“HRENGINEERING” MMC menecment, liderlik və digər mövzularda təlimlər, beynəlxalq tədbirlər təşkil edən Türkiyənin “SAHARA GROUP” şirkəti tərəfindən bu ilin sentyabrında keçiriləcək “Executive Leadership & AI Transformation Summit”in Azərbaycan üzrə rəsmi tərəfdaşı və təmsilçisi seçilib.
Müəssisə və təşkilatların yuxarı rəhbər heyətini, strateji qərarvericilərini bir araya gətirən Sammit sentyabrın 8-dən 10-dək İstanbulun “Barcelo” hotelində keçiriləcək. “Süni intellektin liderlikdə rolu” mövzusuna həsr olunmuş Sammitdə Əlcəzair, Qətər, Fransa, Türkiyə və digər ölkələrdən sahə üzrə peşəkar mütəxəssislər çıxış edərək, öz təcrübə və biliklərini bölüşəcəklər.
Sammit çərçivəsində iştirakçılar üçün İstanbulun müxtəlif tarixi və mədəni məkanlarına ziyarətlər təşkil olunacaq.
Tədbirdə iştirak edən müəssisə və təşkilat rəhbərləri, həmçinin strateji qərarvericilər süni intellektin liderlik və təşkilati transformasiyada yaratdığı imkanlar, onların iş dünyasına təsiri, bu imkanlardan idarəetmədə istifadə yolları barədə tövsiyələr əldə edəcəklər. Bununla yanaşı, proqram çərçivəsində rəqəmsal transformasiya strategiyaları, generativ AI texnologiyalarının biznesdə tətbiqi, etik və hüquqi aspektlər barədə maarifləndirici çıxışlar olacaq.
Əlavə olaraq qeyd edirik ki, iştirakçılar qlobal liderlərlə şəbəkələşmə, müxtəlif sənaye sahələrindən uğurlu süni intellekt nümunələri ilə tanışlıqdan, peşəkar inkişafdan və əməkdaşlıq imkanlarından yararlanacaqlar.
Tədbirin təşkilatçısı Azərbaycan üzrə yeganə təmsilçi “HRENGINEERING” MMC vasitəsilə qeydiyyatdan keçən Azərbaycan vətəndaşlarına xüsusi endirimli iştirak haqqı təklif edir.
Qeydiyyat və ətraflı məlumat üçün +99410 260 11 16 telefon nömrəsi və ya [email protected] e-mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd edək ki, “HRENGINEERING” MMC insan resursları, karyera inkişafı, HR sistemlərinin qurulması, təşkilati transformasiya, layihə idarəetməsi, proseslərin avtomatlaşdırılması və outsource xidmətləri sahəsində ixtisaslaşmış yerli şirkətdir. “HR Forum Baku” və “HR Summit Baku” tədbirlərinin müəllifi olan şirkət innovativ yanaşmaları və strateji həlləri ilə seçilir.