İngiltərənin “Midlsbro” klubunun mərkəz müdafiəçisi Rav van den Berq bundan sonra “Köln”ün uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Bundesliqa təmsilçisi bu transferi 8 milyon avroya rəsmiləşdirib. 21 yaşlı niderlandlı müdafiəçi yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalayıb.
Van den Berq yeni klubunun rəsmi saytına transferi ilə bağlı bunları söyləyib:
“Köln”ə qoşulduğum üçün çox xoşbəxtəm. Komandaya uğurlu nəticələr qazanmaq üçün kömək etmək istəyirəm. Bundesliqa – mənim üçün yeni çağırışdır. Mən də bu çempionatda öz qiymətimi göstərmək istəyirəm”.
Rav van den Berq Niderlandın “Zvolle” klubunun yetirməsidir. O, 2023-cü ilin yayında azad agent kimi qoşulduğu “Midlsbro”nun heyətində bütövlükdə 66 oyuna çıxıb və 1 qola imza atıb.
Niderlandın U-15, U-16, U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış Van den Berqə əsas millidə debüt qismət olmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.


