EN

Piyadaların yollarda ehtiyatsızlığı: gözardı edilən təhlükə

Şəhər həyatının ayrılmaz hissəsi olan küçələr və yollar hər gün minlərlə insanın həyat ritmini müəyyən edir. Nəqliyyat vasitələrinin artımı, urbanizasiyanın sürətlənməsi və nəticədə piyada axınının intensivləşməsi yol hərəkəti təhlükəsizliyini aktual mövzuya çevirir. 

Amma Allah etməmiş, bir hadisə baş verəndə çox zaman günah sürücülərə yönəldilir, baxmayaraq ki, piyadaların yollarda ehtiyatsız davranışları da az qala hər gün baş verən həmin hadisələrin əsas səbəblərindən biridir. Götürək piyada keçidlərini.

Kim inkar edər ki, piyadalar üçün nəzərdə tutulmuş yeraltı və yerüstü keçidlər qəzaların qarşısının alınmasına xidmət etmir. Amma nə edəsən ki, çox vaxt planlansa da, piyadaların məsuliyyətsizliyi, keçidlərdən istifadə etməmələri nəinki onların öz həyatları, həm də sürücülər üçün təhlükə yaradır. Piyada olmaq yolun sahibi olmaq demək deyil. Əksinə, piyada yol hərəkəti qaydalarına daha ciddi əməl etməlidir, əks halda həyatını bir anın içində itirə bilər. Hansımız şahidi olmamışıq  piyadaların avtomobillərə fikir vermədən qəfil yola çıxmalarını, keçidlərdən istifadə etməmələrini, qırmızı işıqda yolu keçmələrini, keçdikləri yola yox, əllərindəki telefona baxmalarını. Bu cür etinasız davranışlar, sadəcə, bir ehtiyatsızlıq deyil, həm öz həyatına, həm də digər yol istifadəçilərinin həyatına təhlükə yaratmaqdır.

Ən böyük problemlərdən biri də piyadalarda "mən keçim, maşın dursun" kimi düşüncənin yayılmasıdır. Halbuki avtomobilin dayanma məsafəsi, sürəti və sürücünün reaksiyası kimi amillər bəzən bu "haqq"ı alt-üst edir. Unutmaq olmaz ki, avtomobilin dayanması üçün müəyyən zaman və məsafə tələb olunur. Bu baxımdan piyadaların "məni görəcək və dayanacaq" düşüncələri bəzən faciə ilə nəticələnir. 

Təəssüf doğuran hallar sırasında bəzi piyadaların zolaqlı piyada keçidlərini nümayişkaranə şəkildə, həddindən artıq yavaş və arxayınlıqla keçmələri də diqqətçəkən məqamlardandır. Sanki avtomobil yolunda yox, şəxsi həyətində hərəkət edirmiş kimi, piyada zolağından ləng addımlarla, telefondan istifadə edərək və ya söhbət edə-edə keçmək qəza riskini artırmaqdan başqa, sürücülərin əsəblərini də oynadır. 

Digər bir mühüm məsələ isə azyaşlı uşaqlar və yaşlılarla bağlıdır. Azyaşlı uşaqlar yol hərəkəti qaydalarını tam mənimsəmədiklərindən xüsusən avtomobillərin intensiv hərəkət etdiyi ərazilərdə valideynləri onları nəzarətsiz buraxmamalıdırlar. Yaşlı insanlar isə bəzən hərəkət, görmə və eşitmə problemləri olduğu üçün yollarda ikiqat diqqətli olmalıdırlar. 

Qeyd etdiyimiz səbəblər üzündən yollarda bədbəxt hadisələrdən sığortalanmaq üçün maarifləndirmə işləri gücləndirilməlidir. Məktəblərdə şagirdlərə yol hərəkəti qaydaları öyrədilməli, media vasitəsilə ictimaiyyətə təhlükənin səbəbi, miqyası və ondan qorunmaq yolları izah edilməlidir. Həmçinin şəhər infrastrukturu piyadaların təhlükəsizliyini təmin edəcək şəkildə dizayn olunmalıdır. Aydın işarələnmiş piyada keçidləri, işıqforlar, səki kənarlarında baryerlər və xəbərdarlıq lövhələri bu istiqamətdə vacib rol oynayır.

Unudulmamalıdır ki, yol hərəkəti təhlükəsizliyi birgə məsuliyyətdir və bu məsuliyyətin öhdəsindən yalnız qaydalara əməl etməklə gəlmək mümkündür. Təhlükəni görmək və ondan qaçmaq azdır, təhlükənin yaranmasına səbəb olmamaq da lazımdır. 

Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Chosen
58
35
azerbaijan-news.az

10Sources