzərinə düşən məsuliyyətə əsasən konstitusiysında dəyişikliklər edərsə, sənəd imzalana bilər. Ermənistan bu məsələni yibatmamalıdır, əks təqdirdə bu ilk növbədə ABŞ-yə və şəxsən Prezident Trampa hörmətsizlik olacaq. Ermənistan bu istiqamətdə nə qədər tez addımlar atsa, öz xeyrinə olacaq. 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

1Sources