Bir neçə gündür Azərbaycanlı TIR sürücülərinin İran sərhədində saxlanılması ilə bağlı məlumatlar yayılıb. İddialara görə, sürücülərə süni maneələr yaradılır, alış-veriş və yemək kimi gündəlik ehtiyaclarını təmin etmələrinə imkan verilmir.
Sözügedən vəziyyət nə ilə bağlıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, məsələnin kökündə İranı narahat edən əsas məqam Zəngəzur dəhlizində tikinti işlərini Amerika şirkətlərinin aparmasıdır:
“KİV-də yayılan məlumatlara görə, TIR sürücülərinə süni əngəllər yaradılıb. Bu isə sual doğurur: İran niyə məhz indi belə təzyiq üsullarına əl atır? Vaşinqtonda əldə edilmiş Azərbaycan-Ermənistan razılaşmaları, xüsusilə də Zəngəzur dəhlizinin “Tramp marşrutu” ilə əlaqələndirilməsi bu məsələdə rol oynayırmı?
Əslində, İran Prezidenti Pezeşkian bu barədə aydın açıqlama verib və məsələni şişirtməməyə çağırıb. O, İrandan Avropaya və Şimala gedən yolların bağlanmadığını, ölkəsinin maraqlarının nəzərə alındığını vurğulayıb”, - deyə deputat diqqətə çatdırıb.
Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycandan Azərbaycana gedən bir yol kimi nəzərdə tutulub və bu marşrutda heç bir tərəf uduşsuz qalmır:
“Bu layihə regionda iqtisadi tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıra bilər. Heç bir halda Zəngəzur dəhlizi üçüncü tərəfi, indiki halda İranı hədəf almır”.
Aygün Hüseyn, Bizim.Media