EN

Rusiyanın Azərbaycana dərin pislikləri xanlıqlar dövründən başladı... Davam edir...


Qasım Hacıyev: “Son 200 ildə başımıza gələn faciələrin baiskarı Rusiyadır”

Çar Rusiyasının Azərbaycan xanlıqlarını istila etmək üçün yürütdüyü yırtıcı və təcavüzkar siyasət tarixdən məlumdur.

I Pyotr dövründə başlanan və II Yekaterina zamanında da davam etdirilən Azərbaycanı ələ keçirmək siyasətinin arxasında həm də bütün Cənubi Qafqazı istila etmək planı dayanırdı. Çarizmin yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycan xanlıqları bir-bir qəsb edildi. Xanlıqlar dövründə Azərbaycana qarşı Rusiyanın siyasəti nəticəsində Gəncə, Qarabağ, Lənkəran xanlıqları işğal edildi, Qarabağ xanı İbrahim Xəlil xan xaincəsinə qətlə yetirildi, ardınca ermənilərin torpaqlarımıza köçürülməsi, azərbaycanlıların öz torpaqlarından deportasiyası kimi tarixi ədalətsizliklər baş verdi.

Çar Rusiyanın işğalı nəticəsində Azərbaycan torpaqları parçalandı, xalqımız böyük əzab-əziyyət çəkdi. Çarizmin işğalçılıq siyasətini davam etdirən bolşevik Rusiyasından da eyni münasibəti gördük, 23 aylıq Azərbaycan Xalq Cumhuriyyəti qəsb edildi, müstəqilliyimiz beşiyində boğuldu, ölkəmiz bolşevik istilasına məruz qaldı. 70 ildə xalqımızın başına gəlməyən oyunlar qalmadı, üstəlik də Azərbaycan torpaqları parçalanaraq ermənilərə verildi...Qərbi Zəngəzurun, digər ərazilərimizin ermənilərə peşkəş çəkilməsi bu acı hadisələrdəndir.

Qanlı caynaqlı Sovetlər Birliyi çökəndən sonra Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Biz müstəqillik əldə etdikdən sonra da Rusiya bizdən əl çəkmək istəmədi, xalqımız yenə də ən ağır bəlalara düçar oldu. Sovetlərin çöküşünə yaxın bolşevik Rusiyası xalqımıza 20 yanvar faciəsini yaşatdı. Bizim yaşadığımız problemlərin kökünün Rusiya ilə bağlı olması gizlin deyil. 20 Yanvar faciəsindən əvvəl Qarabağda erməni separatizmini alovlandıran Rusiyanın əli ilə xalqımız daha böyük dəhşətlər yaşadı. XX əsrin ən dəhşətli soyqırımı olaraq tarixə düşən Xocalı genosidini ermənilər məhz rus hərbiçilərinin yaxın dəstəyi ilə həyata keçirdi, bu vəhşətin törədilməsində Rusiyanın 366-cı motaatıcı alayının iştirakı danılmaz faktdır. Torpaqlarımızın Ermənistan tərəfindən işğalına Rusiyanın dayaq durduğu gün kimi aydındır. Ermənistana havadarlıq etməsi, onu silahlandırması nəticəsində torpaqlarımız 30 il işğal altında qaldı. Buna məhz Rusiya şərait yaratdı. 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, torpaqlarımız üzərində suverenliyimizin bərpa edilməsi faktı ilə Rusiya heç zaman barışmadı və təxribatlarını, yırtıcı siyasətini davam etdirməyə başladı. Yekaterinburqda soydaşlarımıza qarşı baş verən vəhşiliklər, ondan əvvəl təyyarəmizin vurulması və sair məsələlər Rusiyanın antiazərbaycan siyasətinin nümunələrindəndir.

“Bu dövlət çar Rusiyasından “miras” qalan yanlış siyasətdən dərs götürmək əvəzinə, bu irticaçı siyasətdən əl çəkmək istəmir”

Tarix elmləri doktoru, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, XVIII əsrdə bütöv Azərbaycan müxtəlif xanlıqlara bölündü. XV-XVI əsrlərdə 410 min kvadrat kilometr ərazisi olan böyük Azərbaycan dövləti sonrakı mərhələlərdə ayrı-ayrı xanlıqlara parçalandı, Azərbaycanın Şimal torpaqlarında, indiki Azərbaycan Respublikası ərazisində xanlıqlar yarandı. Q.Hacıyevin sözlərinə görə, ümumilikdə Azərbaycan ərazisində 20-yə yaxın xanlıq və sultanlıq yarandı və Azərbaycan torpaqları kiçik feodal dövlətlər tərəfindən idarə olunmağa başladı. “Çar Rusiyası Azərbaycan xanlıqlarını işğal edənə qədər Sibir xanlığını, Baltikyanı əraziləri, Qara dənizin sahillərini işğal edib böyük bir imperiya yaratmışdı. Artıq bu imperiyanın niyyəti Qafqazı ələ keçirmək və ordan isti dənizlərə doğru irəliləmək idi. Bu ərazilərin strateji əhəmiyyətə malik olması Rusiyanın diqqətini çəkirdi. Azərbaycanda bir-birinə düşmən münasibət bəsləyən, rəqabət aparan, bir sözlə yola getməyən xanlıqların, feodal dövlətlərin ərazisini işğal etmək üçün Çar Rusiyası böyük bir ordu toplayıb istilaçılığa başlayır. Rusiyanın işğalının əsas hədəflərindən biri Azərbaycan torpaqlarını ələ keçirmək idi. Rusiya Azərbaycan xanlıqlarını, xüsusilə də Şimalda yerləşən xanlıqların əksəriyyətini - Qarabağ xanlığını, Şəki xanlığını, Bakı xanlığını işğal etdi, ondan əvvəl isə Car-Balakən torpaqlarını, Gəncə xanlığını qəsb etmişdi. Çar Rusiyası İrəvan xanlığına qədər bütün xanlıqları, eyni zamanda Şimalda olan Quba və Dərbənd xanlıqlarını işğal etdi.

