EN

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri telefonla danışıblar

Avqustun 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Qazaxıstanın xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı Azərbaycanla ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində qazanılmış nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluqlarını bildirib, ölkələrimiz arasında baş tutan ali və yüksəksəviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.

Azərbaycanın və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, yaxın aylarda keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Chosen
37
32
xalqqazeti.az

10Sources