EN

“Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam”

"Bilirsiz ki, son dünya medalım elə 2022-ci ildəki dünya çempionluğum olmuşdu. Ondan sonra nədənsə dünya çempionatlarında nəticə qazana bilməmişəm. Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam. Bunu çox istəyirəm".

90deqiqe.Az xəbər verir ki, bu sözləri Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova federasiyanın rəsmi saytına müsahibəsində U-20 dünya çempionatına hazırlığı dəyərləndirərkən deyib.

66 kiloqram çəkidə mübarizə aparan idmançı hazırlıqların yaxşı getdiyini bildirib: “Artıq təlim-məşq toplantısının ikinci həftəsindəyik. İndi daha yüngül məşq edirik. Çünki yarışa az qalıb. Daha çox funksional hazırlıq və dözümlülük üzərində çalışıram. Özümü yaxşı hiss edirəm. Nə qədər hazır olduğumu yarış göstərəcək. Bilirsiniz ki, dünya çempionatı çox çətin keçir. Asiya və Amerika qitəsindən güclü güləşçilər var. Avropadan da rus rəqibimi qeyd edə bilərəm. Hər yarışdan qabaq Dünya Güləş Birliyinin saytını gözdən keçirirəm. Əsas rəqib gördüyüm və ya kimlə qarşı-qarşıya gəlmə ehtimalım varsa, hamısının keçirdiyi görüşlərə bir-bir baxıram. Olduqca çətin yarış keçəcək. İnanıram ki, öhdəsindən gələcəyik”.

O, dizlərində zədə olduğunu söyləyib: “Problem həmişə var. Dizlərimdə ağır zədə var. İnşallah, yarışlardan sonra əməliyyat olunmağı fikirləşirəm. Hələ ki, bu ağrıya dözərək, məşqə davam edirəm”.

Üç il əvvəl U-17 Avropa və dünya çempionu olan idmançı, bu il eyni nəticəni U-20-də təkrarlamaq istədiyini deyib: “Ümid edirəm ki, alınar. Alınmağını istəyirəm. Bilirsiniz ki, dünya çempionatında son medalım elə 2022-ci ildəki yarışda olmuşdu. Ondan sonra nədənsə dünya çempionatlarında nəticə qazana bilməmişəm”.

Güləşçi gələcəkdə hansı çəki kateqoriyasında çıxış edəcəyi barədə sualı da cavablandırıb: “Çəki baxımından konkret bir şey deyə bilməyəcəyəm. Çünki bəzən müəyyən səbəblərə görə çəkim artır, eyni qalmır. Karyerama 62, 65 və ya 68 kiloqramda davam edə bilərəm. Bu, gələcəkdə hansı fiziki durumda olmağımdan asılıdır”.

Qeyd edək ki, U-20 dünya çempionatı avqustun 17-dən 24-dək Bolqarıstanın Samokov şəhərində keçiriləcək.

Chosen
38
7
90deqiqe.az

10Sources