EN

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə ARTDI

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı vasitəsilə 419 271 bilet əldə edilib.

Bu barədə News24.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Ötən ilin 7 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17,5 % idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,4 %-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.

“Biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 330 reys olmaqla 376 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Xatırladaq ki, “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.


Chosen
20
21
news24.az

10Sources