EN

Nazir Məcnun Məmmədov Şərurda vətəndaşları qəbul edib, fermer təsərrüfatları və emal müəssisələrinə baş çəkib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov avqustun 15-də Şərur rayon icra hakimiyyətinin inzibati binasında Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirlik xəbər verir ki, qəbuldan öncə nazir Məcnun Məmmədov və Şərur rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunması, torpaq sahələrinin icarəyə verilməsi, işlə təminat, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə olunması, damazlıq heyvanların lizinqi və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir Məcnun Məmmədov qəbuldan sonra Əliabad qəsəbəsində süd və süd məhsullarının istehsalı ilə məşğul olan “D-Adlı Qaymaq” MMC-nin fəaliyyəti ilə maraqlanıb, Babək rayonun Hacıvar kəndində quş əti istehsalı üzrə ixtisaslaşmış müəssisəyə baş çəkib, Şərur rayonunun Arpaçay kəndində fermer Yaqub Tağıyevin istixana təsərrüfatına, Cəlilkənd kəndində fermer Abdulla Abdullayevin əkin sahələri və soyuducu anbarına baş çəkib. Təsərrüfatlarda keçirilən görüşlər zamanı fermerlərə aqrar sahəyə dövlət maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib, görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.  

Chosen
21
6
xalqqazeti.az

7Sources