EN

Skandinaviya alov içində: Anomal istilər iqlimi dəyişir...

Norveç, İsveç və Finlandiyada rekord istilər fəlakətli nəticələrə səbəb olur...

Poliqon xəbər verir ki, adətən sərin iqlimə öyrəşmiş Norveç, İsveç və Finlandiya ötən həftə anomal istilərlə üzləşib. Finlandiyada temperatur 30 °C-dən yuxarı 22 gün ardıcıl olaraq davam edib ki, bu da rekord göstəricidir. İsveçdə isə 10 gün ərzində gecələr termometr 20 °C-dən aşağı düşməyib.

Alimlərin sözlərinə görə, qlobal istiləşmə — xüsusilə də neft, qaz və kömür kimi yanacaq növlərinin yandırılması — belə ekstremal hava hadisələrinin ehtimalını ən azı 10 dəfə artırıb və temperaturu 2 °C yüksəldib. Bəzi iqlim modelləri göstərib ki, insan təsiri olmasa, bu qədər güclü istilər ümumiyyətlə mümkün olmazdı.

İstilərin nəticələri geniş miqyasda hiss olunur. Xəstəxanalar dolub, hətta bəziləri planlı əməliyyatları təxirə salıb. Çimmə zamanı boğulma halları artıb — 60-dan çox insan həyatını itirib. Dənizlərdə və göllərdə zəhərli yosunların sürətlə yayılması müşahidə olunur. Meşələrdə yüzlərlə yanğın baş verib, bayram tədbirlərində insanlar huşunu itirib. 2018-ci ilin güclü isti dalğasında İsveçdə 750 nəfər həlak olmuşdu və ekspertlər bu il də oxşar rəqəmlərin ola biləcəyini bildirirlər.

Vəhşi təbiət də zərər görür. Şimal maralları şəhərlərdə kölgə axtarır, bəziləri isə istidən tələf olur. Sürücülərə xəbərdarlıq edilir ki, marallar hətta avtomobil tunellərinə belə girə bilərlər.

Anomal istilər təkcə Skandinaviyada deyil, bütün Şimal yarımkürəsində hiss olunur — Böyük Britaniyadan İspaniya və Xorvatiyaya qədər. Xorvatiyada meşə yanğınları son 20 ilin orta göstəricisinə nisbətən iki dəfə çox insanın ölümünə səbəb olub. Oxşar hallar ABŞ, Yaponiya və Cənubi Koreyada da müşahidə edilir.

Alimlər vurğulayırlar ki, fosil yanacaqların yandırılması artıq insan həyatını təhlükəyə atır və ekstremal hava şəraitini gücləndirir. Riskləri azaltmaq üçün bərpa olunan enerji mənbələrinə keçid vacibdir. Əks halda, qlobal istiləşmə 2,6 °C-yə çatarsa, əsrin sonuna qədər belə istilər beş dəfə daha çox baş verəcək.

Poliqon.info

Chosen
86
27
poliqon.info

10Sources