ain.az, Bakupost portalına istinadən məlumat yayır.
Sosial şəbəkələrdə yayılan iddialara görə, “Slavyanka” markalı içməli su sifarişdən bir neçə gün sonra yaşıl rəng alıb və yararsız hala düşüb. Şirkətin "Qaynar xətti"nə müraciət edən müştəriyə verilən cavabda rəng dəyişikliyinin səbəbi kimi günəş şüasının təsiri göstərilib. Lakin şikayətçi bildirir ki, həmin su evin içində, günəş işığı düşməyən yerdə saxlanılıb.
Qızmar yay günlərində böyükdən kiçiyə hər birimizin tez-tez istifadə etdiyi içməli su ilə bağlı belə hallar ictimai narahatlıq doğurur. Digər istehlakçılar da bəzi şirkətlərdən aldıqları sularda müəyyən müddət keçdikdən sonra nasosun (pompanın) yaşıl rəng aldığını iddia edirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az-a açıqlamasında bildirib ki, ölkənin müxtəlif yerlərindən götürüb saxladığı bulaq suyu nümunələri 8-10 gün sonra yaşıl rəng alır:
“Bu da o deməkdir ki, burada birbaşa təmizlənməmiş bulaq suyundan istifadə olunub. Mənim təcrübəm bunu göstərir. Günəşin təsirini mən istisna edirəm. Ola bilsin ki, bu iş bazarda olan "Slavyanka" şirkətinin əleyhdarları və yaxud rəqibləri tərəfindən həyata keçirilib. Yaxud işdən qovulmuş bir adam bunu edib. Və ola da bilər ki, belə keyfiyyətsiz, təmizlənməmiş su partiyası bazara çıxarılıb. Bu da mümkündür. Həmçinin istisna olunmur ki, bəzi su şirkətləri bir hissəsini krantdan doldurur, bir hissəsini təmizləyir, bir hissəsini isə təmizləmir. Mən öz ehtimallarımı dedim. Mütləq "Slavyanka" şirkəti bu halı aradan qaldırmalıdır”.
Məsələ ilə bağlı “Slavyanka” şirkətindən Bakupost.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatlar və ictimai narahatlığa səbəb olan iddialar dərhal şirkət rəhbərliyi tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılıb:
“Daxil olan şikayət əsasında istehlakçının təqdim etdiyi məlumatlar əsasında müəyyən olunub ki, məhsul qapalı məkanda saxlanılsa da, havanın temperaturu yüksək olub, uzun müddət ərzində su qeyri- optimal şəraitdə qorunub. Bu cür hallarda, xüsusilə yay aylarında, suyun qablaşdırıldığı polikarbon bidonların istiliklə reaksiyaya girməsi nəticəsində rəng dəyişikliyi baş verə bilər. Bu isə müstəsna hal olmaqla, ciddi nəzarət və daşıma-saxlama qaydalarına düzgün riayət edilmədikdə mümkündür.
Məlumat üçün bildiririk ki, "Slavyanka" məhsulları tam sertifikatlı, laborator analizlərdən keçmiş, keyfiyyət göstəriciləri təsdiqlənmiş şəkildə satışa təqdim olunur. Eyni zamanda, istehlakçı şikayəti daxil olduqdan dərhal sonra ona ətraflı izahat verilib, məhsul mübadilə olunub və qarşılıqlı anlayışla məsələ müsbət həll edilib. Həmçinin bildiririk ki, şikayəti bildirən şəxsin hazırda da şirkətin məhsulunun rəsmi alıcısı olması bizi sevindirir.
Qeyd edək ki, müştəri məmnuniyyəti bizim üçün prioritet dəyərdir. Bütün istifadəçilərimizə məhsulların daşınması və saxlanması zamanı temperatur rejiminə ciddi şəkildə əməl etməyi tövsiyə edirik".
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə də sorğu ünvanladıq. Qurumdan Bakupost.az -a cavab olaraq bildirildi ki, “Slavyanka” əmtəə nişanlı suları Gədəbəy rayonu, Zəhmətkənd kəndində fəaliyyət göstərən “Gədəbəy Mineral Suları” MMC-yə məxsus müəssisədə qablaşdırılır. Agentlik qeyd edir ki, həmin müəssisədə 10 mart 2025-ci il tarixində keçirilmiş yoxlama zamanı qazsız və qazlı sulardan nümunələr götürülüb, müayinələr aparılıb və uyğunsuzluq aşkar edilməyib.
