EN

Dünyanı hədələyən 5 təhlükə - Azərbaycandan da uzaqda deyil... Əhalinin 70 faizi..


Yay başlayandan bəri paytaxt Bakı və Azərbaycanın bir çox bölgələrində su qıtlığından şikayətlər eşidilir. Ümumyyətlə, Bakı da daxil olmaqla, ölkənin bəzi şəhər və rayonlarında su çatışmazlığı müşahidə olunur. Ölkədə su çatışmazlığı ilə bağlı şikayətləri müxtəlif sosial media platformalarında da oxumaq olar.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bir müddət əvvəl paytaxtdakı su çatışmazlığını havanın kəskin istiləşməsi, əhali artımı və normativə cavab verməyən tikililərlə izah edib. Qurum bildirib ki, əhalinin 70 fdən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir. Qurum açıqlayıb ki, hazırda bir çox ərazilərin su təminatı normal rejimə qaytarılıb. Paytaxt Bakıdan başqa Sumqayıt, Xırdalan, Gəncə şəhərlərinin, Zərdab, Yardımlı, Qəbələ, Quba sakinləri də sosial mediada su çatışmazlığından şikayətlərini paylaşıblar. Qeyd edək ki, su ilə bağlı problem təkcə Azərbaycanda yox, dünyada özünü getdikcə daha qabarıq büruzə verir. Elə buna görə, su böhranları artıq illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir. BBC yazır ki, bəzi ölkələrdə bu vəziyyət silahlı münaqişələrə səbəb olub. Bunun misalı kimi 2021-ci ildə Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşmalarını göstərmək olar. Həmsərhəd kəndlər arasında suvarma mübahisəsi hər iki tərəfdən onlarla insanın ölümü ilə nəticələndi. Eyni su problemi Özbəkistan və Tacikistan arasında da mövcuddur. Afrika ən böyük su münaqişələri görən regionlardandır. Efiopiyanın ərazisindən axan Nil çayının üzərində tikilən yeni bənd bu ölkənin Misir və Sudanla əlaqələrini kəskin şəkildə korlayıb. Hər iki ölkənin narazılığı “Nilin keşikçiləri” adlı birgə hərbi təlimlərlə nümayiş olunub. Sudana gəldikdə isə su resursları uğrunda aparılan və yüz minlərlə insanın ölümünə səbəb olan qanlı münaqişə ölkənin parçalanması ilə nəticələnib. Hindistanın şimal düzənlikləri dünyanın ən məhsuldar əkinçilik sahələrindən biridir, lakin bölgə Çindən aldığı suya möhtacdır və onun qıtlığı müntəzəm sərhəddəki mübahisələrə səbəb olur. 3 il əvvəl Qalvan vadisində baş verən toqquşmada 20 hindistanlı həlak olmuşdu. Burada sadalanan misalları davam etdirmək olar. Lakin suyun yaratdığı problemlərin qeyri-zorakı - səhiyyədən tutmuş, miqrasiyaya qədər başqa fəsadları da olur. 2017-ci ildəki şiddətli quraqlıq nəticəsində yaranan münaqişə və ərzaq qıtlığına görə Yəməndən tutmuş Nigeriyaya kimi Afrika və Yaxın Şərq ölkələrində 20 milyon insan evlərini tərk etmək məcburiyyətində qaldı.

Dünya Resursları İnstitutunun məlumatına görə, dünya əhalisinin təxminən üçdə biri - təxminən 2,6 milyard insan ciddi su qıtlığı olan ölkələrdə yaşayır. Su və kanalizasiyaya çıxışın olmaması dəhşətli nəticələrə səbəb olur və antisanitar şərait uşaqların ikinci ən çox yayılmış ölüm səbəbidir. Hər il 1,8 milyon uşaq ishaldan ölür ki, bu da Nyu-York və Londonda beş yaşınadək bütün körpələrin sayına bərabərdir. Beynəlxalq təşkilat, qurum və mütəxəssislər xəbərdarlıq edirlər ki, su ehtiyatlarının qıtlığı münaqişələrə və milyonlarla insanın miqrasiyasına səbəb ola bilər. BMT Baş Məclisinin 2010-cu ildəki qətnaməsi su və sanitariyaya çıxışı insan hüquqlarının təminatında mühüm amil kimi tanıyır. Sənədə əsasən, su keyfiyyət və qiymət baxımından məqbul olmalıdır. Yəni, onun dəyəri ev təsərrüfatlarının gəlirinin üç faizindən çox olmamalıdır. Həmçinin su fiziki cəhətdən də əlçatan olmalıdır. Bu, o deməkdir ki, su mənbəyi evdən 1000 metr məsafədə olmalıdır və onun gətirilməsi 30 dəqiqədən çox vaxt tutmamalıdır. Ümumdünya Resurslar İnstitutunun məlumatına görə, hazırda 36 ölkə artıq yüksək su stressi şəraitində yaşayır. Bu isə o deməkdir ki, yaşayış məntəqələri, sənaye və təsərrüfatlar tərəfindən tələb olunan su mövcud ehtiyatları tam istifadə edir. Bundan başqa, dünya əhalisinin sürətli artımı məhdud resurslara təzyiqi daha da artırıb. Eyni zamanda, problemə öz təsirini iqlim dəyişikliyi ilə bağlı amillər göstərir və bəzən çox yağış görən bölgələr daha da çox su alır, quru olanlar isə daha da səhralaşır. Baham adaları, Maldiv adaları və Malta kimi bir sıra ölkələr bütün su ehtiyaclarını duzsuzlaşdırma prosesi vasitəsilə qarşılayır. Səudiyyə Ərəbistanı bu yolla içməli suyun təxminən 50 faizini əldə edir. Dünya Bankının saytındakı Azərbaycan barədə məqalədə deyilir ki, hökumət suvarma kanallarından tutmuş bəndlərə, su təchizatı obyektlərinə qədər mühüm infrastruktura 3 milyard dollardan çox sərmayə qoyub. Son iyirmi ildə 50-dən çox şəhərdə böyük investisiya proqramı vasitəsilə su təchizatına çıxış artıb. Bu arada Dünya Bankı və Asiya Bankının ötən ilki proqnozlarına görə qarşıdan gələn illər ərzində Azərbaycanda havanın orta temperaturu qlobal göstəricilərdən daha sürətlə yüksələcək. Bu amil, o cümlədən kənd təsərrüfatı məhsuldarlığını azalda, səhralaşma və torpağın şoranlaşması problemlərini kəskinləşdirə, suvarma tələbini artıraraq ölkənin su təchizatına daha çox təzyiq göstərə bilər. O səbəbdən məsələyə diqqətin artırlması zəruri hesab olunur.

Ramil QULİYEV

Chosen
89
21
baki-xeber.com

10Sources