Bakı, 14 avqust, AZƏRTAC
Paytaxt sakininin Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən 1100 manat dəyərində qol saatı və mobil telefonu oğurlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı S. Abiyev tutulub.
Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə qadın vətəndaşın dələduzluq yolu ilə bank kartından 1500 manat ələ keçirən 30 yaşlı X. Əskərov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən 200 manat, 800 manat dəyərində lotereya biletləri və tütün məmulatları oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 30 yaşlı N. Nəcəfzadə müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.