Onu da qeyd edim ki, 1805-ci ildə Qarabağ xanlığının Rusiyanın tabeliyinə keçməsi üçün Kürəkçay müqaviləsi imzalandı. Əslində bununla Qarabağ xanlığının faciəsinin əsası qoyuldu. İbrahimxəlil xanın ruslar tərəfindən xaincəsinə qətlə yetirilməsi, onun sonrakı taleyi göstərdi ki, Rusyaya etibar etmək, ona inanmaq olmaz. 1805-ci il iyul ayının 2-də İbrahimxəlil xan ailəsi ilə birlikdə rus zabiti Lisaneviç tərəfindən qətlə yetirildi. Bu xain planın Peterburqda hazırlandığı tarixi mənbələrdən məlumdur.

Qarabağın işğalından bir neçə il sonra da 1813-cü ildə bədnam “Gülüstan”, 1828-ci ildə isə “Türkmənçay” müqaviləsi imzalandı. Beləliklə, Azərbaycan iki yerə bölündü. Qacarlar dövləti ərazisində qalan Azərbaycan Cənubi Azərbaycan, indiki Azərbaycan Respublikasının ərazisi isə Şimali Azərbaycan adlandı. Şimali Azərbaycan Rusiyanın işğalı nəticəsində onun tərkibinə keçdi. Cumhuriyyət qurulduqdan sonra Rusiya yenə işğalçılıq siyasətini davam etdirdi. Sonra isə bu mənfur siyasəti bolşevik Rusiyasının həyata keçirdiyini gördük.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra biz Rusiyanın Çar Rusiyasından və bolşevik Rusiyasından heç də fərqli siyasət yürütdüyünü görmədik. Son 34 ildə Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi çirkin siyasətin təzahürlərini çox gördük. Çar Rusiyası vaxtilə erməniləri bizim ərazilərə köçürüb yerləşdirdi, 1988-ci ildə bolşevik Rusiyası erməniləri qızışdırdı, separatçılara meydan verdi, Ermənistan torpaqlarımızı işğal edib 30 ilə yaxın ərazilərimizi işğalda saxladı. Yüzlərlə azərbaycanlı öz doğma yurdundan didərgin salındı, Xocalı, Ballıqaya, Qaradağlı, Ağdaban, Meşəli, Bağanısayrım qətliamları, soyqırımları baş verdi. Bütün bunların arxasında duran Rusiya idi. Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın vətəndaşımız Ermənistan tərəfindən girov götürüldü, əsir alındı, hələ də onların taleyi naməlumdur. Ermənistanın arxasında Rusiya dayanmasaydı, onu silahlandırmasaydı, hər cür dəstək verməsəydi Ermənistan bu qədər irəli gedə bilməzdi.

Bu gün də Rusiya işğalçılıq planlarını gizlətmir, Azərbaycana qarşı da belə mənfur niyyətinin olduğunu tez-tez müxtəlif vasitələrlə büruzə verir.

Bütün baş verənləri analiz etdikdən sonra gəlinən nəticələr odur ki, son 200 ildə başımıza gələn faciələrin baiskarı Rusiyadır. Onun mənfur işğalçılıq siyasəti olmasaydı, xalqımız xanlıqlar dövründən bəri bu qədər acı faciələr yaşamazdı. Bu dövlət çar Rusiyasından “miras” qalan yanlış siyasətdən dərs götürmək əvəzinə, bu irticaçı siyasətdən əl çəkmək istəmir”

Q.Hacıyev əlavə etdi ki, Rusiyanın son zamanlar bu cür aqressiv siyasət yürütməsinin səbəblərindən biri Azərbaycanın müstəqil siyasət yürütməsi və Cənubi Qafqazda lider dövlətə çevrilməsi, dünya tərəfindən qəbul edilməsidir. Bunun Rusiyanı möhkəm qıcıqlandırdığını deyən Q.Hacıyev hesab edir ki, Rusiya Cənubi Qafqazda dayanıqlı sülhün düşmənidir və o, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qarşıdır. “Amma proseslər onu göstərir ki, Rusiyanın çirkin niyyəti hasil olmayacaq və Cənubi Qafqazda əminamanlıq, sülh bərqərar olunacaq. Azərbaycan dövlətinin yürütdüyü siyasətin hədəfi budur ki, Cənubi Qafqaz sülh, barış məkanına çevrilsin, çevriləcək də. Rusiyanın təxribatçı kampaniyaları bunun qarşısını ala bilməz. Vaxtilə qanlı işğallar nəticəsində çaynağına keçirdiyi Cənubi Qafqaz artıq onun nəzarətində deyil. Bu da onu narahat edir. Bizim bölgədə işğalçıya yer yoxdur”-deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA

Chosen
31
baki-xeber.com

1Sources