EN

Nə oldu bəs, ağayi Araqçı?

Azərbaycanın “3+3” təklifini “bəyənib” niyə qulaqardına vururdunuz... 

Hamının gözünün qabağında olan faktlardır. Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra bəyan etmişdi ki, rəsmi Bakı “Qafqaz evi”ni qurmaq və möhkəmləndrmək üçün əməkdaşlıqda 3+3 formatını təklif edir. Yəni Cənubi Qafqaza daxil olan Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərinin istənilən problemini regiona dolayısı ilə dəxli olan  Türkiyə, Rusiya və İranın iştirakı ilə həll etmək istəyirdik. 

O zaman Ermənistan bu layihəni yaxına buraxmaq istəmədi. Daha doğrusu, Avropadakı bəzi “ermənistansevərlər” İrəvanı bu təklifə qoşulmağa qoymadılar. Çünki həmin təklifin reallaşdırılması “Avropa missiyası”nın Ermənistana gəlməsini əngəlləyə bilərdi. Gürcüstan bu təklifi bəyənsə də, 2008-ci il hadisələrinə görə Rusiya ilə eyni platformada dayanmaq istəmədi. Rusiya və İran isə Prezident İlham Əliyevin həmin təklifini “bəyəndilər” və büküb qoydular bir tərəfə. Yəni açıq-açığına qulaqardına vurdular. Qaldı, Azərbaycanla Türkiyə. 

Bəs sonra nə oldu?

Rusiya xarici işlər nazirinin Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev dünən Tehranda İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə görüşüb. Bildirilir ki, görüşdə “regionda baş verən son proseslər” müzakirə edilib. Nədir həmin “son proseslər”?  Təbii ki, Ermənistanın öz ərazisində (qədim Azərbaycan torpaqları olan Zəngəzur artıq yüz ildir ki, Ermənistan ərazisi kimi tanınır və rəsmi Bakının həmin əraziyə heç bir iddiası yoxdur) “Tramp yolu”nun çəkilməsinə razılıq verməsi, bununla da Azərbaycanın əsas ərazilərindən Naxçıvana gediş-gəliş yolunun açılması. 

Bu fakt Tehranda və Moskvada çox ciddi narahatlıq yaradıb. İran özü üçün elan etdiyi “qırmızı xətt”in pozulduğunu bildirir, Rusiya isə bu yolun məhz 2020-ci ilin noyabrında imzalanmış sənədə əsasən açılmasını tələb edir. Üstəlik, hər iki paytaxt – Moskva və Tehran Qafqaz regionunda “sabitliyin bərpası və əməkdaşlığın möhkəmləndirilməsi üçün birgə səylərin göstərilməsinə” çağırır. 

İndi sual yaranır: Azərbaycanın mülki təyyarəsinə bilavasitə ordu rəhbərləri tərəfindən verilən əmrlə atəş açılması, zədələnmiş təyyarənin Rusiya hava limanlarından hansınasa eniş etməsinə icazə verilməməsi, hamıya məlum olan bu fakta görə üzr istənilməməsi, əksinə, azərbaycanlı deputatın Rusiya ərazisinə buraxılmaması, həmin ölkədəki Azərbaycan diasporu fəallarına amansızlıqla divan tutulması, öldürülməsi, Kremlə yaxın qüvvələrin xalqımızın və dövlətimizin ünvanına təhdidlər səsləndirilməsi  regionda “sabitliyin bərpası və əməkdaşlığın möhkəmləndirilməsi üçün birgə səylərin göstərilməsinə” xidmət edirmi? 

Yaxud, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra Azərbaycan ərazilərinə gətirilmiş Rusiya “sülhməramlılarının” işğalçı qüvvələrə kömək etməsi, separatçılara İran ərazisindən yanacaq, silah və digər yüklərin daşınmasına göz yumması regionda sabitliyə çağırış idimi? İran diplomatları həmin günlərdə Bakıda Prezident İlham Əliyevin “3+3” təklifini ikiəlli alqışlayır, Tehran rəsmiləri isə Azərbaycan ərazisində hələ də qalan separatçılara dördəlli yardım edirdilər. Bu idimi əməkdaşlığın genişləndirilməsinə xidmət etmək? 

