Avstraliya Baş naziri Entoni Albanese bildirib ki, ölkəsi sentyabr ayında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacaq. Baş nazir bu addımı Orta Şərqdə zorakılıq dövrünü sona çatdırmaq, Qəzzadakı münaqişəni, əzabları və aclığı dayandırmaq üçün iki dövlətli həllin vacibliyi ilə əsaslandırıb.
Albanese Qəzzadakı humanitar böhrana diqqət çəkərək, İsrail hökumətinin beynəlxalq hüquqa meydan oxuduğunu, mülki əhaliyə, o cümlədən uşaqlara kifayət qədər yardım, qida və su çatdırılmasına imkan vermədiyini vurğulayıb. O, Fələstini tanıma qərarının sadəcə simvolik addım olduğu fikirlərini rədd edərək, bunun sülh prosesinə mühüm töhfə verəcəyini deyib.
Yeni Zelandiyanın Xarici İşlər naziri Uinston Peters də hökumətinin Fələstini tanıma imkanını nəzərdən keçirdiyini açıqlayıb. O, iki dövlətli həllin və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun uzun müddətdir dəstəkləndiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya, Fransa, Portuqaliya, Kanada və Malta da sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaqlarını bəyan ediblər. Türkiyə isə bölgədə daimi sülhün təmin olunması üçün iki dövlətli həllə dəstəyini bir daha təsdiqləyib.