EN

“Qarabağ”la oyunlar komandaya dərs oldu” –“Şkendiya”nın sabiq baş məşqçisi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Şimali Makedoniyanın “Şkendiya” komandasının sabiq baş məşqçisi Bruno Akrapoviç AZƏRTAC-a müsahibə verib.

Bosniya və Herseqovinadan olan mütəxəssislə müsahibəni təqdim edirik:

– Sabiq komandanız “Şkendiya” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq (ümumi hesab 1:6) mübarizəni dayandırdı. Bu barədə nə deyə bilərsiniz?

– Açığı, hər iki oyunu çox izləmək fürsətim olmadı. Sonradan icmallara baxdım. Əvvəldən hər kəsə məlum idi ki, “Qarabağ” cütün favoritidir, güclü komandadır. Heyətində keyfiyyətli futbolçuları var. Azərbaycan çempionu ilə matçlar “Şkendiya” üçün dərs oldu. Ümid edirəm ki, onlar növbəti qarşılaşmalarda daha yaxşı oynayar, səhvlər etməzlər.

– Bu matçlarda “Qarabağ”ın heyətində hansı futbolçuları fərqləndirərdiniz?

– Dediyim kimi, “Qarabağ”ın heyətində keyfiyyətli yerli və legioner oyunçular var. Onlardan Kevin Medina, Leandro Andrade və Nəriman Axundzadəni qeyd edərdim.

– Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə üz-üzə gələcək. Şansları necə qiymətləndirirsiniz?

– Mən “Ferensvaroş”un “Ludoqorets”lə ilk görüşünü izləmişdim. Düzdür, oyun qolsuz heç-heçə ilə başa çatsa da, macarlar yaxşı mübarizə aparmışdılar. “Qarabağ” üçün çətin rəqibdir. Lakin mümkünsüz heç nə yoxdur. Fikrimcə, komandanız Liqa mərhələsinə yüksələ bilər.

– 2016-cı ildə Şimali Makedoniya klubunda işlədiyiniz dönəmdə Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşmışdınız. Həmin görüşlər xatirinizdə necə qalıb?

– Bəli, çox yaxşı xatırlayıram. “Neftçi”nin həmin dövrdə heyətində gənc futbolçular çoxluq təşkil edirdi. Özü də hamısı keyfiyyətli oyunçular idi. Hər iki qarşılaşmada şanslar bərabər idi. Sonda bəxt bizim tərəfimizdə oldu və qalib gəldik.

– Maraqlıdır, indiyədək Azərbaycan klublarından təklif almısınız?

– İki-üç il əvvəl menecer vasitəsilə Azərbaycan klublarına təklif olunmuşdum.

– Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?

– Birinci növbədə “Qarabağ”ın baş məşqçisi, veteran futbolçu Qurban Qurbanovun adını qeyd edərdim. Hazırda onun komandasında oynayan Bədavi Hüseynov və Bəhlul Mustafazadə mənə tanış futbolçulardır. Bundan başqa, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov haqqında da məlumatım var.

AzPost.az

Chosen
18
4
azpost.info

5Sources