Dünən cənab Abbas Araqçı növbəti dəfə bəyan edib ki, biz moskvalı həmkarlarımızla birlikdə “3+3” əməkdaşlıq formatının icrasına səmimiyyətlə razıyıq.  Mən – heç bir dövlət qurumunun və ya rəsmi təşkilatın nümayəndəsi olmayan sıravi azərbaycanlı cənab Araqçıya xatırladıram ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki il əvvəl Şuşada keçirilən beynəlxalq tədbirdə demişdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi “3+3” əməkdaşlıq formatı region ölkələri üçün təşəbbüsləri əlaqəli şəkildə həyata keçirmək və addımları razılaşdırmaq baxımından əla imkandır.

İranın Zəngəzur dəhlizinin (“Tramp yolu”) açılmasına qarşı olması haqqında fikirləri şərh edən səfir bunun məntiqli olmadığını və İranın bu məsələyə mane olmadığını bildirmişdi. Cənab səfirin həmin çıxışından beş-altı gün sonra isə Tehrandan rəsmi şəkildə xəbər gəlmişdi ki,  Zəngəzur dəhlizi İranın qırmızı xəttidir və biz onun açılmasına imkan verməyəcəyik: “Azərbaycanın Naxçıvanla nəqliyyat əlaqələrinə ehtiyac olduğuna görə biz onlara İran ərazisindən keçməklə yol vermişik”. 

Sonuncu suallar. Əvvəla,  İran rəsmiləri eyni  məsələ haqqında həftədə bir fikir səsləndirirsə, yəni dövlət mənsublarına xas sabitqədəmlik yoxdursa, biz  – sözü imzası qədər qiymətli, dəyərli olan Azərbaycan onlarla  eyni platformada necə fəaliyyət göstərə bilərik? 

İkinci, Rusiya rəhbərliyi 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli sənədin müddəalarını unutdusa, həmin bəyannamənin qüvvədən düşməsinə eyham vuruldusa, onda Azərbaycanın irəli sürdüyü  “3+3” formatı barədə təklif də “qüvvədən düşmüş” ola bilməzmi?

Üçüncü: Əgər bu canfəşanlıq regiona başqa dövlətlərin və ya siyasi qüvvələrin gəlməsinə etiraz əlamətidirsə, onda nə üçün “Avropa İttifaqının missiyası” Ermənistanda at oynadanda Tehran ağzına su alıb dayanırdı?  Yaxud, regonda ABŞ şirkətinin fəaliyyətindən narazısınızsa, bilməlisiniz ki, bunu Azərbaycan yox, sizin İrəvandakı qardaşlarınız ediblər. ABŞ şirkətinin Zəngəzurda  fəaliyyət göstərməsi ilə bağlı sənəd İrəvanla Vaşinqton arasında imzalanıb. Bunun səbəbini gedin qardaşlarınızdan soruşun. 

Azərbaycanın mövqeyinə gəlincə isə bildirməliyik ki, bizə regionda sülh, sabitlik, əmin-amanlıq və ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvana rahat, maneəsiz gediş-gəliş lazım idi. Biz bunlara Rusiyanın köməyi ilə nail ola bilərdik, amma Moskva kömək etmədi. Biz öz məqsədlərimizə İranın dəstəyi ilə də nail ola bilərdik, fəqət Tehran nəinki dəstək vermədi, hətta badalaq gəldi. Amma unutdular ki, heç bir badalaq müasir dünyanın ən uzaqgörən siyasətçilərindən olan İlham Əliyevi öz yolundan döndərə bilməz. Necə ki, döndərə bilmədi. 

Azərbaycan Prezidentinin əzmini, qətiyyətini və ədalətsevərliyini incə detallarınadək dəqiqliklə izləyən Vaşinqton məsələnin həm Azərbaycanla Ermənistanın, həm də özünün maraqlarına cavab verən şəkildə həllinə nail oldu. 

Yəni xub, siz də gedin fikirləşin! 

İttifaq MİRZƏBƏYLİ, 
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının “Humanizm carçısı” mükafatı laueratı 

 

Chosen
18
1
xalqqazeti.az

2Sources