EN

“Bizə qarşı hər hücuma "güzgü prinsipi" ilə cavab verəcəyik" - Tofiq Zülfüqarov

"Ötən gün K.Kotrikadzenin apardığı "Dojd" verilişində iştirakım bir daha göstərdi ki, Rusiyanın təbliğat prosesində Rusiya-Azərbaycan böhranının əsas səbəbləri dilə gətirilmir".

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Keçmiş XİN başçısı bildirib ki, Rusiyanın təbliğatında iddia olunur ki, "Rusiyanı Cənubi Qafqazdan çıxarırlar":

"Dərhal sual yaranır ki, kim çıxarır? Azərbaycan? Əlbəttə ki, yox. Çünki bizim “çıxaracağımız” heç nə yoxdur. Bizdə, Ermənistandan fərqli olaraq, nə hərbi bazalar var, nə sərhədçilər, nə də birgə hava hücumundan müdafiə sistemləri var. Ermənistanmı çıxarır? Elə də görünmür, çünki bu barədə hələ rəsmi açıqlama olmayıb. Bəs onda niyə rus təbliğatçıları bizə hədə-qorxu gəlir? Başqa bir iddia odur ki, "Azərbaycanda Rusiya ilə sərhəddə NATO hərbi bazası yaradılır". Bu da tamamilə məntiqsiz və gecikmiş bir ittihamdır. Hamıya yaxşı məlumdur ki, hələ 1990-cı illərin əvvəllərindən Rusiya Federasiyası Ermənistanın rəsmi və hüquqi müttəfiqi olub. Azərbaycan isə bu təhdidləri neytrallaşdırmaq üçün Türkiyə ilə hərbi müttəfiq olub. Bu münasibət çoxsaylı ikitərəfli sənədlərdə, o cümlədən “Şuşa Bəyannaməsi”ndə təsbit edilib. Rusiya bunu bilirdi və hətta Rusiya prezidenti də bəyan etmişdi ki, Azərbaycanın suveren seçimi SSRİ-nin dağılmasının nəticəsidir. Deməli, Rusiya rəhbərliyi Azərbaycanın NATO üzvü olan bir ölkə ilə müdafiə ittifaqı qurmasını, iki ölkə arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasına maneə hesab etməmişdi. Bəs indi niyə bu qədər isteriya yaranıb? Niyə anti-Azərbaycan kampaniyasında xarici siyasət sahəsində açıqlama verməyə səlahiyyətli rəsmi Rusiya strukturları iştirak etmirlər? Onların əvəzində təzyiq güc strukturları və hökumətyönlü təbliğatçılar səviyyəsində həyata keçirilir. Belə çıxır ki, “Kreml qüllələri” bu məsələdə yekdil deyil, yoxsa onlara "fərqli" Putin təlimat verir?". 

T.Zülfüqarov əlavə edib ki, bir sıra nüanslar göstərir ki, bu təzyiq kampaniyasının məqsədi ya Azərbaycan ictimaiyyətinin yüksək konsolidasiyasını pozmaq, ya da onu qorxutmaqdır: 

"Amma eyni zamanda münasibətləri daha stabil vəziyyətə qaytarmaq üçün ehtiyat mövqelər saxlanılır. Bu isə hələlik kölgədə qalan, yaxud “qarşıdurmadan kənarda” dayanan strukturlar vasitəsilə baş verəcək. Azərbaycanın taktiki xətti müəyyən edilib. Bizə qarşı hər hücuma "güzgü prinsipi" ilə cavab verəcəyik. Ta ki, bu, Rusiya tərəfinin bezməsinə qədər..".

Chosen
7
2
herbiand.az

3Sources