“Eyni zamanda multimonitorinq planına uyğun olaraq, qablaşdırılmış içməli sularla bağlı keçirilmiş monitorinqlər zamanı “Gədəbəy Mineral Suları” MMC-yə məxsus “Slavyanka” əmtəə nişanlı 19 litrlik sulardan 05.08.2025-ci il tarixində təhlükəsizlik və keyfiyyət göstəriciləri, həmçinin etiket məlumatlarındakı minerallığın təyini ilə bağlı nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib. Hazırda müayinələr davam edir.
İstehsalçının bildirdiyinə görə, geri dönüşümlü, polikarbonat (19 litrlik) qablaşmada olan sularda günəş şüalarının birbaşa təsiri altında, uyğun temperaturda saxlanılmadıqda, eyni zamanda saxlama müddəti ötdükdə bu cür halların baş verməsi istisna deyil".
Bəs içməli suyun bir neçə gün ərzində yaşıl rəng alması hansı hallarda baş verir? Günəş şüası ilə təmas həqiqətən də suyun rənginin dəyişməsinə gətirib çıxarırmı? Belə dəyişiklik baş verən suyun içilməsi insan sağlamlığı üçün hansı risklər yarada bilər?
Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov Bakupost.az -a açıqlamasında bildirib ki, bu, aktual mövzudur və içməli suyun keyfiyyəti birbaşa insan sağlamlığı ilə bağlıdır. Onun sözlərinə görə, içməli suyun yaşıl rəng almasının ən çox rast gəlinən səbəbi mikroorqanizmlərin, xüsusilə yosunların və ya mavi-yaşıl bakteriyaların (siyanobakteriyaların) çoxalmasıdır:
“Onlar suyun tərkibindəki az miqdarda da olsa, qida maddələrindən və işıqdan istifadə edərək çoxala bilir. Günəş şüası suyun rənginin dəyişməsinə səbəb ola bilər. Su şəffaf butulkada saxlanılırsa və birbaşa və ya dolayı işığa məruz qalırsa, fotosintez qabiliyyətli mikroorqanizmlərin artması üçün ideal şərait yaranır. Bu da suyun yaşıl rəng almasına səbəb ola bilər".
Ekspert bildirir ki, əgər su qaranlıq yerdə saxlanılıbsa və yenə də rəng dəyişimi baş veribsə, bu aşağıdakı səbəblərdən ola bilər:
- İstehsal zamanı mikrobioloji çirklənmə. Su tam filtrasiya olunmamış ola bilər. Dezinfeksiya (məs., xlorlama və ya UV) yetərli olmayıb. İstehsal zamanı sanitariya qaydalarına əməl olunmayıb, nəticədə bakteriya və yosun sporları suda qalıb.
- Qablaşdırma materialının keyfiyyətsizliyi və ya çirkliliyi. Su doldurulan butulka və ya pompa steril deyilsə, onun içindəki mikroorqanizmlər çoxala bilər.
- Çox uzun müddət saxlanma və dövriyyənin olmaması. Suyun anbarda və ya satış nöqtəsində uzun müddət qalıb köhnəlməsi də rəng dəyişiminə səbəb ola bilər.
Fərid Səfərov həmçinin qeyd edib ki, belə suyun içilməsi insan sağlamlığı üçün risklər yaradır. Risklər aşağıdakılardan ibarətdir:
- Bağırsaq infeksiyaları (ishal, qusma, qızdırma).
- Zəhərlənmələr.
- Uşaqlarda və immun sistemi zəif olan şəxslərdə ciddi infeksiyalar qaraciyərə zərər verə bilər.
- Pis dad və qoxu da müşahidə oluna bilər, bu isə içməli su üçün qəbuledilməzdir.
Mütəxəssisin sözlərinə görə, suyun yaşıl rəng alması normal hal deyil və belə su istehlak edilməməlidir:
"İstehlakçılar su alarkən qablaşdırmanın düzgün olmasına, etibarlı və tanınmış brendlərə, pompa və butulkanın təmizliyinə, saxlama müddəti və temperatur rejiminə diqqət yetirməlidirlər. Problemli su nümunəsi analiz üçün müvafiq qurumlara - AQTA və ya Səhiyyə Nazirliyi laboratoriyalarına təqdim edilməlidir".
Lalə Novruz,
BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.