EN

"AZAL-ın təyyarəsi qəsdlə vurulmayıb" - Kompensasiya ödəməyə Rusiyanın pulu yoxdur?..


Azər Həsrət: “Azərbaycan Prezidenti Rusiyaya təkrar şans verib, bu səfər də onlar şansı dəyərləndirməsələr, artıq…”

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib. Dövlət başçısı, müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb.

Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür: “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”.

Prezidentin məlum fikrindən də bəlli olur ki, Azərbaycanın tələbləri bu qədər sadə və normaldır Belə olduğu halda, Rusiya bunları niyə icra etmir? Təyyarənin qəsdən vurulmadığı deyilir. Belə olan halda kompensasiyanın ödənilməsi və günahkarın cəzalandırılması Rusiya üçün niyə problemə çevrilir?

“Rusiya rəhbərliyi bu münasibəti dəyərləndirə bilmir, bu da ondan xəbər verir ki, onların dövlət ağlı yetərli səviyyədə deyil”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyev məlum hadisənin qəsdən törədilmədiyini deməklə Rusiyaya sifətini qorumaq üçün imkan tanıyır: “Xatırladım ki, həmin hadisədən bir neçə gün sonra ölkə başçısı geniş müsahibə verəndə orda da “düşünmürük ki, təyyarəmiz qəsdən vurulub” deyə bildirmişdi. İlham Əliyev bununla Rusiyaya münasibətləri qorumaq üçün şans tanıyır. Təəssüflər olsun ki, Rusiya bu xoşməramlı şansı dəyərləndirə bilmir. Bu da Rusiyada dövlət ağlının yerində olmamasından irəli gəlir. Bəzən dövlətlər arasında qəsdən törədilən cinayətlər də olur. Ağıllı liderlər münasibətləri qorumaq, gərginliyi aradan qaldırmaq üçün güzəştli fikirlər səsləndirə bilirlər. İlham Əliyev məsələyə dövlət ağlı ilə yanaşıb, münasibət bildirib. Təəssüf ki, Rusiya rəhbərliyi bu münasibəti dəyərləndirə bilmir. Bu da ondan xəbər verir ki, onların dövlət ağlı yetərli səviyyədə deyil. Ona görə də Azərbaycan Prezidenti Amerikanın nüfuzlu mediasına verdiyi müsahibədə mövqeyini təkrarlayıb, Rusiyaya təkrar şans verib. Bu səfər də onlar şansı dəyərləndirməsələr, artıq Rusiyanın dövlət ağlı olmayan şəxslər tərəfindən idarə olunduğu qənaətinə tam şəkildə gəlinəcək. Bunun başqa adı yoxdur”.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Günel CƏLİLOVA

Chosen
19
baki-xeber.com

1Sources