EN

“İT ƏL ÇƏKDİ, MOTAL ƏL ÇƏKMİR” Qazaxlar da “rus sektoru”ndan imtina edir, biz isə

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Qazaxıstanda məktəblərdə rus sektoruna aid siniflərin sürətlə azalması müşahidə olunur. Özü də bu, hökumətin hər hansı bir qərarı, siyasəti ilə deyil, valideynlərin öz uşaqlarını getdikcə daha çox rus yox, qazax dilində oxutmağa üstünlük verməsilə bağlıdır. Bunu Qazaxıstanın Təhsil naziri Qəni Beysembayev deyib.

Nazirin sözlərinə görə, hökumət getdikcə daha çox respublika vətəndaşının övladlarını qazax dilində təhsil almağa üstünlük vermələrini müşahidə edir. O, gələcəkdə rus dili dərslərinin tamamilə bağlanması planlarının olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: "Dərhal deyim ki, belə planlar yoxdur. Çünki sinif seçimini valideyn edir, ona görə də (təhsil tələb olunan dildə) dərslər seçim yolu ilə açılır… Övladlarını qazax dilində tədris olunan siniflərdə oxutmaq istəyən valideynlərin sayı durmadan artır. Bu, belə bir tendensiyadır, ona görə də belə siniflərin sayı artırılıb. Bu, təbii prosesdir".

Maraqlıdır, həmin bu təbii proses bizdə nədən baş vermir? Doğrudur, Qazaxıstanda rusdilli siniflər bizimlə müqayisədə daha çoxdur. Ancaq nəzərə alaq ki, orada ruslar və digər millətlərin sayı da bizdəkindən qat-qat çoxdur. Odur ki, əsas məsələ say yox, tendensiyasdır. Azərbaycanda Qazaxıstanla müqayisədə əks tendensiya müşahidə olunur. Bir çox valideynlər az qala Təhsil Nazirliyi ilə qırğına çıxırlar ki, nədən övladlarına rus sektorunda yer tapa bilmirlər? Bu “rus sektoru sevgisi”nin haradan, nədən qaynaqlandığını anlamaq olmur və bunun guya rus sektorunda təhsilin keyfiyyətinin daha yüksək olması, dünya ədəbiyyatına, elminə yol açması ilə bağlı olduğu barədə deyilənlər isə bəhanə və cəfəngiyyatdır. Valideynin öz daxilindəki Azərbaycanı, azərbaycançılığı kiçik, aciz, dəyərsiz görmənin ört-basdır edilməsidir. Bəzi “ruskoyazıçnı” ziyalılarımız isə rus dilini “kələ-kötür” formada müdafiə etməklə, çaş-baş qalmış valideynləri daha da dolaşığa salırlar…

Digər maraqlı məqam odur ki, Rusiyanın özü belə son zamanlar öz ərazisində qeyri-rusların rus dilində təhsil ala bilməməsi üçün əlindən gələni edir. Rusiya Duması qeyri millətlərdən olan miqrantların uşaqlarının məktəbə qəbulunu əngəlləyən qanun hazırlayıb. Həmin qanuna görə, Rusiya vətəndaşı olmayan və qeyri millətlərdən olanların övladlarına orta təhsil pulla veriləcək. Yəni, Rusiyanın özündə qeyri-ruslar, o cümlədən Rusiya vətəndaşlığı olmayan azərbaycanlılar üçün rus dilində təhsil pullu olacaq! Azərbaycanda isə rus dilində təhsil pulsuzdur. Niyə?

Nəhayət, Rusiyada qəbulu gözlənilən bu qanunla ruslar sanki digər millətlərə “rus dilində təhsil almayın” deyir. Ancaq buna baxmayaraq, bizim bəzi ziyalılar və valideynlər “rus dili”, “rus sektoru” deyib yaxalarını cırırlar. Sanki “it əl çəkir, motal əl çəkmir ki, çəkmir”…

Görünür, bizim hələ də özünüdərketmə və öz milli kimliyini qəbuletmə sarıdan ciddi problemlərimiz qalır. Nə yazıq ki, canımızı bu problemdən və millət, xalq kimi natamamlıq kompleksindən hətta Qarabağdakı tarixi qələbəmiz də qurtara bilmədi…

Cəlal Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
2
azpolitika.info

3Sources