EN

Müstəqillik elanından sonra Rusiyanın Azərbaycana vurduğu yaralar hələ sağalmayıb...


Mehman İsmayılov: “Rusiya Azərbaycanın ərazisində üç yerdə separatçı ocaq alovlandırmışdı”

XX əsrin sonlarına yaxın xalqımızın misilsiz mübarizəsi nəticəsində Azərbaycan sovet imperiyasının qanlı pəncələrindən azad olub dövlət müstəqilliyini bərpa etdi. 1920-ci ildə bolşevik Rusiyasının süqut etdirdiyi Azərbaycan Xalq Cumhuriyyətinin varisi olaraq, Azərbaycan Respublikası 1991-ci ilin 18 oktyabrındamüstəqilliyini elan etdi. Azərbaycanın müstəqil dövlət olması bolşevik əhval-ruhiyyəsindən qopmaq istəməyən, totalitar rejimin siyasətini indinin özündə də davam etdirən Rusiyanı daim narahat edib.

1988-ci ildə Azərbaycan xalqı ayağa qalxıb “xaqlar həbsxanasından”- SSRİ-dən ayrılmaq istəyini dilə gətirəndə rəsmi Kreml erməni separatizmini alovlandırdı, Ermənistanı Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirdi, özü də işğalçı ölkənin arxasında durdu, təcavüzü dəstəklədi, erməniləri silahlandırdı, hərbi qüvvəsi ilə onlara açıq dəstək verdi. Bütün bunlar tarixi faktlardır. Hələ Azərbaycan dövlət müstəqiliyini bərpa etməzdən əvvəl Bakıda Sovet ordusu 20 Yanvar qətliamını törətdi, azərbaycanlıların kütləvi qırğınına rəsmi Kremlin rəhbərləri göstəriş verdi. Amma Azərbaycan xalqının iradəsini qıra bilmədilər, xalqımız öz istəyinə çatdı və Azərbaycan müstəqil oldu. Aydındır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra baş verən problemlərin kökündə Rusiyanın təxribatçı niyyətləri dayandı. 20 Yanvar faciəsindən sonra bəşəriyyətin ən qanlı faciəsi - Xocalı soyqırımı həyata keçirildi. Bu genosidin törədilməsində ermənilərlə yanaşı rus ordusunun hərbiçiləri də yaxından iştirak etdi. Torpaqlarımızın işğalı prosesi gücləndi. Dediyimiz kimi, Rusiya Ermənistana dayaq durdu, onu silahlandırdı, hərbi qüvvələrlə təmin etdi və nəticədə torpaqlarımız 30 il işğal altında qaldı.

Dövlət müstəqilliyimizin elanından sonra Rusiya Azərbaycana hansı problemləri yaratdı?

“Kreml hakimiyyəti Azərbaycana qarşı bütün vəhşilikləri törətməyə başladı”

Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Moskvanın Azərbaycana qarşı tutduğu xəyanətkar mövqeni biz hələ Sovet İttifaqının dövründə görmüşük, hər zaman Kreml hakimiyyəti Azərbaycana qarşı nifrət püskürüb: “Hələ Sovet dövründə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda “Miatsum” hərəkatını ssenariləşdirən və sonra da ona dirijorluq edən Kreml hakimiyyəti idi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dəstək verən, onu maliyyələşdirən, silahlandıran, informasiya dəstəyi ilə təmin edən Moskva idi. Azərbaycanın 17 min kvadratkilometr ərazisini işğal edən, onu guya ermənilərin “millətlərin öz müqəddəratını təyin etməsi uğrunda mübarizəsi” kimi qələmə verən Kreml hakimiyyəti idi. SSRİ dövründə Sovet İttifaqının mərkəzi hakimiyyətinin Azərbaycan xalqına, bizim respublikaya qarşı həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin həddi-hüdudu yox idi. Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra Sovet İttifaqı yıxıldığı dövrdə Moskvanın türk-müsəlman respublikalarına qarşı xüsusi cəzalandırma əməliyyatları həyata keçirildi,Kreml hakimiyyəti Azərbaycana qarşı bütün vəhşilikləri törətməyə başladı. Hələ Sovet vaxtında bir ictimai qınaq var idisə, Sovet İttifaqının tərlibində Rusiyanın Azərbaycana qarşı bir az əl-qolu bağlı idisə, Sovet İttifaqı dağılandan sonra Moskvanın əlləri açıldı. Azərbaycana qarşı açıq təcavüz müharibəsinə, siyasətinə bütün gücü ilə dəstək verməklə, Azərbaycanın müstəqilliyini qanda boğmaq, Azərbaycanı param-parça etmək siyasəti başlatdı. Azərbaycanın Cənub-Qərbində yerləşən Qarabağ bölgəsinə ermənilərin iddiasını Rusiya bütün gücü ilə tətikləməyə başladı, dəstək verdi, Ermənistanı silahlandırdı və Ermənistana milyardlarla dollarlıq silah-sursatı bəxşiş kimi verdi. Çünki Moskva istəyirdi ki, Azərbaycanı öz iradəsinə tabe etsin, ermənilərin əli ilə Azərbaycanın müstəqilliyini, azadlığını qanda boğsun. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini qazanandan sonra (bərpa edəndən) Kreml hakimiyyəti ölkəmizin başına olmazın müsibətlər, fəlakətlər gətirirdi. Kreml bütün gücü ilə Ermənistanın işğalçılıq müharibəsində birbaşa iştirak edərək ona yardım etdi. Azərbaycanın ərazilərinin, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayətindən” kənarda olan torpaqlarının işğalında Rusiya hərbiçiləri, ayrı-ayrı hərbi bölmələri birbaşa iştirak edirdilər. Kəlbəcərin, Şuşanın, Laçının, düzən (aran) Qarabağın bütün kənd və şəhərlərinin işğalında Rusiya birbaşa iştirak edirdi. Rusiya Azərbaycanın ərazisində üç yerdə - Şimalında, Cənubunda və Cənub-Qərbində separatçı ocaqlar alovlandırmışdı. Azərbaycanın Cənub-Qərbində isə ermənilərin “Miatsum” hərəkatına bütün gücü ilə dəstək verirdi. Kreml hakimiyyəti Azərbaycanın daxilində ermənilərin əlilə terror aktları törədirdi, Azərbaycanda çevrilişlər həyata keçirirdi. Azərbaycanda kürsü davası, vətəndaş qarşıdurması təşkil edən də Rusiya idi. Əgər mərhum Heydər Əliyev Azərbaycana yenidən qayıtmasaydı, Rusiya Azərbaycanı param-parça edəcəkdi. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxmaması üçün hələ Bakı-Tbilisi-Ceyhan layihə formasında olanda onun keçəcəyi bütün yollarda Rusiya ermənilərin, radikal kürd qruplaşmalarının əli ilə terror aktları törətmək istəyirdi. Rusiya Azərbaycana qarşı əlindən gələn bütün pislikləri edirdi. Çünki Kreml hakimiyyəti hər zaman Azərbaycana münasibətdə maksimal nankorluq və miqyası bilinməyən nanəciblik edib. Rusiya Azərbaycanı nəinki müstəqil, ümumiyyətlə dövlət kimi görmək istəmirdi. Cənubdan İran, Qərbdən Ermənistan, Şimaldan isə Rusiya Azərbaycanı bir şeytan ilgəyinə salmışdılar”.

M.İsmayılovun bildirdiyinə görə, Kreml hakimiyyəti heç zaman Azərbaycan xalqının müstəqilliyini, azad siyasətini, dövlətçiliyini, torpaq bütünlüyünü qəbul etməyib, bu gün də etmir. M.İsmayılov qeyd etdi ki, Kreml hakimiyyəti hər zaman Azərbaycana qarşı düşmən mövqeyində olub və bu gün də o mövqeni daha aqressiv formada nümayiş etdirir.

