“Levski”nin baş məşqçisi Xulio Velaskes Avropa Konfrans Liqasının 3-cü raundunun “Sabah”la cavab oyunundan öncə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan komandaları arasındakı ilk qarşılaşma ötən həftə Sofiyada keçirilib və “Levski”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandaların cavab görüşü isə sabah Masazırda baş tutacaq. Xulio Velaskes bu gün keçirilmiş mətbuat konfransında Bakıya qələbə üçün gəldiklərini söyləyib:
“İlk oyunda son dəqiqə qolu ilə qələbə qazandıq. Rəqibə hörmətlə yanaşırıq. Çətin görüş olacaq. Qələbə seriyamızı davam etdirmək istəyirik. “Sabah” yaxşı komandadır. Heyətlərində keyfiyyətli futbolçular var.
Əsas məqsədimiz meydanın özümüzə aid olan hissəsində topa sahib olmaqdır. Çalışacağıq ki, rəqib komandanı meydanın özlərinə aid olan hissəsində saxlayaq. Sabahkı matçda daha sürətli oyuna şahidlik edəcəksiniz”.
“Levski”nin yarımmüdafiəçisi Qasper Trdin də Bakıdakı oyuna ciddi hazırlaşdıqlarını söyləyib:
“Baş məşqçimizin bütün tapşrıqlarını yerinə yetirməyə çalışacağıq. İnanırıq ki, Bakıdakı matçda da qələbə bizimlə olacaq. Sabahkı görüşə 100 faiz hazırıq”.
Xatırladaq ki, “Masazır Arena”da keçiriləcək “Sabah” – “Levski” matçına saat 20:00-da start veriləcək.