EN

"Moskva Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları məsələsini gündəmdə saxlamaqda maraqlıdır" - ŞƏRH

"Moskva Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları məsələsini gündəmdə saxlamaqda maraqlıdır" - ŞƏRHRusiya baş nazirinin müavini Aleksey Overçuk gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsini müzakirə edəcəyini bildirib.

Aleksey Overçuk bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, görüşün Rusiyada baş tutacağını bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilkin sülh razılaşması imzalayıblar. Razılaşma beynəlxalq nəqliyyat marşrutunun - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) açılmasını da ehtiva edir.

Politoloq Tural İsmayılov məsələni Sonxeber.az -a şərh edib:

"Rusiya Baş nazirinin müavini Aleksey Overçukun açıqlaması göstərir ki, Moskva Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları məsələsini gündəmdə saxlamaqda maraqlıdır. Bu mövzu əslində son illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında əsas danışıqlar gündəmini təşkil edən məsələlərdən biridir. Overçukun görüşün Rusiyada baş tutacağını deməsi Moskvanın proseslərdə vasitəçilik mövqeyini qorumağa çalışdığını göstərir. Lakin Vaşinqtonda imzalanan ilkin sülh razılaşması fonunda Rusiyanın təşəbbüsünün hansı real çəkisi olacağı sual altındadır. Çünki TRIPP marşrutu artıq beynəlxalq himayə və ABŞ təşəbbüsü ilə gündəmə gətirilib. Bu marşrutun açılması Cənubi Qafqazın geoiqtisadi xəritəsini ciddi dəyişdirə bilər. Rusiya isə istəmir ki, regiondakı strateji nəqliyyat dəhlizləri yalnız Qərbin nəzarətində formalaşsın. Moskva üçün bu proses həm iqtisadi, həm də siyasi nüfuz məsələsidir. Azərbaycan üçün isə kommunikasiyaların açılması iqtisadiyyatın şaxələndirilməsi və tranzit imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir. Ermənistan da blokadadan çıxmaqla iqtisadi nəfəs almaq niyyətindədir. Amma burada əsas sual – marşrutun təhlükəsizliyinin kim tərəfindən təmin ediləcəyi məsələsidir. Vaşinqtonun təşəbbüsündə Qərb şirkətləri və beynəlxalq müşahidə mexanizmləri nəzərdə tutulur. Çünki Azərbaycan üçün marşrutun tam suveren nəzarət altında olması prioritetdir. Moskva ilə Bakının görüşündə əsas müzakirə mövzusu məhz bu nəzarət məsələsi olacaq".

Chosen
27
sonxeber.az

1Sources