EN

Nazirlik rəsmisi: Qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron nömrələnməsinin və nişanlanmasının digər şəhərlərdə də həyata keçirilməsi nəzərdə tutulur

Bakı, 15 avqust, AZƏRTAC

Qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron şəkildə nömrələnməsi və nişanlanmasına ilk dəfə pilot layihə olaraq Gəncə şəhərindən başlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, bu tədbir Rəqəmsal Ekologiya İnformasiya Sisteminin (REİS) tərkib hissəsi olaraq həyata keçirilir, lakin quru ağacların nişanlanması sahəsində bu yanaşma ilk dəfə pilot layihə olaraq Gəncədə tətbiq edilir.

İradə İbrahimovanın sözlərinə görə, ağaclarda nişanlar üzərində QR kod yerləşdirilib və hər bir ağac haqqında məlumat www.agac.az saytında ictimaiyyətə açıq şəkildə təqdim olunur: “Bu prosesin məqsədi yaşıllıqları qorumaq, şəhərin ekoloji tarazlığını bərpa etmək və payız mövsümündə yeni ağacların əkilməsini təmin etməkdir. Bu mexanizm həm şəffaflığı, həm də ictimai nəzarəti təmin edir. Layihənin əsas məqsədi də şəhərdə və ümumilikdə ölkə ərazisində ağacların mühafizəsinin təmin olunması, şəffaflıq və ictimai nəzarətin gücləndirməsidir”.

Mətbuat katibi onu da qeyd edib ki, bu pilot layihə ağacların mühafizəsi baxımından böyük əhəmiyyətə malikdir və gələcəkdə digər şəhərlərdə də tətbiq olunması nəzərdə tutulur.

 

Chosen
51
12
azertag.az

10Sources