M.İsmayılov bildirdi ki, Azərbaycan müstəqillik qazanandan sonra Moskva Azərbaycan xalqının başına çox oyunlar gətirib: “Azərbaycanın Qarabağ bölgəsindən 750 min vətəndaşımızın məcburi köçkün düşməsi, buna qədər isə Sovet Ermənistanından 300 minə yaxın etnik azərbaycanlının deportasiya edilməsi və sair müsibətlərin hamısı Rusiya tərəfindən Azərbaycanın başına gətirilən oyunlar idi. O dövrdə Azərbaycanı param-parça etmək istəyirdilər. Azərbaycanı İran, Rusiya və Ermənistan öz aralarında bölüşdürmək siyasəti aparırdılar. O dövrdə bizim vəziyyətimiz fövqaladə çətin idi, dövlətin funksional institutları işləmirdi, Azərbaycanın büdcəsi boş idi, ordu quruculuğu, nə yazıqlar olsun ki, yetərincə və lazımu qaydada aparıla bilməmişdi. Yalnız 1994-cü ilin 12 mayında Bişkek protokolu imzalanandan sonra atəşkəs rejimi elan edildi. Bundan sonra Azərbaycan mərhum Heydər Əliyevin rəhbərliyi ilə yenidən qurulmağa başladı. Amma Rusiya bununla kifayətlənmədi və hər zaman Azərbaycana təzyiq etdi”.

M.İsmayılovun sözlərinə görə, Rusiya enerji reurslarının Rusiyadan yan keçməklə dünya bazarına çıxarılmasına müavimət göstərdi, sonra Kreml hakimiyyəti ermənilərin əli ilə Azərbaycanda yüzlərlə terror aktı törətdi. “Çünki Kremlin Azərbaycan türkünə, ümumiyyətlə türk-müsəlman dünyasına patoloji nifrəti var. Bu nifrəti bu gün də Rusiya sürdürür və özünün informasiya potensialının, informasiya “köpəklərinin” gücü ilə Azərbaycana qarşı od püskürdür. Kreml hakimiyyətinin göstərdiyi münasibət ortadadır. Azərbaycanla Ermənistan arasında münasibətlər istiləşməyə başlayıb, nizamlanma prosesi gedir. “Ağ Ev”də memorandum imzalanıb və 17 maddə üzrə konsensusa gəlinmiş sənədlər imzalanıb, paraflanıb. Rusiyanın aqressiyası həndəsi silsilə ilə artmağa başlayıb. Bu gün də Rusiya həmin vəhşilikləri törədir, heç bir beynəlxalq qanuna, insanlıq qanunlarına, dinc yanaşı yaşamaq prinsiplərinə sığmayan, uyğun olmayan vəhşilikləri törədir, Azərbaycana qarşı şərləmə, qarayaxma kampaniyası aparır”.

M.İsmayılov vurğuladı ki, Kreml hakimiyyətinin türk nifrəti özünü Qazaxıstanda, Özbəkistanda və digər türk respublikalarında da göstərib. O qeyd etdi ki, qardaş Qazaxıstanda 3 milyon 500 min qazax türkü bolşeviklərin və daşnakların əli ilə acından öldürülüb, güllələnib. M.İsmayılovun sözlərinə görə,Özbəkistanda ermənilər və bolşeviklər tərəfindən 5 milyon 600 min özbək, türkmən, qırğız türkü qətlə yetirilib: “Cənubi Azərbaycanın ərazisində yüz minlərlə Azərbaycan türkü öldürülüb. Quzey Azərbaycanın ərazisində 2 milyona yaxın Azərbaycan türkü Rusiyanın dəstəklədiyi erməni daşnaklarının əlilə kütləvi şəkildə qətlə yetirilib. Bütün bunlar hər zaman Kreml hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. Ona görə də bizim Rusiyaya nə qədər müsbət münasibət göstərməyimizdən asılı olmayaraq, Rusiya ilə konstruktiv müstəvidə əməkdaşlıq çabalarımız nəzərə alınmadan Azərbayana qarşı Moskva tərəfindən nifrət püskürülür. İndi də Rusiyanın ərazisində etnik azərbaycanlılara qarşı edilən vəhşiliklər, Ukraynanın ərazisində Azərbaycanın enerji infrastrukturuna vurulan raket və dron zərbələri göstərir ki, Moskva 1826-1828-ci, 1905-1907-ci, 1917-ci illərdəki xislətindən 1 millimetr də geri çəkilməyib”.

İradə SARIYEVA

Chosen
69
baki-xeber.com

1Sources