EN

Botoks və dolğu etdirənlərə xəbərdarlıq: Ciddi risk yaradır

"Bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur".

Sitat.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır.

"Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir.

Vətəndaşlara tövsiyə olunur ki, yalnız dövlət qeydiyyatlı məhsullardan istifadə edən klinikalara müraciət etsinlər, sosial şəbəkələrdə reklam olunan ucuz prosedurlara qarşı ehtiyatlı olsunlar, istifadə edilən preparatın adını, istehsalçı ölkəsini, uyğunluq sertifikatını və qeydiyyat vəsiqəsini tələb etsinlər. Çünki qanunsuz və qeyri-peşəkar prosedurlar sağlamlığınıza ciddi ziyan vura bilər.

Vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı nazirliyin Analitik Ekspertiza Mərkəzinə ​“Bir pəncərə” sektoru, qaynar xətta zəng edərək: (012) 596 05 20 yaxud [email protected] ünvanına yazaraq məlumat verə bilərlər. Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir", - müraciətdə bildirilib.

Chosen
34
14
sitat.info

10Sources