Birmingem şəhərində sakinlərin son iki həftədə quraşdırdığı yüzlərlə Britaniya İttifaqı (Union Jack) və St. George bayraqları Leyborist Partiyasının idarə etdiyi şəhər bələdiyyəsi tərəfindən “təhlükəli” sayılaraq yığışdırılacaq.
Şəhər küçələrində, xüsusilə də cənub-qərb ətraflarında yerləşən və əsasən ağ britaniyalıların yaşadığı bölgələrdə bayraqlar dirəklərə nərdivan və kabellərlə asılıb. Sakinlər bu addımı “tariximizə, azadlığımıza və nailiyyətlərimizə qürurla yanaşdığımızı göstərmək” üçün atdıqlarını bildirirlər.
Lakin bələdiyyə çərşənbə axşamı bəyanat yayaraq, bayraqların hündür dirəklərdə yerləşdirilməsinin piyadalar və sürücülər üçün risk yaratdığını əsas gətirərək, onların yığışdırılacağını açıqlayıb:
“İcazəsiz şəkildə küçə avadanlıqlarına, xüsusilə də işıq dirəkləri kimi hündür obyektlərə bayraq və digər əşyaların bərkidilməsi təhlükəlidir.”
“Britaniya xalqına qarşı hörmətsizlik” – Tənqidlər artır
Bu qərar ictimaiyyətdə və siyasətçilər arasında ciddi narazılıq doğurub. Reform UK Partiyasının deputatı Li Anderson bildirib:
“Bu, Britaniya xalqına qarşı açıq hörmətsizlikdir. Biz bayrağımızı qürurla dalğalandırmalıyıq. Əgər hər hansı seçilmiş şəxs milli və ya ingilis bayraqlarının yığışdırılmasını, azadlığın məhdudlaşdırılmasını dəstəkləyirsə, o, vəzifəsindən kənarlaşdırılmalıdır.”
Kritiklər xatırladır ki, şəhərdə Fələstin bayraqları uzun müddətdir asılı qalır və bu məsələyə rəsmi qurumlar belə həssaslıq göstərməyib. Qeyd edək ki, Birmingem əhalisinin 29.9%-i müsəlmandır.
“İctimai narazılıq və ya iğtişaşlar ola bilər”
Sakinlər bələdiyyənin bu addımının gərginliyə səbəb ola biləcəyindən narahatdır. Keçmiş polis əməkdaşı Heyli Ovens bildirib:
“Əgər bu bayraqları yığışdırsalar, ciddi qarşıdurmalar, hətta iğtişaşlar ola bilər. Artıq britaniyalı olduğumuz üçün üzr istəməkdən bezmişik. Bu bayraqlar cəmiyyətə çox müsbət təsir edib, insanlarda birlik hissi yaradıb.”
“Weoley Warriors” adlı yerli sakin qrupu 2,500 funt sterlinq ianə toplayaraq bayraqları quraşdırıb və bildirib ki, bələdiyyə tərəfindən çıxarılan hər bir bayraq yenidən yerinə asılacaq.
Qrupun sözçüsü deyib:
“Bizdən heç bir zorakılıq gözlənilmir. Bu yalnız sülh və qürur məsələsidir. Amma insanlar özlərini kənara atılmış hiss edəndə, nəticələr nə ola bilər, demək çətindir.”
Tarixi qürur və icma birliyi
Tarixçi Dr. İnqram vurğulayıb ki, bu bayraqlar “əməkçi sinifdən olan kiçik bir icmanın milli qürurunu və birliyini yenidən dirçəltdi.” O, bayraqların insanlarda birlik hissini artırdığını və şəhər rəhbərliyinin bu hissə hörmət etməli olduğunu bildirib.
Hökumətdən reaksiya
Britaniya hökuməti isə ümumilikdə bayraqların asılmasını dəstəkləyən mövqe sərgiləyib və bildirib:
“Bayraqlar bizim tariximizi və ənənələrimizi qeyd etməyin mühüm hissəsidir. Yerli bələdiyyələr qərar qəbul edərkən sakinlərin təhlükəsizliyini əsas götürərək sağlam düşüncə ilə hərəkət etməlidir.”
Bayraqlar niyə çıxarılır?
Birmingem Şəhər Şurası isə bayraqların çıxarılmasının səbəbini yalnız təhlükəsizliklə deyil, həm də lampaların LED işıqlarla modernləşdirilməsi proqramı ilə izah edir. Şura qeyd edir ki, bu proqram yalnız dirəklər üzərində heç bir əlavə obyekt olmadıqda həyata keçirilə bilər.
Birmingemdə milli bayraqların çıxarılması qərarı yerli əhalinin, müxalif siyasətçilərin və ictimaiyyətin ciddi etirazına səbəb olub. Bu hadisə yalnız bir şəhərin daxili məsələ kimi görünə bilər, lakin əslində o, Böyük Britaniyada milli simvollara münasibət, azadlıq və kimlik məsələlərinin gündəmdə olduğunu göstərir.